27 avqust 2024 12:23
427

Laçın Şəhəri Günü qala konsert və atəşfəşanlıqla başa çatıb

Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı, “Bakı Abadlıq Xidməti” MMC-nin dəstəyi ilə növbəti dəfə təntənə ilə qeyd olunan Laçın Şəhəri Günü tədbirləri sona çatıb.

Bu barədə "İki sahil"ə Mədəniyyət Nazirliyindən xəbər verilib.

Bildirilib ki, avqustun 26-da günün ikinci yarısında Həkəri çayının sahilində qurulmuş əsas səhnədə şəhər gününün möhtəşəm qala konserti keçirilib.

Rəsmilər, tanınmış mədəniyyət nümayəndələri, Laçın sakinləri və digər qonaqlar konserti izləyiblər.

Əvvəlcə Prezident İlham Əliyevin Laçına səfəri və şəhər sakinləri ilə görüşünü özündə əks etdirən kadrlar nümayiş olunub.

Musiqi şölənində Xalq artisti Faiq Ağayev, Əməkdar artistlər Ehtiram Hüseynov, Lalə Məmmədova, İlkin Əhmədov, Rəşad İlyasov, Elza Seyidcahan, Günel Şeyxova, ifaçılar Aşıq Ramin, Araz Hümbətli, Kamilə Nəbiyeva, Fuad Musayev, Könül Məmmədli, Vüsal Hacıyev, Murad Arif, həmçinin “Amarok" qrupu, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və “Laçın” muğam qrupu çıxış ediblər.

Proqramda Məhəbbət Kazımovun "Laçınım", "Dağlar boyda dağım var", Aydan Əliyevanın "Gözəl Azərbaycan", Rauf Məmmədovun "Yaşa Azərbaycan", Oqtay Kazıminin "Ey həyat, sən nə qəribəsən", Emin Sabitoğlunun "İncə bellim", Elza Seyidcahanın "Laçınımın dağlarında", Ələkbər Tağıyevin "El yolunda", Bəhram Nəsibovun "Anadır arzulara", Telman Hacıyevin "Vətən süitası" və Xanım İsmayılqızının "Sən qalibsən" mahnıları səsləndirilib.

Konsertdə həmçinin "İncilər" kompozisiyası, "Cəngi" rəqsi, "Xalq bayatıları", "Misri" aşıq havası, "Uzundərə" xalq rəqsi, "Ay Laçın" xalq mahnısı və "Şur" təsnifi ifa edilib.

Daha sonra respublika və beynəlxalq müsabiqələr laureatı, gənc tarzən İbrahim Babayevin solo çıxışı dinlənilib. İfaçı tərəfindən xalq mahnısı “Unuda bilmirəm”, Azərbaycan muğamının müasirliklə sintezinə aid “MuğaMix”, “Səmada rəqs” və digər musiqilər səsləndirilib.

Bütün çıxışlar böyük coşqu ilə qarşılanıb, tamaşaçılar tərəfindən gur alqışlarla mükafatlandırılıb.

Laçın Şəhəri Günü tədbirlərinə möhtəşəm atəşfəşanlıqla yekun vurulub. Azad şəhərin səması rəngbərəng işıqlara bürünüb.

Beləcə, növbəti dəfə təntənə ilə qeyd olunan Laçın Şəhəri Günü unudulmaz anlarla tarixə qovuşub.