Belarus lideri Aleksandr Lukaşenko deyib ki, o, cib telefonu olmadan işləyir. O bunu təhlükəsizlik səbəbləri və zərurətin olmaması ilə əlaqələndirib. Lukaşenko interneti “ciddi silah” adlandırıb və “Telegram”ın qurucusu Pavel Durovu misal çəkib.
Bazar ertəsi Vitebsk Dövlət Universitetində tələbələrlə görüş zamanı Belarus lideri qeyd edib ki, onun mobil telefonu “yoxdur və heç vaxt da olmayıb”. Belarus dövlət başçısının sözlərinə görə, onun mobil telefona ehtiyacı yoxdur.
“Danışmaq üçün məndə təhlükəsizlik xidməti var, onlarda hökumətin rabitəsi və bütün telefonları var və mən çox nadir hallarda mobil telefonla danışıram,”, - BelTA agentliyi Lukaşenkodan sitat gətirir.
O, telefonunun olmamasının ikinci səbəbi kimi təhlükəsizliyi göstərib. Belarus Prezidenti hesab edir ki, internet təkcə böyük sərvət deyil, ondan “çox ciddi silah” kimi də istifadə etmək olar.
Nubar Süleymanova, “İki sahil”