14 sentyabr 2024 00:52
284

Bitib-tükənməyən rəzillik:  Avropa şovinizmi və ifrat sağçılığı təbliği etməklə yeni müharibələrə yaşıl işıq yandırırr

 Bir fakt gün kimi aydındır ki,  Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasəti və onun uğurları əksər hallarda ikili standartları ilə diqqət çəkən bəzi Avropa ölkələri və beynəlxalq qurumlar tərəfindən qısqanclıqla qarşılanır. Xüsusilə Ermənistanın əsas havadarı və himayəçisi funksiyasını öz üzərinə götürən ABŞ, Fransa,  Almaniya kimi dövlətlər və bəzi beynəlxalq təşkilatlar hələ də Azərbaycanofob fəaliyyətlərini davam etdirirlər. Onlar illərlə işğalı həyata keçirən Ermənistanla işğala məruz qalan Azərbaycan arasında fərq qoymadan ədalətsiz mövqe sərgiləyiblər.

Bəli, bu gün müxtəlif Avropa platformalarında Azərbaycana qarşı qərəzli müzakirələr həyata keçirilməkdədir. Bunun əsas səbəbi ondan ibarətdir ki, Azərbaycan öz gücü ilə işğaldakı torpaqlarını azad edib və oraya Böyük Qayıdış başlayıb. Bu isə sanki Avropanı xeyli əndişələndirir. Çünki keçmiş münaqişə vəziyyəti ermənipərəst Avropaya Cənubi Qafqaz regionunda öz mövcudluğunu qoruyub saxlamağa və məkrli maraqlarını təmin etməyə imkan verirdi. Onlar məhz 4 il öncəyədək işğalçı, bu gün isə məğlub ölkə həyatını yaşayan Ermənistandan istifadə edərək hələ də Cənubi Qafqazda möhkəmlənmək istəyirlər. Lakin onların bütün bu vandal hərəkətlərinə rəğmən ölkəmiz dimdik ayaqdadır və bizə qarşı atılan bütün qeyri- adekvat addımlara vaxtında, həm də artıqlaması ilə cavab verilir.

Qondarma «Dağlıq Qarabağ Respublikası» özünü buraxdığını elan etdikdən sonra hələ də Avropa Parlamentinin və bu quruma üzv ölkələrin bəzilərinin onu müdafiə etməsi siyasi riyakarlıqdan xəbər verir və bölgədə vəziyyətin yenidən gərginləşməsinə xidmət edir. Avropa Parlamenti Azərbaycan torpaqlarının işğalı dövründə bu qondarma quruma dəstək verməklə işğalın uzun illər davam etməsi, on minlərlə azərbaycanlının qətlə yetirilməsi üçün məsuliyyət daşıyırdı.

Məhz bu cür qərəzli və obyektivlikdən uzaq fəaliyyəti ilə bəzi Avropa ölkələri nüfuzlarına sarsıdıcı zərbə vurur, erməni lobbisinin və onu dəstəkləyən qüvvələrin əlində oyuncağa çevrildiyini göstərir. Qərbin anti-Azərbaycan və İslamofob siyasətinin nəticəsidir ki, Avropa Parlamenti ilə Azərbaycanın münasibətləri bu gün də aşağı səviyyədədir.  Bu qurumda təmsil olunan bəzi deputatlar Avropa seçicilərinin deyil, lobbi qruplarının maraqlarını təmsil edir. Belə davranış həm də şovinizmin, ifrat sağ düşüncənin təzahürüdür. Bu yanlış siyasəti ilə Avropa Parlamenti Avropa İttifaqının Cənubi Qafqaz siyasətini hələ də təhlükə altına atmaqda davam edir.

Sual olunur: ölkəmizə qarşı belə ədalətsiz mühitin olduğu Avropaya biz necə inteqrasiya edə bilərik? Axı onlar ədaləti görmək istəmədikləri üçün özlərini hələ də korluğa vururlarsa, ölkəmizin haqlı istək və əməllərini görməzdən gəlirlərsə biz onlarla necə bir yerdə addımlaya bilərik? Bütün bunlar bir daha onu göstərir ki, Avropa hər zaman öz davranışlarında, mövqelərində səmimiyyətdən uzaq olub, diskriminasiya halına yer verib. Nəzərə almaq lazımdır ki, Avropa bununla həm də özünün maraqlarını təhlükə qarşısına qoyur. Çünki Avropanın enerji təhlükəsizliyi bu gün birbaşa  Azərbaycandan asılıdır. Avropa İttifaqı rəsmiləri də bunu dəfələrlə vurğulayıblar.

Ən acınacaqlısı isə odur ki, bu gün Avropa hələ də xaricə demokratiya ixracı adı ilə ölkələrin daxili işlərinə müdaxilə edir, hakimiyyətlərin dəyişdirilməsinə çalışır. Ancaq harada ki, xalqla iqtidar birliyi var, orada onların avantürası baş tutmur. Necə ki, bu oyunu dəfələrlə ölkəmizə qarşı oynasalar da planları iflasa uğramışdır. Bundan başqa, hazırda dünyada davam edən ən qanlı müharibələrin də qızışdırıcıları ABŞ və onun marionetkası rolunda çıxış edən Avropa ölkələridir.  Onlar sözdə dünyada sülhə çağırış etsələr də əslində Ukraynada və Qəzzada başlayan müharibələrin başa çatmasına, atəşkəs elan olunmasına da mane olurlar. 

Qeyd edək ki, noyabr ayında Azərbaycan beynəlxalq diqqət mərkəzində olacaq böyük bir tədbirə – COP29 sammitinə ev sahibliyi edəcək. Bu sammit qlobal iqlim dəyişiklikləri və davamlı inkişaf məsələlərinin müzakirə olunacağı mühüm bir platformadır. Lakin bu əhəmiyyətli tədbir öncəsi yenə də Qərb dairələrində Azərbaycana qarşı şübhəli təzyiqlərin artdığı müşahidə edilir. Bu təzyiqlərin mərkəzində Almaniya Bundestaqının Sosial-Demokrat Partiyasından olan üzvü Frank Şvabe dayanır.

Frank Şvabe AŞPA-dakı sosial-demokratlar qrupunun və Almaniyanın təşkilatdakı nümayəndə heyətinin rəhbəri kimi tanınır. Lakin Şvabenin siyasi karyerasının anti-Azərbaycan, anti-türk və anti-İslam tezisləri üzərində qurulması, onun Azərbaycana qarşı ittihamlarının ciddiyyətliyini  sual altına qoyur. Şvabe COP29 öncəsi Azərbaycanda «siyasi məhbus» probleminin olduğunu qərəzli şəkildə iddia edib. O, bu  böhtanı ilə COP29—a qarşı siyasi təxribata hazırlaşır. Bu antiAzərbaycan ünsürün «siyasi məhbuslar» böhtanı birbaşa ermənipəstlikdən qaynaqlanır.

Şvabenin böhtanlarını, eyni zamanda, Qərbin xristian səlibçi siyasətinin və İslamofob mahiyyətinin tərkib hissəsi də adlandırmaq olar. Ona görə ki,  Qərbi Avropa ölkələri və ABŞ bu gün də bu rəzil siyasətin əsas daşıyıcılarıdır. Bütün bunlara rəğmən demək olar ki, Qərbin Azərbaycana qarşı qərəzli siyasəti  Azərbaycanın Avropa Şurasını tərk etmə ehtimalını gücləndirir. Təbii ki, qarşımızdakı bu seçim ölkəmizin müstəqil siyasətini gücləndirmək və onun milli maraqlarını qorumaq məqsədi daşıyır. Bir sözlə, əgər Azərbaycan Avropa Şurasını tərk edərsə, bu, yalnız regional siyasi balansa deyil, həm də Avropa institutlarının nüfuzuna mənfi təsir edəcəkdir.

Görünən odur ki, Avropa Şurası ölkəmizin strateji əhəmiyyətini hələ də dərk etmək iqtidarında deyildir.  Çünki Azərbaycan bu gün Avrpoanıın enerji təminatını öz üzərinə götürən qüdrətli ölkədir.

Əvvəldə qeyd etdiyimiz kimi, ABŞ və Qərbi Avropa ölkələri hələ də Azərbaycandakı siyasi və iqtisadi sabitliyi həzm edə bilmirlər. Ölkəmiz  bu təzyiqlər qarşısında qətiyyətli dayandıqca onlar daha qərəzli mövqelər sərgiləyirlər. Burada bir xüsusi məqamı da qeyd etmək lazımdır ki, Qərbin Azərbaycandakı «5-ci kolon»a təsir imkanları azaldığı üçün onlar  təxribalarını  yeni simaların, yəni yeni satqınların əli ilə həyata keçirmək istəyirlər. ABŞ və Qərbi Avropa ölkələri Cənubi Qafqazda yeni müharibə ocaqları qalamaq üçün bu gün birmənalı olaraq Ermənistanı silahlandırırlar. Onların hayları silahlandırması regionda sabitliyi ciddi şəkildə pozur. Yəni, Qərbin belə rəzil ermənipərəst siyasəti regional sülh danışıqlarına əsas maneədir.

Xüsusilə Makron hakimiyyətinin son illərdə Ermənistanı silahlandırma dəfələrlə Azərbaycan tərəfindən pislənilib. Yəni, Fransa kimi ölkələr beynəlxalq hüquq çərçivəsində hərəkət etməli olduğu halda, silah satışını həyata keçirərkən mülki əhalinin təhlükəsizliyini nəzərə almır. Bu silahlandırma siyasəti, eyni zamanda,  münaqişələrin həllini təhdid edir.

Avropa ölkələri üçün digər utancverici hadisə isə İsveç, Estoniya və Latviya səfirlərinin İsveçdən deport olunmuş Famil Xəlilovun ailəsini qəbul etmələridir. Bu, birbaşa Azərbaycanın daxili işlərinə qarışmaqdır. Həmin dövlətlərin səfirlərinin beynəlxalq hüquqa zidd olan bu davranışları bir daha göstərir ki, onlar qərəzli və ikili standarta əsaslanan siyasətlərindən hələ də vaz keçmək istəmirlər.

Elçin Zaman, «İki sahil»