06 sentyabr 2024 01:59
295

Makron indi axsaq ördəkdir

Fransanın avantürist prezidenti Azərbaycana qarşı siyasətində bütün hədləri aşıb

Fransanın ölkəmizə qarşı qərəzli addımları bu dövlətin xarici siyasətinin tərkib hissəsinə çevrilib  və məqsədli xarakter daşıyır. Bütün bunlar Azərbaycana qarşı aparılan nifrət kampaniyasının davamlı olduğunu  göstərir. Fransanın ermənipərəst mövqeyini açıq şəkildə ortaya qoyduğu birinci hal deyil. Vətən müharibəsinin elə ilk günlərində Fransa Prezidentinin “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik”, – deyə beynəlxalq hüquqa zidd olan bəyanat verməsini yaxşı xatırlayırıq. Vətən müharibəsindən artıq dörd ilə yaxın vaxt  keçməsinə baxmayaraq Fransa keçmiş münaqişənin həllində heç vaxt maraqlı olmadığını, özünün əsl ermənipərəst mövqeyini   bu gün də həyasızcasına nümayiş etdirir.

Fransa tərəfi Azərbaycana qarşı növbəti dəfə təxribata yol verib. Bu ölkənin Avropa və Xarici İşlər Nazirliyi Azərbaycanla bağlı sentyabrın 4-də dərc etdiyi səyahət xəbərdarlığında ölkəmizin hüquq sisteminə kölgə salmağa və “Dağlıq Qarabağ Muxtar Vilayəti”, “ətraf rayonlar” kimi ifadələrdən istifadə edərək Azərbaycanın ərazi bütövlüyünə xələl gətirməyə cəhd göstərib.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə məsələyə münasibət bildirərək qeyd edib ki, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycanda guya Fransa vətəndaşlarının saxlanıldığı və hədəf alındığı barədə əsassız iddiaları səbəb gətirərək Azərbaycana dair açıqladığı sərt səyahət xəbərdarlığını qətiyyətlə pisləyirik. Fransa tərəfindən verilmiş bu cür əsassız, qərəzli qərar və bəyanat bu ölkənin Azərbaycanla münasibətləri daha da gərginləşdirmək niyyətindən xəbər verir.  Fransa vətəndaşlarının əsassız olaraq saxlanıldığı və həbs edildiyi barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin iddialarının heç bir əsası yoxdur. Bu əsassız bəyanat reallığın təhrif olunmasıdır. Ölkəmizdə indiyə qədər yalnız Fransa Respublikasının vətəndaşı Martin Rian ötən il dekabrın 4-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (casusluq) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinərək tutulub. Bundan əlavə, digər Fransa vətəndaşı Klerk Teo Hüqonun Bakı metrosunda törətdiyi əmələ görə saxlanıldığı məlumdur. Bunun əksinə, rəsmi Paris tərəfindən Azərbaycan jurnalistlərinin Fransaya, hətta digər Şengen ölkəsi ərazilərinə səyahətləri zamanı tətbiq etdiyi maneələr Fransanın təbliğ etdiyi “insan hüquqlarına” tamamilə zidd olduğu aydındır.

XİN sözcüsü qeyd edib ki, Azərbaycanda məhkəmə hakimiyyətinə və insan hüquqlarına dair iddia səsləndirən, dünyaya “demokratiya dərsi” keçməyə çalışan Fransanın beynəlxalq hüquqi pozuntuları, neokolonial siyasəti, irqçilik, diskriminasiya, islamofobiya, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti hər kəsə məlumdur. Buna görə də Fransanın bu fəaliyyətindən dərs çıxarması daha faydalı olardı. Biz bir daha Fransa tərəfindən Azərbaycana qarşı qarayaxma kampaniyasını dayandırmağı tələb edirik.

Qərbi Azərbaycan İcması da Fransadan Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasına son qoymağı tələb edib. İcmanın  verdiyi bəyanatda bildirilir ki, BMT Nizamnaməsi ilə üzərinə düşən dekolonizasiya öhdəliklərini yerinə yetirməyən, neokolonializm siyasəti aparan və bununla da milyonlarla insanın təməl hüquqlarını pozan Fransanın insan hüquqlarından danışmağa haqqı yoxdur. Ermənistanın ən azı sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda, Fransanın buna getməməsi onun Azərbaycana qarşı nə dərəcədə qərəzli yanaşdığını göstərir.

Rəsmi Parisin Azərbaycana qarşı əsassız iddiası, sözsüz ki, “suları bulandırmq” cəhdindən və Ermənistanın xoşuna gəlməkdən başqa bir şey deyil. Fransa bununla özünü Ermənistana dost kimi göstərərək direktivlərini icra etdirməyə çalışır. Halbuki əslində irqi, dini ayrı- seçkilik, o cümlədən islamafobiya Fransanın özündə tüğyan edir.  Bundan başqa, Fransa bu gün ədəbiyyatı, mədəniyyəti ilə deyil, daha çox kolonialist siyasəti, müstəmləkəçiliyi ilə seçilir. Fransanın Azərbaycana qarşı bu ritorikası əslində həm də mövcud Emmanuel Makron hökumətinin səriştəsizliyini göstərir. Makron bacarıqlı siyasətçi olsa idi başa düşərdi ki, bölgədə qalmağın ən yaxşı yolu buranın aparıcı siyasi aktoru olan Azərbaycanla münasibətləri yaxşı saxlamaqdır. Fransa isə nəinki bunu etmir, həm də Azərbaycanla düşmən yolunu seçir. Bu ölkə Azərbaycana qarşı yürütdüyü siyasətdə artıq bütün hədləri aşıb. Özünü demokratiyanın beşiyi, dünya mədəniyyətinin mərkəzi sayan bir dövlət heç bir bəşəri dəyərlərə sığmayan addımlar atır. Fransanın özündə də Makron hakimiyyətinə etiraz edənlərin sayı getdikcə artır. Ölkədə aparılan rəy sorğularının nəticələri göstərir ki, vətəndaşlar Makron hakimiyyətindən canlarını qurtarmaq istəyirlər. Makron hakimiyyəti son vaxtlar Fransa Konstitusiyasını da kobud şəkildə pozmaqda ittiham olunur. Belə ki, Prezident Makronun partiyası son parlament seçkilərinə məğlub olaraq, ali qanunverici orqanda əvvəlki ilə müqayisədə 90 yer itirib. Ona görə də indi qanuna əsasən, Prezident E.Makron seçkidə qalib gəlmiş rəqib siyasi düşərgənin Baş nazir postuna namizədini təsdiqləməkdən imtina edir. Bu səbəbdən də müxalif düşərgənin lideri Jan-Lyuk Melanşon Prezident E.Makronu “avtokrat” adlandırmaqla yanaşı, Fransanı ölkədaxili xaosa sürükləmədə suçlayıb. Bu, o deməkdir ki, Fransada Makron hakimiyyətinə qarşı etiraz dalğası yaxın vaxtlarda daha təhlükəli həddə çatacaq. Bu prosesdə seçkinin qalibi olan müxalifət düşərgəsinin daha fəal iştirakı isə Fransanı daha dərin siyasi böhrana düçar edə bilər. Artıq Fransada müxalifət artıq Makrona qarşı impiçmentə başlayıb. Belə ki, solçu “İtaətsiz Fransa” Partiyası Prezident Emmanuel Makronun impiçment proseduruna başlayıb. Bu barədə "X" sosial şəbəkəsində partiyanın parlament fraksiyasının rəhbəri Matilda Pano məlumat verib. “Konstitusiyanın 68-ci maddəsinə uyğun olaraq, Prezidentə qarşı impiçment elan edilməsi haqqında qətnamə layihəsi deputatların imzalaması üçün göndərilib. Makron seçicilərin etdiyi seçimə tabe olmaq və hökumətin formalaşdırılmasını sol qüvvələrə həvalə etmək istəmir, buna görə də biz onu kənarlaşdırmalıyıq”,-  deyə o, yazıb. Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo Olimpiya Oyunları ilə bağlı Makron administrasiyasının gördüyü təhlükəsizlik tədbirləri barədə X” sosial şəbəkəsindəki hesabında yazıb ki, Parisdə Olimpiya Oyunlarının açılışı ərəfəsində şəhər həbsxanaya çevrilib: “Dünyanın heç yerində belə bir şey görməmişəm”.  Buna görə də Makron ölkənin düşürdüyü vəziyyətə görə xəcalət çəkməlidir. Bəzi siyasətçilər təhlükəsizliyin pik həddə qorunması məqsədi ilə görülən  tədbirləri Makronun yersiz siyasəti ilə bağlı olduğunu iddia edirlər. Şübhəsiz, bütün bunlar o deməkdir ki, Makronun siyasi avantürası Paris Olimpiadasına da  xələl gətirir.

Fransanın tezliklə daxili siyasi-iqtisadi böhrana düçar olma ehtimalı kifayət qədər yüksəkdir. Bütün bunlar isə o deməkdir ki, 2024-cü il Fransa tarixinə əzm,  dirçəliş ili kimi deyil, Makronun siyasəti sayəsində Fransa tarixinin “qara səhifəsi” kimi düşəcək. Makron isə fransızların yaddaşında ölkədə dəfələrlə insan hüquqlarının kobud şəkildə pozan, iğtişaşlar zamanı aksiyaçıları öldürən, antisemitizmi geniş yayan, pensiya yaşı ilə yanaşı   vergiləri də artıran, Parisi həbs düşərgəsinə çevirən  "ən uğursuz prezidenti" kimi qalacaq. Təsadüfi deyil ki, “Reuters” agentliyi Parisdə Yay Olimpiya Oyunlarına həsr olunmuş məqalədə fransız tarixçisi Patrik Veildən sitat gətirərək belə bir ifadə işlədib: “Makron Oyunları imperator kimi qarşılayacağını gözləyirdi. Amma indi o, axsaq ördəkdir”.

Şəmsiyyə Əliqızı, “İki sahil”