17 sentyabr 2024 01:26
213

Sizdə ədalət də, fəzilət də yox...

USAID kimi təşkilatların işğalçını silahlandırmaq, müdafiə olunana zərbə vurmaq şakərləri  namərdlikdən başqa bir şey deyil

Təcavüzkara çanaq tutan bəzi beynəlxalq təşkilatlar bilə-bilə ki, Ermənistan qonşu ölkələrə qarşı silahlanır, pulu onun başına yağış kimi yağdırırlar. Haqqında söhbət açacağımız qurum bunların arasında ən fəalıdır. Unutmamışıq ki, bu təşkilat otuz iki illik Ermənistan-Azərbaycan münaqişəsi dövründə də birtərəfli qaydada işğalçıya daim maddi-mənəvi himayə göstərirdi. Ərazisi işğal edilən ölkəyə kömək etməməyin, əksinə  kürəyinə xəncər saplamağın adı nədirsə bu təşkilat həmin adı qazanıb.

Bu günlərdə məlum olub ki, ABŞ-ın  Beynəlxalq İnkişaf Agentliyi (USAID) dəstək məqsədilə Ermənistana 5 milyon dollar vəsait ayıracaq.

Bu, bir danılmaz faktdır ki, ABŞ USAID, Soros Fondu və s. qurumları vasitəsilə bu ölkədə aktiv fəaliyyətə keçib. Təsis olunduğu vaxtdan etibarən təmsil etdiyi ölkənin, müxtəlif lobbi təşkilatlarının maraqlarının ifadəçisi kimi ad çıxaran USAID üzvlərinin bir çoxunun ABŞ kəşfiyyatının əməkdaşları olduğu sirr deyil. Yada salaq ki, baş nazir Nikol Paşinyan Qərb dövlətlərinə səfər edən zaman Ermənistanın Belçikadakı səfirliyində USAID rəhbəri Samanta Pauerlə görüş keçirmişdi. Təşkilatın sədri də bildirmişdi ki, təmsil etdiyi qurum İrəvanla sıx əməkdaşlıq çərçivəsində "islahatlara" dəstəyini davam etdirəcək.

Yayılan məlumatlara görə, USAID ABŞ-ın Ermənistanda aktivləşməsi, bu ölkəyə hərbi yardımları artırması fonunda oradakı vətəndaş cəmiyyəti ilə sıx təmaslara başlayıb. Bu günlərdə İrəvanda Ermənistan hökumətinin nümayəndələri ilə bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri arasında “Qarabağdan məcburi köçkün düşmüş qadınların psixoloji və hüquqi ehtiyacları” adlı görüş keçirilib. USAID ilə yanaşı, Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən ABŞ-ın digər bir təşkilatı - “Freedom House” tədbirin keçirilməsinin təşəbbüskarı olub. Tədbir Ermənistanın “Dəyişiklik” QHT-sinin vasitəçiliyi ilə keçirilib. Aydındır ki, bunların hamısı Ermənistanın "pul tələsi"dir.

Unutmaq olmaz ki,  Ermənistan-Azərbaycan münaqişəsinin davam etdiyi oruz iki il USAID-in "əkiz qardaşı" Corc Soros fondunun bir əli işğalçı dövlətin üstündə olub. Hazırda reallaşdıracaq yeni layihə barədə məlumatı Ermənistan hökumətinin mətbuat xidməti baş nazir Nikol Paşinyan və USAID-in rəhbəri Samanta Pauer arasında İrəvanda keçirilən görüşdən sonra yayıb. Pauer qeyd edib ki, ABŞ administrasiyası Ermənistan hökumətinin demokratiyanın gücləndirilməsi, iqtisadi inkişafı, həmçinin cəmiyyətin bütün sahələrində ölkənin dayanıqlığının artırılması üzrə proqramlarını ardıcıl dəstəkləməyə hazırdır. Əvvəlki kimi.

Bəs barəsində danışdığımız USAID nə vaxt yaranıb, məqsədi-məramı nədir? Keçən əsrin ortalarında "Marşal planı" çərçivəsində yaradılmış, əslində, uzunmüddətli iqtisadi və sosial inkişafa yönəlməli olan ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi kənd təsərrüfatı, ticarət, səhiyyə, demokratiya, humanitar yardıma dəstək adı altında dövlətlərin asılılıq altına salınması istiqamətində çoxsaylı proqramlar reallaşdırıb. Açıq Cəmiyyət İnstitutunun yetirməsi olan və Sorosun dəstəyi ilə karyera qurmuş Samanta Pauerin USAID-ə rəhbər təyin olunması isə təsisatın fəaliyyətini daha da radikallaşdırıb, İslam dininə və Türk dünyasına, ələlxüsus Azərbaycana münasibətdə hücumlar intensivləşib. İkinci Qarabağ müharibəsi və antiterror tədbirləri dövründə isə USAID açıq formada tərəf kimi davranmış, bu gün də həmin ayrı-seçkiliyini eyni qaydada davam etdirir. Antiterror tədbirlərinin ardınca Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən yaxalanan separatçı rejimin keçmiş "liderlərinin" istintaqa verdiyi ifadələr USAID-in həm də korrupsiyalaşmış mexanizmə çevrildiyini meydana çıxarır. Təsadüfi deyil ki, separatçı "liderlərinin" saxlanmasının ardınca Samanta Pauer böyük həyəcanla Ermənistana səfər edib və Azərbaycan-Ermənistan şərti sərhədində jurnalistlərə müsahibəsində Azərbaycanı açıq şəkildə ittiham edib, həmçinin Hayastanın işğal və təcavüz siyasətini müdafiə edib.

O vaxtdan bu yana ötən dövr ərzində ABŞ Dövlət Departamentindən aldığı tezislər əsasında USAID-in imkanları səfərbər ediĺərək, beynəlxalq ictimai rəydə Azərbaycan əleyhinə rəy formalaşdırılması, həmçinin ölkəmizin daxilində süni qarşıdurma yaradılması istiqamətində çoxsaylı, çoxşaxəli fəaliyyətlərə start verilib.

Dediyimiz kimi, bir əli daim işğalçının “ətəyində” olan USAID-in Ermənistana beş illik yardım paketini iki dəfə artırması da məhz bu çərçivədə qiymətləndirilməlidir. Görünən odur ki, ABŞ hələ də regionda sabit, təhlükəsiz siyasi mühitin qurulmasını arzulamır və Beynəlxalq İnkişaf Agentliyi də bu prosesdə ənənəvi olaraq mexanizm kimi çıxış etməkdədir. Lakin bölgədə artıq elə bir reallıq yaranıb ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin proseslərə hər hansı formada əsaslı təsir etmək imkanı minimuma enib və təsisatın Azərbaycan cəmiyyətinə təsiri mümkünsüzdür. Çünki otuz iki illik münaqişə müddətində bunların dabbaqda gönünə də bələd olmuşuq. Bu baxımdan USAID daha çox gücünü Ermənistan daxilində fəaliyyətə, o cümlədən bu ölkəyə təcavüzkar məqsədlərin dəstəklənməsi üçün əlavə yardımlar ayrılmasına yönəldib. Görünür, hələ bilmirlər ki, erməni izi ilə gedənlər sonda xeyir tapmayıblar.

Öz imkanlarına qalanda Ermənistan ən kasıb dövlətdir. Lakin diaspordan, ayrı-ayrı ölkələrdə yaşayan varlı haylardan və xarici ağalarından gələn pullar çox olduğuna görə silahlanmaya da müəyyən miqdarda vəsait ayıra bilir. Yəni, bədxahlarımızın planlarına tamamilə uyğundur. Lakin “Quyuya su tökməklə  quyu sulu olmaz”-deyiblər. Bəs haylar boğaz ortaqlarının imkanı tükənəndə nə edəcəklər? Yəqin o zaman “yolunmamış qaz” axtaracaqlar. Axı,  “dostlarını” “yeyib” tükədəndən sonra çirkli əski parçası kimi bir kənara atmaq hayların xislətidir. Bu cür “nümunələr” saysız-hesabsızdır. Öz iqtisadiyyatı ilə yaşamağı bacarmayanların sonlarının necə olacağını isə özlərindən başqa heç kim bilə bilməz. Allah axırlarını xeyirə calamasın.

Vəli İlyasov, “İki sahil”