2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu mühüm qələbələr qazandı. Xüsusilə noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin taleyində həlledici rol oynadı, bununla da Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu.
İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar fonunda məhz Ermənistan tərəfinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın tələblərinə etinasız yanaşması uzunmüddətli və davamlı sülhün təmin olunması istiqamətində aparılan bütün səyləri puça çevirdi. Vətən müharibəsindən sonra rəsmi İrəvan Azərbaycan tərəfinin bütün səmimi sülh çağırışlarını cavabsız qoyaraq, qəbul etdiyi öhdəliklərin icrasını ləngitməyə, gələcək revanşist iddialarının gerçəkləşəcəyi ümidi ilə status-kvonu saxlamağa və beləliklə, iki ölkə arasında sülh müqaviləsinin reallaşmamasına çalışırdı. Ancaq aydın məsələ idi ki, bölgəmizdə daimi sülh və sabitliyə nail olmağın yeganə yolu məhz erməni silahlı qüvvələrinin ölkəmizin Qarabağ bölgəsindən qeyd-şərtsiz çıxarılması və qondarma rejimin buraxılması idi.
Bütün bu qanunsuz əməllərin qarşısının alınması üçün ölkəmiz tərəfindən 2023-cü il aprel ayının 23-də Laçın rayonunda Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması, eyni zamanda humanitar məqsədlə paralel olaraq, Ağdam-Xankəndi yolunun təklif edilməsi Ermənistan tərəfinin bütün xain planlarını alt-üst etdi. Öz çirkin məqsədlərinə çata bilməyən düşmən bölgədə erməni sakinlərinə qarşı “soyqırım”, “blokada” və “humanitar böhran” barədə yalan və əsassız iddialarla çıxış etməklə, humanitar yardım prosesini beynəlxalq müstəvidə siyasiləşdirməyə, ölkəmizə qarşı qarayaxma kampaniyası aparmağa başladı.
Hər dəfə müzəffər Ordumuz ermənilərə qarşı qisas əməliyyatları keçirmiş və düşmən layiqli cəzasını almışdı. Lakin görünən o idi ki, tarixən aldıqları cəzalardan dərs götürməyən ermənilər öz mənfur, xəyanətkar əməllərindən əl çəkmək fikrində deyildilər. Bu baxımdan, Üçtərəfli Bəyanatın tələblərinin kobud şəkildə pozulması, qəbul edilmiş öhdəliklərin yerinə yetirilməməsi və digər bu kimi mənfi hallar yaxın gələcəkdə bölgədə yenidən hərbi əməliyyatların başlanmasını, zəruri tədbirlərin həyata keçirilməsini qaçılmaz edirdi.
2023-cü il sentyabrın 19-u səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz silahlı birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə ordumuzun təminat yollarının minalanması nəticəsində iki mülki şəxs və dörd polis əməkdaşımızın şəhid olması ölkəmizin səbir kasasını daşırdı.Erməni təxribatların qarşısının alınması məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.
Antiterror tədbirlərinin məqsədi Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda Ermənistana tabe olan separatçı qüvvələrin nəzarəti altındakı hərbi hədəfləri zərərsizləşdirmək və bununla da ölkəmizin suverenliyini tam təmin etmək idi. Rəşadətli Silahlı Qüvvələrimiz cəmi 23 saat 43 dəqiqəyə bu müqəddəs vəzifəsini yüksək peşəkarlıqla yerinə yetirdi. Nəticədə erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağda yaşayan ermənilər isə Azərbaycanın təklif etdiyi vətəndaşlıqdan imtina edərək separatçı rəhbərlərinin təkidi ilə “ana Hayastana” üz tutdular.
Sentyabrın 28-də Qarabağdakı separatçı rejimin sonuncu “rəhbəri” Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənədi imzaladı. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək ölkəmizi tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi. Antiterror tədbirləri nəticəsində Qarabağdakı xunta rejimi, bu rejimə rəhbərlik edən və imkan düşən kimi xalqımıza qarşı hədə-qorxular səsləndirən, müharibə olacağı təqdirdə Bakıya qədər gələcəklərini deyən sözdə “prezidentlər”, “nazirlər” və “generallar” bir-birinin ardınca həbs edilib, Bakıya gətirildilər. Azərbaycan oğullarının müşayiəti ilə onların qolları bağlı vəziyyətdə həbsxana kameralarına salınması isə dünya informasiya agentliklərinin ən çox tirajladığı xəbərlərinə çevrildi.
Lokal xarakterli antiterror tədbirləri ordumuzun hərbi gücünün, yüksək döyüş hazırlığının və səriştəsinin göstəricisi oldu. Hər günü bir şərəfli tarix olan 44 günlük Vətən müharibəsi zamanı ordumuzun nümayiş etdirdiyi müasir döyüş üslubu dünya hərb tarixində necə yeni səhifə açmışdısa, bu cür qısa müddətli uğurlu antiterror tədbirləri ilə o, yenidən tarix yazdığını bütün dünyaya bəyan etdi. İyirmi dörd saatdan da az müddətə sığan və uğurla yekunlaşan antiterror tədbirləri unikal hərbi əməliyyat kimi dünya səviyyəsində böyük heyranlıq doğurdu.
2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin 3-cü ildönümünə həsr olunan təntənəli hərbi paradın keçirilməsi Qələbəmizin möhtəşəm hadisəsinə çevrildi.
Antiterror tədbirləri Azərbaycanın hərbi gücünün hərbi qüdrət səviyyəsinə qalxdığını, ölkəmizdə hərbi quruculuq işinin mükəmməl şəkildə davam etdirildiyini və xalqımızın qələbə əzminin sarsılmaz olduğunu bir daha nümayiş etdirdi. Antiterror tədbirləri ilə torpaqlarımızın işğal altında qalmasına son nöqtə qoyuldu. Düzdür, buna qədər 44 günlük müharibədə işğal altında olan torpaqlarımızın böyük bir qismi azad olunmuşdu. Lakin bu tarixi missiyanın tam yekunlaşması məhz antiterror tədbirləri ilə baş tutdu. Məhz buna görə də 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal antiterror tədbirləri hər zaman tariximizin qürur səhifəsi olaraq xatırlanacaq.
44 günlük müharibə, ondan sonrakı antiterror tədbirlərindən ermənilərin dərs çıxaracağı, qalan mübahisələrin danışıqlar masası arxasında müzakirəsinə daha çox üstünlük verəcəkləri hesab edilirdi. Amma Ermənistanda baş verən son hadisələr onların biabırçı məğlubiyyətlərindən dərs çıxarmaq niyyətindən çox-çox uzaq olduğunu göstərir. Yenə Azərbaycana qarşı iddialar, sərhəddə baş verən təxribatlar, Fransadan, Rusiyadan, Hindistandan alınan silahlar… Bütün bunlar ermənilərə yenidən dərs verməyin zəruriliyini gündəmə gətirir.
Yaqut Ağaşahqızı, "İki sahil"