24 noyabr 2017 15:07
962

Şərurda qədim tarixi abidədə bərpa işləri aparılır

Naxçıvan Muxtar Respublikasının bütün bölgələrində olduğu kimi, Şərur rayonu ərazisində mövcud olan tarixi-memarlıq abidələrinin bərpasına da xüsusi diqqət yetirilir. Məqsədyönlü və sistemli şəkildə aparılan bu işlər rayonun Yengicə kəndindəki qədim hamamı da əhatə edib.

AZƏRTAC xəbər verir ki, hazırda Yengicə hamamında bərpa işləri aparılır. Hamamın fasad hissəsində üzləmə işləri yekunlaşmaq üzrədir. Burada qırmızı kərpicdən istifadə edilir. Memar və ustalar hamamın ilkin quruluşunun qorunub saxlanılması üçün səy göstərir, milli memarlıq ənənələri əsasında bərpa işlərini davam etdirirlər.

Dam örtüyü bərkidildikdən sonra isə günbəzlərin üzlənməsi nəzərdə tutulub. Hamamın daxilində də bərpa işləri aparılır. Bərpa işləri başa çatdıqdan sonra ətraf abadlaşdırılacaq, yenidən həyata vəsiqə alan tarixi abidə kəndin mənzərəsinə yeni çalarlar gətirəcək.

Qeyd edək ki, Yengicə hamamı kəndin mərkəzində böyük bir ərazini tutan Çarşıbazarın başlanğıcında inşa olunub. Şərq memarlığı üslubunda inşa edilmiş bu hamam yerli əhalinin fikrincə, XVIII əsrdə əslən Şahtaxtı kəndindən olan Tovuz xanım adlı qadın tərəfindən tikdirilib. Müəyyən dağıntılara uğrasa da, zəmanəmizədək gəlib çatıb. Hamamın ümumi sahəsi 650, daxili sahəsi isə 545 kvadratmetrdir. Bina bişmiş kərpiclə əhəng məhlulu istifadə olunmaqla tikilib. Zalları örtən sferik günbəzlər, girişdəki sadə formalı baştağ və digər xidməti otaqlar qismən dağıntıya məruz qalsalar da, hamamın daxili planı yaxşı vəziyyətdədir. Bu da hamamın ilkin quruluşunu hərtərəfli bərpa etməyə imkan verib.