14 sentyabr 2024 01:12
406

Qərbin Azərbaycana qarşı yeni “demarşı” iflasa uğrayacaq

ABŞ və bəzi Qərbi Avropa ölkələri müstəqil siyasət yürüdən respublikamızda mövcud sabitliyi, inkişafı həzm edə bilmirlər

Özünü “demokratiyanın beşiyi” adlandıran, insan haqları, mətbuat azadlığı kimi məhfumlarından öz maraqları, gəlir-çıxarları naminə istifadə etməyə alışıq olan bəzi Qərb dövlətləri uzun illərdən bəri digər ölkələrə təsir etmək üçün maliyyələşdirdikləri qeyri-hökumət təşkilatlarından və media vasitələrindən istifadə edirlər. Müşahidələr göstərir ki, həmin dövlətlər, eləcə də sözün əsl mənasında siyasi riyakarlıq alətinə çevrilən bəzi beynəlxalq təşkilatlar son zamanlar Azərbaycanda öz təxribatçı əməllərini həyata keçirmək üçün təsir dairələrində olan bəzi yerli və xarici media vasitələrindən daim vahid, mütəşəkkil bir şəbəkə kimi istifadə edirlər. Ölkəmizdəki söz və fəaliyyət azadlığından sui-istifadə edən həmin şəbəkənin təmsilçiləri aldıqları maliyyə vəsaitlərinin müqabilində məlum dairələrin əlində masa rolunu oynayırlar.

COP-29 kimi beynəlxalq tədbirin ölkəmizdə keçirilməısi ərəfəsində bəzi Qərb dairələrinin Azərbaycana qarşı şər, böhtan kampaniyası aparması heç birimizi təəccübləndirmir. Təbii ki, ölkəmizdə Eurovision musiqi yarışması, birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları keçirilən zaman da biz bu cür hallarla rastlaşmışıq. Bu qərəzli qüvvələrin ittihamları absurddur. Onlar Azərbaycanın guya təhlükəli bir ölkə olduğu haqqında fikirlər səsləndirir, viza almağın çətinliyindən, demokratiya, insan hüquqlarının müdafiəsi sahəsində ciddi problemlərin olmasından, otel, təyyarə biletlərinin qiymətlərinin yüksək olmasından dəm vururlar. Bu, yalan, iftira, uydurma əsasında formalaşmış mövqedir. Yanaşma ona görə absurddur ki, Azərbaycanın nə qədər təhlükəsiz ölkə olduğunu bütün dünya bilir. 

Gerçəklik ondan ibarətdir ki, son vaxtlar bəzi Qərb ölkələri ilə yanaşı, ABŞ-ın yanlış siyasəti Azərbaycanla münasibətlərin gərginləşməsinə gətirib çıxardı. ABŞ Senatının “2023-cü il erməniləri müdafiə Aktı”nı qəbul eməsi, bu ölkənin rəsmilərinin Azərbaycana qarşı qərəzli və əsassız fikirlər söyləmələri, xüsüsilə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Braynın “ABŞ açıq şəkildə Ermənistanla sülh yolunda irəliləyiş olmayana qədər Azərbaycanla münasibətlər normal olmayacaq” kimi açıqlaması ikili standartların bariz nümunəsi olmaqla yanaşı, iki ölkə arasında strateji münasibərlərə ciddi zərbə vurur.

Ötən 21 ildə ölkə iqtisadiyyatına milyardlarla dollar sərmayə qoyulmasından, valyuta ehtiyatlarının dəfələrlə artmasından, eyni zamanda respublikamızın regional nəqliyyat dəhlizinə, logistik mərkəzə, təbii qaz ixracatçısına çevrilməsindən, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsindən vahiməyə düşən, Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasından, ölkəmizin beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsindən, müstəqil siyasət yürütməsindən narahat olan anti-Azərbaycan qüvvələr, eləcə də onların daxildəki “5-ci kolon” rolunu oynamaq istəyən təsir agentləri respublikamızın əleyhinə qara piar kampaniyasını daha da genişləndiriblər.

Birmənalı demək olar ki, Qərbin Azərbaycanda “5-ci kolon”u sıradan çıxıb və onlar yeni simalar axtarışındadır. Müxtəlif vasitələrlə ara qarışdırmaq üçün fürsətlər axtarırlar. Antimilli fəaliyyətləri ilə cəmiyyətdən təcrid olunmuş dağıdıcı müxalifət düşərgəsinin “başbilənlər”indən olan  Ə.Kərimli və C.Həsənli kimi saxta “demokrat”ların erməni lobbisinin təsiri altında olan beynəlxalq təşkilatlardan maliyyələşdiyini ictimaiyyət çoxdan bilir. Cəmiyyətimiz, həmçinin yaxşı bilir ki, Qərbin “5-ci kolon” funksiyasını yerinə yetirməyə çalışan bu marginallar ermənipərəstlərin beş-üç qəpik puluna şirniklənərək, onların qarşısında quyruq bulayaraq antimilli fəaliyyətlərini böyük canfəşanlıqla davam etdirirlər. Ancaq onlar anlamırlar ki, indi ötən əsrin 90-cı illəri deyil ki, bu başıpozuq dəstə kimlərisə pafoslu nitqlərlə, ləbbeyk deməklə aldatsınlar.

 Yeri gəlmişkən, Avropa Şurasının Almaniyadan olan üzvü Frank Şvabenin ölkəmizlə bağlı çıxışları da təsadüfi deyil. Bütün bunlar Azərbaycanın qırx dörd günlük müharibədə tarixi Zəfərini həzm edə bilməyən Almaniya və Fransanın ölkəmizə qarşı çirkli oyunlarının bir parçasıdır. Açıq demək lazımdır ki, bu yaxınlarda İsveç, Estoniya, Latviya səfirlərinin birlikdə İsveçdən deport olunmuş Famil Xəlilovun ailəsini qəbul etməsi Azərbaycanın daxili işlərinə kobud şəkildə müdaxilədir.

Təbii ki, bütün bunlar heç bir nəticə verməyəcək. Bütün bu məsələlərlə bağlı son zamanlar dünyanın nüfuzlu nəşrləri, tanınmış ekspertlər dəfələrlə qeyd edirlər ki, Azərbaycanın sabit maliyyə-iqtisadi vəziyyəti var, iqtisadiyyat şaxələndirilib, bundan əlavə, ölkəmizin başçısı son illər Mərkəzi Asiya ölkələri, eləcə də Rusiya və Türkiyə ilə iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdirir. ABŞ-ın Azərbaycana təzyiq, “boğma” mexanizmləri praktiki olaraq yoxdur. Əlbəttə, bütün bunlar sonda Ağ Evin özünün milli maraqlarına uyğun gəlməyəcək. Çünki bu cəhdləri davam etdirsələr ABŞ tərəfindən fəal şəkildə dəstəklənən Mərkəzi Asiya ölkələri bir daha əmin olacaqlar ki, Vaşinqton tamamilə etibarsız, ikiüzlü partnyordur və hər an arxadan bıçaq vurmağa hazırdır. Amerika anti-Azərbaycan yanaşmasını davam etdirsə, bu, yalnız özünə, Xəzər və Mərkəzi Asiya regionunda maraqlarına zərər verəcək. Unutmayaq ki, Avropa İttifaqının Rusiyanın enerji resurslarını tədarük etməkdən imtina etməsi kontekstində Cənub Qaz Dəhlizi ən azı Cənubi Avropa dövlətləri üçün onların enerji təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ona görə də Qərbdən Azərbaycana qarşı hansısa sanksiyalar tətbiq oluna və ya həyata keçirilə bilərmi? Təbii ki, yox. İctimai təbliğat sadəcə olaraq ritorikadır. Əminliklə demək olar ki, Qərbin praktiki rıçaqları yoxdur. Bundan əlavə, Bakı ABŞ-ın cavabını verdi, lakin gələcək təmaslar və danışıqlar prosesinin qapısını qapatmadı.

Təbii ki, bütün bunlar heç bir məntiqə və ölçüyə sığmır. Ona görə də əvvəllər də ölkəmiz Qərbdəki məlum dairələrin hər cür ikiüzlü və məkrli siyasəti qarşısında bir daha mübarizlik və prinsipiallıq nümayiş etdirib. Bir daha demək istərdik ki, ABŞ başda olmaqla Qərb siyasi dairələri anlamalıdırlar ki, ölkəmizlə təzyiq, təhdid dilində danışmaq mümkünsüzdür. Çünki müstəqil, öz milli maraq və mənafelərinə uyğun siyasət yürüdən Azərbaycan dövləti hər cür məkrli və riyakar münaisbətlərə adekvat cavab vermək gücündədir. Bir gerçəkliyi də qeyd edək ki, Azərbaycanın Avropa Şurasını tərk etmə ehtimalı məhz Qərbin ölkəmizə qarşı məlum riyakar və ikiüzlü siyasəti, eləcə də Ermənistanı sürətlə silahlandırması ilə bilavasitə bağlıdır.

Zahid Rza, “İki sahil”