19 sentyabr 2024 01:58
185

Biz Niderlanda demirik ki...

Bizdən min kilometrlərlə uzaqda olan bu ölkəni daxili işlərimizə qarışmağa nə vadar edir?

İşğalçı Hayastanın bir çox ölkələrin əziz-xələfi olduğunu bilmirdik. Rusiya imperiyası tərəfindən Azərbaycan ərazisində zor gücünə qondarılmış bu ölkə 1988-ci ildə soxulduğu torpaqları daha da genişləndirmək üçün ölkəmizə yenidən təcavüz edəndə marığa yatmış həmin bədxahlar ona kömək məqsədi ilə üzə çıxdılar. "Ələkçinin tük verəni" rolunu oynayan haypərəstlər hər tərəfdən Azərbaycana diş qıcadılar, ölkəmizi işğalla barışmağa çağırdılar. Onlar canlarını oda-közə yaxıb təcavüzkar Ermənistana hərtərəfli yardım etdilər. Lakin Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində və 2023-cü ilin sentyabrında Qarabağda bir günlük lokal antiterror tədbirlərində möhtəşəm qələbələri ilə onları peşman etdi. Buna baxmayaraq bədxahlar yenə də Ermənistana maddi və mənəvi dəstəklərini davam etdirməkdədirlər. O dövlətlərin rəhbərliyində təmsil olunanlar ermənilərdən artıq ermənilik edirlər. Bu sırada Azərbaycandan min kilometrlərlə uzaqda yerləşən Niderland da var.

"Niderland tərəfi növbəti dəfə Azərbaycana və postmünaqişə dövründə regiondakı mövcud vəziyyətə münasibətdə qərəzli yanaşma nümayiş etdirir."

Bu fikri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Niderland Krallığı tərəfindən 13 sentyabr 2024-cü il tarixində dərc olunmuş hökumət proqramının "Beynəlxalq təhlükəsizlik" bölməsində yer alan iddialarla bağlı yerli medianın sualına cavabında bildirib: "Əvvəla, bu ölkənin Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini "Dağlıq Qarabağın ələ keçirilməsi" kimi qeyd etməsi qəbuledilməzdir. Qarabağ bölgəsi hər zaman ölkəmizin ayrılmaz hissəsi olub və 30 ilə yaxın Ermənistanın qanunsuz işğalı altında idi.

Niderlandın Ermənistanın bu qanunsuz hərəkətlərinə göz yumması təəssüf doğurur. Azərbaycanın bu ərazilərin azad edilməsi ilə bağlı tədbirləri beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, habelə bu və ya digər şəkildə yanlış dəyərləndirilə bilinməyəcək qədər ölkəmizin suveren hüququ olub. Bununla yanaşı, biz Azərbaycanın Qarabağ bölgəsinin qondarma "Dağlıq Qarabağ" şəklində yanlış adlandırılmasını qətiyyətlə rədd edirik. Bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının daha bir bariz təzahürüdür. Azərbaycanda "Dağlıq Qarabağ" adlı inzibati və ya coğrafi vahid olmadığını, habelə hər bir dövlət və təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində Azərbaycan Respublikasının müvafiq orqanları tərəfindən standartlaşdırılmış və Birləşmiş Millətlər Təşkilatının Coğrafi Adlar üzrə Ekspertlər Qrupu çərçivəsində qəbul edilmiş coğrafi adlara istinad etməli olduğunu bir daha təkrar edirik.

Biz Niderland tərəfini Azərbaycan və Niderland arasında ikitərəfli münasibətləri daha da sarsıdan və regionun beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında gələcək inkişafına mane olan bu cür bəyanatlara son qoymağa çağırırıq".

XİN rəsmisinin fikirlərinə onu əlavə etmək olar ki, ölkəmizin tarixində və coğrafiyasında "Dağlıq Qarabağ" adlı ərazi olmayıb. Bu ifadə 1923-cü ildə Sovet hökuməti tərəfindən  quraşdırılıb və özü "dünyasını" dəyişəndən sonra qondardığı qurum da statusu ilə bərabər "gəbərib." Təəccüb doğuran odur ki, Niderland daşını başına döydüyü hayların Azərbaycan torpaqlarını necə ələ keçirdiklərini bilmir və burnunu bilmədiyi işlərə soxur. Sivil dünyada hələ də krallıqdan irəliyə gedə bilməyən Niderlanda nə düşüb ki, özündən min kilometrlərlə uzaqdakı ölkələrin daxili və xarici işlərinə qarışır. Bu haqqı ona kim verib? Üçüncüsü, bəyəm Niderland belə üz bahəm edib ki, BMT-nin qəbul etdiyi qərarları boynunun ardına vurur?

Niderlandın sifətindəki yüz səksən illik qara ləkə hələ təmizlənməyib. Təəssüflər ki, Boneyra adası hələ də Hollandiyanın müstəmləkəsidir, ancaq hansı səbəbdənsə BMT-nin dekoloniziasiya, yəni müstəmləkçilikdən azad olunmalı olan adalar siyahısına salınmayıb.

Boneyra adasının  nə zaman işğal edilib müstəmləkəyə çevrildiyi, sərvətlərinin necə istismar edildiyi təxminən məlumdur. Ona görə "təxminən" deyirik ki, işğal tarixi ilə bağlı elə də geniş bilgi yoxdur. Bu da təbiidir. Çünki uzun illər hərtərəfli istismar edilən bir kiçik xalq haqqında müstəmləkəçi Hollandiya geniş məlumatların əks olunmasına mane olub. Yəni, bonyeralılar möhkəm informasiya blokadasında saxlanıblar. Bu faktdan məlum olur ki, özü qəddar müstəmləkəçi olan, bir xalqın sərvətlərini əlindən alan və əsarət altında əzən Niderland digər işğalçıya-Ermənistana niyə dəstək verir. Yəni, hər ikisi eyni yolun yolçularıdır.

Ancaq biz ki, onun zəncirini tərpətmirik. Məsələn, biz demirik ki, niderlandlı kişilər şalvar əvəzinə niyə arvad kimi don geyinir və ya oğlanlar bir-birləri ilə evlənirlər? Yaxud da ittiham etmirik ki, özünə aid olmayan adaları niyə zəbt edib? Azərbaycan Niderlandın daxili işlərinə qarışmadığı kimi haqlı olaraq ondan da bizim daxili işlərimizə qarışmamasını tələb edir. Bu, həm də hamılıqla qəbul edilmiş beynəlxalq hüququn tələbidir.

Vəli İlyasov, "İki sahil"