27 avqust 2024 15:43
728

SOCAR dünyada ilk dəfə neft çıxarılan yatağın gələcək perspektivlərini müzakirə edib - FOTO

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində “Bibiheybət” yatağının gələcək perspektivləri müzakirə edilib.

Bu barədə “İki sahil"ə “Azneft”dən məlumat verilib.

Bildirilib ki, “Azneft”in baş direktoru Əli Qurbanovun iştirakı ilə “Bibiheybətneft” Neft-qazçıxarma İdarəsinin (NQÇİ) istehsalat sahələri və yeni salınan yaşıllıq zonalarına baxış keçirilib.

İstehsalat müşavirəsində “Bibiheybət” yatağının gələcək perspektivləri araşdırılıb.

Qeyd edək ki, Bakı şəhərindən 2 km cənub-qərbdə yerləşən “Bibiheybət” yatağının eni 3 km, uzunluğu isə 5,5 km-dir. 1846-cı ildə dünyada ilk dəfə olaraq, sənaye üsulu ilə ilk neftin Bibiheybətdə çıxarılması tarixi mənbələr, xüsusilə Rusiyanın Mərkəzi Dövlət Tarix Arxivindən tapılmış sənədlər əsasında sübut olunub. Həmin ilin yanvarında “Bibiheybət” yatağında iki quyunun qazılmasına başlanılır. Quyulardan biri 21 metr dərinlikdən neft verir və bununla da, dünyada sənaye üsulu ilə neft hasilatının əsası qoyulur.

“Bibiheybət” yatağının təsdiq olunmuş sonuncu neft və qaz ehtiyatlarının təkrar hesablanması 1952-ci ildə aparılıb və ötən müddət ərzində burada çoxlu sayda yeni quyular qazılıb. 2003-cü ildən yataqda mikrobioloji təsir həyata keçirilməyə başlanıb. Bu üsulla təsirin əvvəlindən cəmi 31 min ton neft artımı olub. Yataq SOCAR-ın “Azneft”in Bibiheybətneft NQÇİ istismar edir.