12 sentyabr 2024 13:48
216

Gizli və lal axan proseslər İFŞA OLUNDU

Bəli, seçkilərlə bağlı səsləndirdiyimiz ehtimallar bu dəfə də doğru çıxdı. Azərbaycanda keçirilən parlament seçkiləri növbəti dəfə uğurla baş tutmaqla yanaşı, eyni zamanda gizli və hətta lal cərəyan edən müəyyən proseslərin ifşasına xidmət etmiş oldu.  

Həqiqətən də seçkilər müəyyən siyasi proseslərin katalizatorudur. Seçki mühitinin  məkrli qüvvələrə öz qərəzli manipulyasiyalarını aparması üçün əlverişli şərait yaratdığını nəzərə alaraq, siyasi maarifləndirmənin əhəmiyyəti kəskin şəkildə artır. Cəmiyyət, xüsusilə seçkilər zamanı, mütləq olaraq emosional manipulyasiya torlarından sığortalanmalıdır ki, qərəzli oyunların alətinə çevrilməsin.

Baş vermiş bir neçə əlamətdar xarakter daşıyan epizodun vurğulanması kifayət edir ki, yuxarıda qeyd olunanlarla hər kəs razılaşa bilsin. Dünən axşam sosial şəbəkələr vasitəsilə bəlli oldu ki, İlqar Məmmədov seçkilərdə uduzduğu üçün partiya sədrliyindən istefa verib. İnsanlar İ.Məmmədovun sözügedən addımını sosial şəbəkələrdə fərqli səpkidə qiymətləndirir. Bu məsələyə toxunmayaq, burada kifayət qədər subyektiv məqamlar mövcuddur. “Gizli proseslərin ifşası” mövzusu kontekstində daha önəmli və maraqlı sual odur ki, İ.Məmmədovun istefasından cəmiyyət hansı qənaətlərə gələ bilər?

Pərdəarxası prosesləri bilmədən obyektivlik naminə deyə bilərik ki, İlqar Məmmədovun istefası məsuliyyətli siyasətçinin davranışıdır. Odur ki, onun bu cür addımı hələ xeyli müddət bir çox siyasi partiya rəhbərlərinin gözlərini qamaşdıracaq. Heç şübhəsiz ki, baş vermiş bu hadisə ilk növbədə radikal düşərgənin bayraqtutanı və 30 ilə yaxın bir müddət ərzində öz partiyadaşlarına heç bir siyasi divident qazandıra bilməyən Əli Kərimlinin baş ağrılarının əsas səbəbinə çevriləcəkdir. Sözügedən insident, yəni müxalifətdə olan digər partiya sədrinin uğursuzluğa görə istefası mənzərəsi Ə.Kərimli hər gecə görəcəyi qorxulu yuxuya, kabusa çevriləcək. Xəstə ambisiyalar və qorxu hissi bir arada olan zaman isə siyasi şizofreniya qaçılmazdır. Odur ki, yaxın zamanlarda ölkənin siyasi ritorikasında məhz emosional demaqogiyanın artması olduqca gözlənilən haldır.

Kontekstdən uzaqlaşmadan digər maraqlı məsələyə də diqqət yetirək. Radikalların seçkilərlə  bağlı spekulyativ demaqogiyalarının digər əsas mövzusunu xatırlayın: “Niyə seçkilərə qoşulan siyasi partiya rəhbərlərinin əksəriyyəti bu marafonda iştirak etmirlər?” Bir daha xatırladaq ki, yalnız AXCP seçkilərdə iştirak etməkdən imtina etmişdir. Bəzi siyasi partiya rəhbərlərinin seçkilərdə iştirak etməməsi ətrafında kirli demaqogiya aparmaqla radikallar əslində sadəcə öz passivliyini gizlətmək istəyirdilər.

İ.Məmmədovun istefası məsələ ilə bağlı başqa maraqlı bir fərziyyəni də müəyyən etməyə imkan verir. Ola bilsin ki, seçkilərdə məğlubiyyətlə üzləşən digər partiya rəhbərləri də bir müddət sonra öz istefalarını bəyan edəcək, bəzi anonsları artıq eşitmişdik. Bu halda müxalifətçilik meydanı AXCP üçün xeyli boşalmış olur. İstisna olunmur ki, radikalların bu cür manipulyasiyaları eyni zamanda qeyd olunan ehtimala da hesablanmışdır. Bu sadəcə fərziyyə olsa da, düşündürücüdür. Odur ki, radikalların yuxarıda qeyd olunan mövzuda apardıqları demaqogiyalar bilavasitə təhrikedici kimi qiymətləndirilməlidir.

Maraq doğuran və əlamətdar xarakter daşıyan hadisələr içərisində məhz seçkilərdən sonra Müsavat partiyasında baş vermiş istefadır. Ölkədə kifayət qədər tanınmış hüquq müdafiəçisi, vətəndaş cəmiyyəti institutunun fəalı və illərini Müsavata həsr etmiş Novella Cəfəroğlu partiya sıralarından istefa etdi. İstefaya səbəb keçirilmiş seçkilərlə bağlı partiya sıralarında yaşanan fikir ayrılığıdır. Diqqət yetirin, səbəb məhz fikir ayrılığıdır. Burada söhbət heç də ideoloji baxışlarda olan fərqlilikdən getmir. Sadəcə məsələyə fərqli baxış səbəb oldu ki, ömrünü Müsavata bəxş etmiş insan partiyadan ayrılsın. Belə çıxır ki, Müsavatın rəhbərliyində təmsil olunanlar ölkəni idarə etmiş olsalar, o zaman fikir ayrılığına görə insanların vətəndaşlıqdan məhrum edilməsini də istisna etmək olmaz. Qeyd olunanlar bilavasitə “paslanmış” müxalifətçilik təfəkkürünün məhsuludur.

Asif Adil