13 sentyabr 2024 23:49
303

Əli Kərimlinin psevdodemokratlığı ictimai ikrahla qarşılanır

Antimilli fəaliyyəti ilə cəmiyyətdən özünü təcrid edən, Qərbdəki məlum anti-Azərbaycan fondlarının qrantlarını həzm-rabedən keçirərək, onların sifariş və tapşırıqlarını yerinə yetirən Ə.Kərimli- C.Həsənli qaragüruhu çirkin əməlləri ilə özlərini çoxdan ifşa ediblər.

Bu cütlük sosial şəbəkə seqmentlərində pafoslu çıxışlar, vətənşüvənlik edəndə yadımıza ötən əsrin 90-cı illəri, bir az da irəli getsək 80-ci illərin axırları düşür. O da ağlımıza gəlir ki, indi həmin dövr deyil. O mənada həmin dövr deyil ki, bu saxta “demokratları” artıq cəmiyyətimiz yaxşı tanıyır. Əslində hər fürsətdə “hüquqi dövlət”dən, “demokratik dəyərlər”dən danışan bu antimilli ünsürlərdən başqa bir şey gözləmək mümkün deyil. 1992-1993-cü illərdə ölkəni xaos və anarxiya meydanına çevirən AXC-Müsavat cütlüyünün törətdiyi qanunsuz əməllər yaddaşlardan silinməyib. Belə ki, 1992-ci ildə hakimiyyəti zorla, top-tüfəng gücünə zəbt edən rüsvayçı AXC-Müsavat hakimiyyətinin satqın, dönük, savadsız, flüger “rəhbərləri” Azərbaycanı qısa müddətdə parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qoydular.  Ölkədə vətəndaş qarşıdurması baş alıb gedirdi. Heç bir nəzəri biliyi, dövlətçilik təcrübəsi, idarəçilik qabiliyyəti olamyan “bəylər”in yarıtmaz idarəçiliyi ilə respublika dərin böhrana sürüklənmişdi. 

Bir daha demək istərdik ki,radikal müxalifətin Ə.Kərimli, C.Həsənli kimi “başbilənləri” də anlamalıdırlar ki, artıq yeni dövrdür, yeni reallıqlar mövcuddur. Bu düşərgədə təmsil olunan marginallar birdəfəlik yadda saxlamalıdırlar ki, Azərbaycanda xaos, özbaşınalıq, təxribat xarakterli addımlar 1993-cü ildə başa çatıb. Bu gün Azərbaycan dövləti öz vətəndaşlarının ali mənafeyini ən yüksək səviyyədə qoruyur, onlara hərtərəfli qayğı göstərir. Təbii ki, cəmiyyətimiz bunu çox yüksək dəyərləndirir. Eyni zamanda siyasi dünyagörüşü nisbətən zəif olan, prosesləri dərindən təhlil edə bilməyən vətəndaşlarımız da təxribatçıların fitnəsinə uymamalıdırlar.  Əslində cəmiyyətimiz bu antimilli ünsürlərin məkrli niyyətini çox yaxşı bilir.

Son günlər sosial şəbəkə seqmentlərində Ə.Kərimlinin trolları AXCP sədrinin məhkəməsi ilə bağlı vay-şüvən qoparırlar. Ə.Kərimlini kim məhkəməyə verib. İqtidarmı, iqtidarda təmdsil olunan hansısa hökumət üzvümü? AXCP sədrini öz partiyasının üzvü, keçmiş “cəbhəçi”, partiyada Ə.Kərimlinin avtoritar idarəçiliyinə etiraz edən Aydın Əliyev məhkəməyə verib. Məhz həmin Aydın Əliyev 1995-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasında fəaliyyət göstərib, 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Nəzarət Təftiş-Komissiyasına üzv, sonra sədr seçilib. AXCP Ali Məclisinin Rəyasət Heyətinin ümumi yığıncağının 10 iyun 2019-cu il tarixli qərarı ilə A.Əliyev partiya sıralarından kənarlaşdırılıb. Belə olan halda görəsən nədən Qənimət Zahid, Əfqan Muxtarlı, Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Nurəddin Məmmədli kimi muzdlu nökərlər bütün günü sosial şəbəkələrdə əsl həqiqətləri bir kənara qoyaraq müstəqil məhkəmə orqanlarını, hökuməti absurdcasına ittiham edirlər.

 Təbii ki, bunların əsl məqsədi həqiqət, ədalət axtarmaq deyil. Bu marginalların əsl məqsədi şər, böhtan, yalan və uydurmalarla ictimai rəyi çaşdırmağa, dövlətçiliyə zərbə vurmaq, ölkədə sabitliyi pozmaq, xaos və anarxiya mühiti yaratmaq, hökuməti gözdən salmaqdır.

 Məlum zombiləşmiş dəstənin, “cəbhəçilər”in sosial şəbəkələrdə xalqımızı, cəmiyyətimizi ittiham edən statuslarını oxuduqca, qaranlıq mənbələrdən, daha doğrusu, erməni lobbisinin təsiri altında olan bəzi beynəlxalq təşkilatlardan qrant alan radikal müxalifət nümayəndələrinin internet tv-lərdəki çıxışlarını dinlədikcə ustad şairimiz Məhəmməd Şəhriyarın dahiyanə sözlərini xatırladım. Çünki biz bu nadürüstlərin, “demokratiya aşiqi” olan bu kələkbazların, siyasi fırıldaqçıların ötən əsrin 90- cı illərində Azərbaycanımızın başına açdıqları oyunların canlı şahidləriyik. Ustad Şəhriyar deyirdi:

Qorxum budur, oyun ola,

Millət yenə qoyun ola.

Kimdir bizə boyun ola? Ki, qurdu biz qova bilək,

Qurdun şərrin sova bilək…

Yanılırsınız, Əli Kərimli və digər saxta “bəylər”, psevdodemokratlar, vətənşüvənlər! Hər şeyi dərindən saf-çürük etməyi yaxşı bacaran xalqımız əsla bir daha imkan verməz ki, o acı günləri bizə təkrar yaşadasınız…

Zahid Rza, “İki sahil”