16 sentyabr 2024 11:54
347

Azərbaycanın sülhə sadiqliyi və antiterror tədbirləri: 2023-cü ilin sentyabr hadisələri

Çoxəsrlik tarixi boyunca neçə-neçə sınaqlardan keçmiş, qədim zamanlardan insanlarının döyüşkənliyi,mərdliyi,qorxmazlığı,təbii-coğrafi şəraitinin zənginliyi, samballı maddi və mənəvi irsi ilə tanınmış Vətənimiz Azərbaycan ən müasir tarixinin son 30 ilini yenə ağır və çətin bir imtahan-qondarma Qarabağ probleminin həlli üçün mübarizədə haqqı olanı alaraq suverenliyini bərpa etməyə həsr etmişdi. Bu mübarizənin taclandıran isə heç şübhəsiz ki, 44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Qələbə idi.

44 günlük Vətən müharibəsindəki Şanlı Qələbəmiz nəticəsində Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, mədəniyyət beşiyi olan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun  Hadrut qəsəbəsi ilə yanaşı bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndini, Xocalı və Laçın rayonunun bir neçə kəndləri də daxil olmaqla ümumilikdə 300 – dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətində mühüm strateji yüksəklikləri işğaldan azad etdi, Ağdam, Laçın və Kəlbəcər şəhərlərini isə bir güllə belə atmadan öz sahiblərinə geri qaytardı. Bu böyük Zəfər Azərbaycan Respublikasının dövlətçilik tarixinə qızıl hərflərlə yazıldı.

Ağır məğlubiyyətə uğrayan düşmən kapituliyasiya aktını imzalamağa məcbur edildi. 2020-ci il 10 noyabr tarixli  Üçtərəfli Bəyanatın ən mühüm şərtlərindən biri o idi ki, erməni silahlı qüvvələri Azərbaycan Respublikası ərazilərindən çıxarılmalıdır.

Ermənistan tərəfi tarix boyunca olduğu kimi yenidən öz sözünün üstündə durmadı və təxribatlarına davam etdi. Belə ki, 2021 – ci ildə Laçın sərhəd – buraxılış məntəqəsi qurulmayana qədər Ermənistanda istehsal olunmuş minalar Azərbaycanın Qarabağ bölgəsinə gətirilmiş və müxtəlif yerlərdə bastırılmışdır.

Müharibədən sonrakı dövrdə başda cənab Prezident olmaqla, Azərbaycanın hər bir ictimai-siyasi xadimi beynəlxalq platformalarda ermənilərin ərazilərimizdə mina basdırmalarına, terorçu birləşmələrin təxribatlarına  lazımi hüquqi qiymət verilməsini dəfələrlə tələb etsə də, beynəlxalq ictimaiyyət bu məsələlərdə, xüsusi ilə minaların basdırılması və mina xərtələrinin təqdim edilməməsi ilə bağlı  Ermənistana kifayət qədər təzyiq göstərməmişdir. Bütün bu tələblərə baxmayaraq, erməni silahlı qüvvələrinin gərginliyin artmasına yönələn və təxribat xarakteri daşıyan əməlləri daha da artmış, ordumuzun mövqeləri müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulmuş, ərazilərimizin minalanması davam etmişdir.

Müharibədən sonrakı ən qanlı toqquşma isə 2022 – ci ilin 12 – 14 sentyabr tarixlərində baş vermişdir. Bu döyüşlərin səbəbi isə Ermənistan silahlı qüvvələri bölmələrinin 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecədən başlayaraq Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətməsi idi.    

Daha sonra, 2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində yerləşən  Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni şəkildə Şuşa istiqamətində təxribatlar törətmiş, aprel və may ayında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulmuşdur.

Azərbaycan dövləti hər zaman bölgədə sülh və sabitliyin təmin olunmasına çalışmış və üçtərəfli bəyanatın şərtlərinə sadiq qalmışdır.

Müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarət etdiyi  Azərbaycan ərazisindəki "Qızılbulaq” və “Dəmirli” yataqlarının qeyri – qanuni istismarı Ermənistanın üçtərəfli müqaviləyə zidd olan növbəti addımı olmuşdur.  Belə ki, heç bir ekoloji normaya əməl edilmədən təbii sərvətlərin Ermənistana daşınması Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olmuş, nəticədə Şuşa – Laçın yolunda ekologiya fəallarının dinc xarakterli aksiyası keçirilmişdir. Azərbaycanın ekoloji normativlərə uyğun olaraq apardığı mübarizə bu fəaliyyətlərin dayandırılmasına yönəldilmişdir.

Ermənistan tərəfi bununla da kifayətlənmir, öz qeyri – etik davranışlarını davam etdirirdilər. 2023-cü ilin aprel ayında Laçın yolunda baş verən təxribatlar Azərbaycan və Ermənistan arasında yeni gərginliyə səbəb oldu. Ermənistan tərəfinin 22 aprel tarixində birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın – Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsi qurmasına cavab olaraq aprelin 23-də Dövlət Sərhəd Xidmətinin bölmələri Azərbaycanın suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın–Xankəndi yolunun başlanğıcında "Laçın" Nəzarət-Buraxılış Məntəqəsini qurduğunu bildirdi.

Sentyabr ayının 19-da isə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsinin sıradan çıxması və mülki vətəndaşlarımızın həlak olması və elə həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımızın  şəhid olması  Azərbaycan  Respublikasını öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün lokal xarakterli antiterror əməliyyatlarına başlamağa vadar etdi.

Cəmi 23 saat çəkən əməliyyatın əsas məqsədi Qarabağdakı qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin zərərsizləşdirilməsi,onların hərbi obyektlərinin məhv edilməsi və Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması idi. Əməliyyat zamanı Azərbaycan Ordusu müasir hərbi texnika və yüksək dəqiqlikli vasitələrdən istifadə edərək strateji mövqelərdə yerləşmiş qanunsuz erməni silahlı qüvvələrini sıradan çıxardı. Beləliklə , Ağdərə , Xoçavənd , Xocalı və Xankəndidən separatçıların qovulması ilə ərazi bütövlüyümüz tam bərpa olundu.

Xüsusi vurğulamaq lazımdır ki, əməliyyat zamanı Ordumuz tərəfindən mülki əhali və infrastruktur obyektləri qətiyyən hədəf alınmamış,  yalnız legitim hərbi hədəflər sıradan çıxarılmışdır. Müdafiə Nazirliyimiz mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün bütün vasitələrdən istifadə etmişdir. Mülki əhali hərbi obyektlərdən kənar durmağa çağırılmış,  bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilmiş, eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilmiş və məlumat vərəqələri paylanılmışdır. Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılmışdır. Bütün bu tədbirlər sübüt edir ki, Azərbaycan dövləti hər zaman  erməni əsilli əhalisinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməyə hazırdır.

Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq  təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunmuşdur. Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstərilmişdir.

Azərbaycanın Böyük Zəfəri nümayəndələrimiz ilə görüşdən dəfələrlə imtina edən erməni icması nümayəndələrini, Yevlax şəhərindəki  danışıqlara vadar etdi.

Görüşdə Separatçı rejimin ləğvi, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiya məsələləri müzakirə edilimişdi. Eyni zamanda, Qarabağın erməni əhalisinə Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq, regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanları yaradılmışdır.

Seperatçı rejimin rəhbəri Samvel Şahramanyan  sentyabrın 28 – də qondarma rejiminin ləğvi ilə bağlı sənəd imzaladı.  Qeyri-qanuni erməni ordusu Qarabağ ərazisindən tərkisilah edildi və Azərbaycan öz dövlət suverenliyini tam şəkildə bərpa etdi. Bu əməliyyatlar nəticəsində Xankəndi, Xocalı, Ağdərə və digər strateji şəhərlər üzərində tam nəzarət və  suveren Azərbaycanın Respublikasının ərazi bütövlüyü tam şəkildə  təmin edildi , üçrəngli bayrağımız bütün torpaqlarımız üzərində yüksəldildi.

Bu il artıq ərazi bütövlüyümüz tam bərpa olunmasının birinci ili tamam olur. Ali Baş Komandanımız  İlham  Əliyevin rəhbərliyi ilə, müzəffər Ordumuzun keçirdiyi bu antiterror əməliyyatı, suveren dövlətimizin qüdrətini və  lazım gəldikdə ədaləti bərpa etmək qabiliyyətini  bütün dünyaya bir daha sübut etmişdir.

Ziyafət Əsgərov

VI Çağırış Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri