09 sentyabr 2024 11:31
207

Nazir: Azərbaycanın inkişaf konsepsiyasında "yaşıl iqtisadiyyat"a keçid mühüm yer tutur

Azərbaycanın sosial-iqtisadi islahatlara əsaslanan inkişaf konsepsiyasında dayanıqlı inkişafın bir komponenti olan "yaşıl iqtisadiyyat"a keçid mühüm yer tutur.

“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfransda COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib.

"son illərdə Azərbaycanda "yaşıl iqtisadiyyat"a keçid istiqamətində mühüm addımlar atılıb. Ölkəmiz, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq, bərpa olunan enerji mənbələrinin genişləndirilməsi, enerji səmərəliliyi və dövri iqtisadiyyatın inkişafı sahələrində ciddi nailiyyətlər qazanıb. 2030-cu ilə qədər baxışı təmin edən Milli Prioritetlər sənədində dayanıqlı inkişaf və ətraf mühitin qorunması əsas hədəflərdən biri kimi müəyyən edilib. Bu sənəddə ölkəmizin yaşıl iqtisadiyyata keçidinin sürətləndirilməsi, təbii sərvətlərin səmərəli idarə olunması, karbon emissiyalarının azaldılması, iqlim dəyişikliyinə uyğunlaşma və enerji səmərəliliyinin artırılması kimi konkret ekoloji məqsədlər yer alıb. BMT-nin statistik məlumatına əsasən KOB-lar dünya üzrə məşğulluğun 70 %-ni təşkil edir. Qadınlar, gənclər və həssas qruplar arasında iş yerlərin yaradılmasında mühüm rol oynayır. KOB-ların fəaliyyəti qlobal karbon emissiyalarının atılmasında da əhəmiyyətli paya malikdir. Bu baxımdan, onların ekoloji performansının yaxşılaşdırılması iqlim dəyişikliyi ilə mübarizədə böyük potensiala malikdir. Bununla yanaşı, “Məsuliyyətli istehlak və istehsal” 12-ci Dayanıqlı İnkişaf Məqsədinə uyğun olaraq, təmiz və səmərəli istehsal metodlarının tətbiqi, resursların daha məsuliyyətli istifadəsinə və ekoloji risklərin azaldılmasına töhfə verir", - deyə o qeyd edib.

"Bu gün iqtisadi cəhətdən dayanıqlı, təmiz və sağlam gələcəyə keçid ən aktual çağırışlardan biridir, eyni zamanda bir cəmiyyət olaraq qarşımızda duran böyük məsuliyyətdir. Dünyada ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün yaşıl iqtisadiyyata keçid böyük əhəmiyyət kəsb edir", - deyə nazir əlavə edib.