18 sentyabr 2024 23:39
262

Bu həmin Gültəkin Hacıbəylidir ki…

Bu gün Azərbaycanın dağıdıcı müxalifət düşərgəsi milli mənafelərini qəpik-quruşa satan, əqidəsini az qala hər gün buqələmun kimi dəyişən insanlar yığınına çevrilib. Belələrindən biri də qondarma «Milli Şura»nın əsas sima(sız)larından olan Gültəkin Hacıbəylidir. O, ötən gün yazdığı statusunda hər vəclə AXCP sədri Əli Kərimlinin növbədənkənar parlament seçkilərini boykot etməsini müdafiə edərək yazır: «Dərd niyə Əli Kərimli oyuncaq seçkilərə gedib «məğlub olmadı, özünə «sən bacarmırsan, getməlisən» dedirtmədi» dərdidir. Bu qədər sadə.»

Gültəkin Hacıbəyli  hələ də anlamır ki, Əli Kərimlinin ən yaxınları belə onun bu səhv tatikası ilə barışmayaraq istefa verirlər. Məsələn, AXCP-nin  Rəyasət Heyətinin üzvü Asif Yusifli istefasını belə əsalandırıb ki, sədrləri Əli Kərimlinin xroniki boykot xəstəliyindən bezdiyi üçün partiyanı tərk edib. Təbii ki, bu istefa son deyildir və yeni dalğa gözlənilir.

Bu həmin Gültəkin Hacıbəylidir ki, az qala hər gün beynəlxalq təşkilatlara ölkəmizdən leqal və qeyri- leqal donoslar ötürməklə də məşhurlaşıb. Ötən dövrlərdə sosial şəbəkələrdə yazdığı statusları ilə riyakarlığın pik nöqtəsinə qədər yüksəlib. Belə ki, o,  İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan dövlətinin ermənilərin Laçın-Xankəndi yolunda qurduğu «humanitar şou»ya qarşı qətiyyətli mövqeyindən ciddi şəkildə narahat olaraq yazırdı: «Azərbaycan iqtidarı əbədi hakimiyyət maraqları uğrunda və yanlış, səthi hesablamalarından dolayı 3 min şəhid verərək və Türkiyənin böyük mənəvi dəstəyi ilə əldə etdiyimiz hərbi qələbənin nəticələrini sıfırlamaqla məşğuldur. Qarabağ ətrafında beynəlxalq mövqelərimizin hər gün daha çox zəifləməsini ürək ağrısı ilə izləməkdəyəm. Elə məsələlər var ki, açıq danışmaq olmur. Amma anladığım, hiss etdiyim bir gerçək var: odla oynayırıq. Dayanmaq lazımdır.» 

Bəli, məhz Hacıbəylinin bu sərkili ermənipərəst çıxışları bir daha göstərirdi ki, haqsızdır və Azərbaycan dövləti heç də onun düşündüyü qədər aciz və gücsüz deyildir. Ona görə ki, 2023-cü ilin sentyabrın 19-da ordumuzun Qarabağda başladığı və bir günə uğurla başa vurduğu antiterror tədbirləri nəticəsində separatçı xunta birdəfəlik ləğv edildi. Yeri gəlmişkən, bu kəmsavad xanımdan soruşmaq gərəkdir ki, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tamamilə təmin etmək, onun sərhədlərini qorumaq, düşmənin hərbi təxribatlarının qarşısını almaq, Meşəli və Xocalı soyqırımlarının təşkilatçılarını həbs etmək, separatçıların ordumuza qarşı məkrli oyunlarını pozmaq nə vaxtdan odla oynamaq hesab edilir? Sizin mənsub olduğunuz dağıdıcı müxalifətdən fərqli olaraq Azərbaycan hakimiyyəti ölkəmizə qarşı qalanan çox müharibə  ocaqlarını söndürüb. Siz isə hələ də onun külü ilə oynayırsınız.

Gültəkin Hacıbəylini tanıyanlar iddia edirlər ki, ondakı pula hərislik, şöhrətpərəstlik onu hətta dələduzluq hərəkətlərinə də sövq edib. Bunu təkcə onun siyasi bioqrafiyasına bələd olanlar demirlər, həm də keçmiş qayınanası və həyat yoldaşı bu barədə ictimaiyyətə dəfələrlə məlumatlar veriblər. Qaynanası iddia edirdi ki, gəlini onun ailəsinə qarşı dələduzluq edib. Məhz onun bu əməlinə görə müflis olduğunu bildirən qaynana Nəhayət  Məmmədova faktla, sübutla bəyan etdi ki,  Gültəkin Hacıbəyli hələ oğlu Mahmud Mehdiyevlə nikahda olduğu  zaman ondan mənzilini təmir etdirmək və evinə mebel almaq üçün 50 min dollar borc alıb. Sonradan qayınana nə qədər xahiş və tələb etsə də keçmiş gəlini aldığı pulu qaytarmayıb.

Gültəkin Hacıbəyli üçün şəxsi mənafeyə xidmət o qədər güclüdür ki, o, vaxtilə ünvanına təriflər yağdıran qurumları və şəxsləri  bu gün, necə deyərlər,  «ağ yuyub qara sərməkdən» belə çəkinmir. Məsələn, o, deputat olduğu vaxtlarda Fövqəladə Hallar Nazirliyini respublikanın ən yaxşı qurumlarından hesab edirdi. Ona görə ki, qardaşı məhz bu qurumda çalışırdı. Bu, o vaxtlar idi ki, Hacıbəyli hələ müxalifətə keçməmişdi. Bu, o vaxtlar idi ki, xanım deputat mandatını yellədə-yellədə indi çiyin-çiyinə dayandığı adamları ən ağır sözlərlə təhqir edirdi. Lakin qardaşı işdən çıxandan sonra bu quruma qarşı da münasibət 180 dərəcə dəyişdi. Bu da faktdır ki, Gültəkin Hacıbəylini əsəbləşdirən həm də neçə illərdir mandatsız qalmasıdır. O, deputat mandatına sahib olduğu illərdə də ticarət obyektlərinin, torpaq paylarının, mənzil və villalarının sayını qohum- əqrabalarının sayına çatdırmışdı.

Azərbaycan demorkatik ölkədir. Hər kəs istənilən şəxsi, yaxud qurumu tənqid edə bilər. Lakin Hacıbəylinin vaxtilə ağızdolusu təriflədiklərini indi tənqid etməsinin nə demorkatiya, nə də söz azadlığı ilə heç bir əlaqəsi yoxdur. Bunun bir adı var- nankorluq. Yəni, mənfəətpərəst insan üçün mənfəət qurtaranda  nankorluq başlayır. Təbii ki, bu, Gültəkin Hacıbəylinin mənsub olduğu düşərgənin xarakterik davranışıdır.

Bəli, Gültəkin Hacıbəyli vaxtilə dediklərini unutmağa çalışa bilər, lakin tarix heç nəyi unutmur. Təbii ki, hər bir insanın bioloji olaraq iki üzü olur, amma Gültəkin Hacıbəyli kimilərinin isə 40 üzü var desək, yanılmarıq.

Elçin Zaman, «İki sahil»