26 avqust 2024 16:55
454

Nar ixrac edilən ölkələrin sayı artacaq - AÇIQLAMA

"Hazırda nar bağlarında yekun aqrotexniki qulluq prosesləri gedir. Ümumilikdə hava şəraiti ilə bağlı bəzi yerlərdə sel və digər yağıntı fəsadları özünü göstərib. Narçılığın geniş yayıldığı coğrafi ərazilərdə də biz bunu müşahidə edirik.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov bildirib. 

Bu ilin ilk 6 ayında ümumi nar ixracı 3651.41 ton olub

F.Qaraşov məlumat verib ki, bu ilin ilk 6 ayında ümumi nar ixracı 3651.41 ton olub: “2023-cü ildə 187.000 ton nar istehsal edilib, bunun 28.628 tonu ixrac edilib. Rusiyaya 24 min 313 ton, Ukraynaya 1 min 764 ton, Gürcüstana 1 min 671 ton, Qazaxıstana 441 ton, Belarusa 368 ton nar ixrac edib. Lakin 2024-cü il üçün istehsalla bağlı hələ ki, bir məlumat verilə bilməz, çünki yığım prosesi sentyabrın sonu, oktyabrın ilk on günlüyündə başlayacaq və məhsuldarlıqdan asılı olaraq davam edəcək. Gələn ilin yanvar ayında biz bununla bağlı bir rəqəm təqdim edə bilərik. Qeyd edək ki, aktiv nar ixracı oktyabr-dekabr aylarında müşahidə olunur, bundan başqa soyuducularda saxlanılan nar meyvəsi yanvar və fevral aylarında ixrac edilir.” 

Yığım zamanı meyvəyə olan tələbatı nəzərə alaraq...

“Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri onu da diqqqətə çatdırıb ki, yığım zamanı meyvəyə olan tələbatı nəzərə alaraq qeyd etmək olar ki, dekabra qədər tələb olunan məhsul ixrac edilib, fermerlər məhsullarının yalnız az bir hissəsini yeni ilin ilk 6 ayında ixrac ediblər.

İxracla bağlı bir neçə böyük firma ilə danışıqlar aparılıb

Yeni ixrac bazarlarının olması hər zaman əsas hədəflərdən biri olduğunu vurğulayan F.Qaraşov əlavə edib ki, bununla bağlı Körfəz dövlətləri ilə, digər ölkələrlə də davamlı danışıqlar aparılır. Artıq ölkəmizdə səfərdə olan bir neçə böyük firma nümayəndələri ilə danışıqlar aparılıb: “Yaxın illərdə bu ixracıın gerçəkləşməsi üçün əlimizdən gələni edirik. Lakin bu faktdır ki, hal-hazırda bizim üçün ən geniş bazar qonşumuz olan Rusiya bazarıdır. 
Avropa bazarı daim bizim üçün maraq dairəmizdə olan bir bazardır. Təbii ki, tələb olunan sertifikatlar və dövlətlər arası daxili nizamlama qaydaları çərçivəsində ixrac hər zaman diqqət mərkəzindədir.”

F.Qaraşov bildirib ki, Çin bazarı qlobal bazar iqtisadiyyatı çərçivəsində son illər maraq dairəsində olan bir bazardır. Lakin Çinə ixrac üçün hələ ki dövlətlər arası razılaşmalar imzalanmalı və bunun əsasında ixrac reallaşdırılmalıdır. Bu günə kimi nar şirəsi istisna olmaqla Çinə meyvə ixracı olmayıb. Nar şirəsinin ixracın həcmi 2023-cü ildə 76.9 ton, 2024-cü ilin ilk 6 ayında isə 7.2 ton təşkil edib.”

Orxan Vahidoğlu, “İki sahil”