Bu gün bütün ölkə üzrə müxtəlif seçki məntəqələrində 200-dən çox müşahidəçimiz var.
“İki sahil” xəbər verir ki, bunu "Report"a açıqlamasında ATƏT müşahidə missiyasının xüsusi koordinatoru və rəhbəri Maykl Krid (Michael Creed) deyib.
"Beləliklə, sabah biz bütün bu müşahidəçilərin müşahidələri əsasında hesabat dərc edəcəyik. Son günlər vətəndaş cəmiyyətləri, siyasi partiyalar, seçki komissiyası ilə çox geniş brifinqlər keçirmişik. Seçki komissiyası xüsusilə mənə çoxlu məlumat verdi. Bu, bizə çox vacib olan seçkilər haqqında məlumatlanmağa kömək etdi. Dərc edəcəyimiz hesabat bu brifinqlərin də məcmusu olacaq", - o qeyd edib.
M.Krid hazırda ilk məntəqəni ziyarət etdiyini bildirib:" Hazırda bu ilk məntəqədir ki, mən baş çəkirəm və bir seçki məntəqəsindəki müşahidəyə əsasən, hər hansı açıqlama vermək istəmirəm. Bizim nümayəndələrimiz bütün ölkə üzrə müşahidə həyata keçirirlər və sabah bunun nəticələri açıqlanacaq. Bakıda və Azərbaycanın hər yerində bizim nümayəndələrimiz var. Buradan sonra başqa bir çox seçki məntəqələrinə baş çəkəcəyəm. Bir aydır ki, bizim burada uzunmüddətli müşahidə missiyamız var, buna görə də kifayət qədər məlumatlıyıq.
Sabah isə mətbuat konfransımız olacaq. Mən İrlandiyadanam. İrlandiyadan Azərbaycana çox uzun məsafədir. Burada gördüklərimdən çox təsirləndim. Şəhəriniz çox gözəldir. Ancaq indi daha çox seçki məntəqələrinə baxmağa gedirəm. ATƏT Parlament Assambleyasının üzvləri kimi bizim ümumi məqsədimiz var. Biz demokratik prinsiplərə, azad və ədalətli seçkilərə, sərbəst toplaşmaq azadlığına və Kopenhagen sənədində yer alan bütün prinsiplərə sadiqliyimizi bölüşürük. Odur ki, biz hesabatımızı bu fonda dərc edəcəyik".