01 sentyabr 2024 09:09
373

Qanunverici orqanlar səviyyəsində əməkdaşlıq fəaliyyət istiqamətlərimizdən biridir

"Azərbaycan və Rusiya arasında əməkdaşlığın prioritet sahələri hər iki ölkənin dövlət başçıları tərəfindən müəyyənləşdirilib".

APA-nın məlumatına görə, bu sözləri Rusiya Federasiyasının Federasiya Şurasının sədr müavini, MDB Parlamentlərarası Assambleyasının Seçki Müşahidə Missiyasının koordinatoru Andrey Yatskin jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın MDB Parlamentlərarası Assambleyasının işində iştirakı strateji müttəfiqlər arasındakı münasibətlərin ruhuna uyğun olaraq məhsuldardır:" Azərbaycanla Rusiya arasında qanunverici orqanlar səviyyəsində əməkdaşlıq bizim fəaliyyət istiqamətlərimizdən biridir. Bildirmək istəyirəm ki, parlamentlərimiz arasında əməkdaşlıq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən müəyyənləşdirilmiş gündəm əsasında həyata keçirilir. Rusiya Prezidentinin Bakıya baş tutan dövlət səfəri zamanı ikitərəfli əməkdaşlığın həyata keçirilməsi üçün bir çox sahələr müəyyənləşdirilib. Bura kənd təsərrüfatı, mədəniyyət, təbiətin mühafizəsi, Xəzər dənizinin ekoloji çirklənmədən mühafizəsi daxildir. Bütün bu məsələlər normativ-hüquqi tənzimləmə tələb edir. Eyni zamanda mərkəzi icra hakimiyyəti orqanlarına əməkdaşlıq istiqamətlərini qanunvericilik səviyyəsində möhkəmləndirməyə kömək edir. Bu məsələlər Azərbaycan-Rusiya Parlamentlərarası Komissiyasının gərgin fəaliyyəti nəticəsində ərsəyə gəlir. Komissiyanın sonuncu iclası iyun ayında Moskvada keçirilib. Növbəti toplantı isə Azərbaycanda Milli Məclisin və müvafiq Parlament Komissiyasının tərkibi formalaşdırıldıqdan sonra baş tutacaq. Azərbaycan tərəfinin MDB Parlamentlərarası Assambleyasının işində iştirakı son dərəcə məhsuldardır, çünki bu, strateji müttəfiqlərin arasındakı münasibətlərdir".