24 avqust 2024 11:17
368

Demokrat Kennedi Trampı dəstəkləyəcək

ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkiləri üçün geri sayım davam edərkən, prezidentliyə müstəqil namizəd kiçik Robert Kennedi Feniksdə keçirdiyi mətbuat konfransında yarışdan çəkildiyini açıqladı.

“İki sahil”in məlumatına görə, o, çıxışının əvvəlində, əslində demokrat olduğunu, lakin partiyanın istiqaməti və praktikasına görə ötən ilin oktyabr ayında partiyanı necə tərk etdiyini və niyə müstəqil olaraq yarışa girməyə qərar verdiyini izah edib.

ABŞ-ın, xüsusi ilə Ukrayna müharibəsi kimi "sonsuz müharibələrə" girməsinə qəti şəkildə qarşı olduğunu vurğulayan Kennedi, Trampın bu müharibəni sona çatdırmaqda qərarlı olduğunu ifadə edərək, "Tramp prezident seçiləcəyi təqdirdə müharibəni bitirmək üçün Rusiya prezidenti Vladimir Putinlə danışıqlara bərpa edəcəyini deyir. Təkcə bu, onun kampaniyasını dəstəkləməyimi qanuniləşdirməyə kifayət edir”, - deyib.

Kennedi bildirib ki, Rusiya-Ukrayna müharibəsinə xərclənən pul ABŞ-da məktəblərdə “sağlam olmayan məhsullarla qidalanan” uşaqları daha sağlam qida məhsulları ilə təmin etmək üçün xərclənməlidir.

Prezidentlik kampaniyasını tamamilə bitirmədiyini, əksinə, təxirə salaraq seçkilərdə Trampı dəstəklədiyini ifadə edən Kennedi, Trampın seçkilərdə qalib gələcəyi təqdirdə ölkənin “Öncə Amerika” şüarı ilə toparlanacağını, iqtisadi cəhətdən daha müstəqil və firavan olacağını vildirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”