02 sentyabr 2024 15:35
307

ATƏT-in bəyanatı bizim üçün kağız parçasından artıq deyil - EKSPERT

"ATƏT və digər beynəlxalq qurumlar daim Azərbaycana qarşı bu cür qərəzli mövqe tutublar".

“İki sahil” xəbər verir ki,  bu sözləri siyasi şərhçi Sahil Kərimli deyib.

O bildirib ki, bunların mövqeyi həmişə Azərbaycana qarşı olub: "Təbiidir ki, bu, əvvəlcədən də gözlənilən idi ki, ATƏT və bir sıra Azərbaycana qarşı düşmənçilik mövqeyi tutmuş beynəlxalq dairələr, bəzi qüvvələr bu cür, həqiqətə uyğun olmayan, Azərbaycanı əsassız ittiham edən bəyanatlarla çıxış edəcəklər. Bu, məlum idi və heç də yeni məsələ deyil. ATƏT ilk dəfə deyil ki, Azərbaycanda keçiriləcək seçkiləri izləmək üçün ölkəmizə gəlir. Lakin əvvəlki illərin təcrübəsi onu göstərir ki, bu təşkilatdan ədalətli yanaşma gözləməyə dəyməz. Çünki onlar hər zaman seçkilərdən sonra standart fikirlərlə bəzədilmiş hesabat təqdim edərək, “missiya”larını başa vurmaqla yadda qalıblar.

Biz həmişə uzun onilliklər Azərbaycanda seçkilər keçirilərkən, hətta rəsmi seçkilərin nəticələri açıqlanmamışdan əvvəl bu qurumların bu cür məkrli bəyanatlarının şahidi olmuşuq. Bütün bunlar da ondan qaynaqlanır ki, Azərbaycan müstəqil və milli maraqlara əsaslanan siyasət yürüdür, bu qurumların təzyiqləri və təhdidləri qarşısında heç vaxt boyun əymir. Ona görə də ATƏT və bu kimi bir sıra siyasi dairələr Azərbaycana qarşı belə qərəzli mövqe tuturlar".

"Hesab edirəm ki, Azərbaycanda keçirilən seçkilər tam şəffaf və ədalətli şəkildə keçirilib. İnsanlar seçki məntəqələrinə gələrək öz siyasi iradələrini müstəqil şəkildə ifadə ediblər. Seçkilərin nəticələrini sual altında qoyan, parlament seçkilərinin gedişatını ləkələmək istəyən bu cür siyasi dairələrin yaydıqları bəyanatlar bizim üçün təbii olaraq heç bir əhəmiyyət daşımır. Bu, bizim üçün kağız parçasından artıq deyil" - deyə o, əlavə edib.