17 sentyabr 2024 16:39
174

İrana düşmən olan cəbhə Zəngəzur dəhlizinin əleyhinədir, Tehran bu tələyə düşməməlidir - Mehmet Perinçek

Fransa, ABŞ və Qərbin timsalında İranın düşmənlərinin toplaşdığı Atlantika cəbhəsi Zəngəzur dəhlizinin əleyhinə çıxış edirlər və Tehran bu tələyə düşməməlidir.

“İki sahil” xəbər verir ki,  bu fikirləri AZƏRTAC-la tanınmış türkiyəli tarixçi, M.Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunun professoru Mehmet Perinçek bölüşüb.

Türkiyəli professor deyib: “Regional inteqrasiya daim bu və ya digər regionda sülhün və sabitliyin təminatıdır. Zəngəzur dəhlizi və ya başqa logistika layihələri region ölkələrinə iqtisadiyyatı inkişaf etdirməyə və öz aralarında iqtisadi əlaqələr qurmağa imkan verir. Bu, həmçinin bütün tərəflərə - təkcə Azərbaycan, Türkiyə, Rusiyaya deyil, həm də İran və Ermənistana faydalıdır. Bununla belə, Qərb bu ölkələrin regional inteqrasiyasına mane olmaq istəyir, onların arasında, xüsusən də Azərbaycanla İran, Ermənistanla Azərbaycan, Ermənistanla Rusiya, Türkiyə ilə Ermənistan arasında münaqişə yaratmağa, gərginliyi artırmağa çalışır ki, bu dövlətlər kənar müdaxiləni aradan qaldırmaq üçün birləşməsin. Məhz Zəngəzur dəhlizi kimi layihələr region ölkələrinə Qərbin müdaxiləsinin təməlini məhv etməyə kömək edir. İqtisadi inkişaf, sülh, sabitlik, güclü logistika, regional ölkələr arasında iqtisadi, siyasi əlaqələr olan yerdə Qərbin müdaxilə üçün heç bir aləti yoxdur”.

Bu baxımdan ekspert əlavə edib ki, Zəngəzur dəhlizi və bu kimi layihələr Qərb strategiyasının iflası deməkdir. “Ona görə də Tehran başa düşməlidir ki, bu cür layihələr İran üçün faydalıdır. Razılaşma tələb edən detallar varsa, o zaman Türkiyə, Rusiya, İran, Azərbaycan bunları müzakirə edib ortaq dil tapa bilərlər”, - deyə M.Perinçek bildirib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizindən danışanda anlamaq lazımdır ki, bu layihə ətrafında iki cəbhə mövcuddur. “Bunlardan biri Atlantika, Qərb cəbhəsidir və bu dəhlizə qarşıdır. Onlar İranın düşməni olan Qərb dövlətləri – ABŞ və Fransadır. Bu, Tehran üçün Qərbin tələsinə düşməməklə bağlı mühüm siqnaldır. İran öz düşmənlərinin cəbhəsini dəstəkləsə, bu, tamamilə məntiqsiz olar. Düşünürəm ki, Ankara, Moskva və Tehran bu məsələ ilə bağlı danışıqlar masası arxasına əyləşsələr, ortaq dil tapa biləcəklər və Qərbin regionda yeni münaqişələr törətməsinə imkan verməyəcəklər”, - deyə türkiyəli tarixçi sözlərini yekunlaşdırıb.