19 sentyabr 2024 11:12
114

Qərbin riyakar anti-Azərbaycan siyasəti regiona yaxşı heç nə vəd etmir

Cənubi Qafqazda militarizasiya siyasəti həyata keçirən məlum dairələrin Ermənistanı silahlandırması, humanitar yardım adı altında təcavüzkar ölkəyə öldürücü silahlar göndərməsi, güclü maliyyə dəstəyi göstərməsi bölgədə yeni münaqişə ocağının yaranmasına, həmçinin rəsmi İrəvanın sülh prosesindən yayınmasına təkan verir.

Bu gün Azərbaycanın müstəqil siyasət yürütməsi, regional və qlobal proseslərdə rolunun gündən-günə artması, beynəlxalq nüfüzunun güclənməsi, Cənubi Qafqazın lider dövlətinə çevrilməsi Qərbdəki bəzi “klassik” İslamofob, Azərbaycanofob dairələri, ermənipərəst qüvvələri ciddi narahat edir. Ölkəmizin uğurlu diplomatik gedişləri ilə xarici siyasətdə böyük üstünlüklər qazanması, milli və dövlətçilik maraqları ilə bağlı qəti və prinsipial mövqe sərgiləməsi, bölgəni mehriban qonşuluq, sülh, əməkdaşlıq məkanına çevirmək üçün ciddi səylər göstərməsi ABŞ və Avropanın bəzi ölkələrindəki anti-Azərbaycan dairələri hədsiz dərəcədə qıcıqlandırır.

İkinci Qarabağ müharibəsindəki tarixi Zəfəri, 24 saatlıq lokal antiterror tədbirləri ilə ərazi bütövlüyünü və suverenliyini təmin edən, kənardan heç bir dəstək olmadan işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda irimiqyaslı bərpa-quruculuq işlərini uğurla davam etdirən, özünün geosiyasi maraqlarını dönmədən müdafiə edən Azərbaycan bu gün Qərbdəki ermənipərəst dairələrin təxribatları ilə üzə-üzə qalıb. Azərbaycanın respublikamızın tərəqqisi, eləcə də regionda davamlı sülhün təmin olunması istiqamətində aydın strateji hədəfləri naminə əsaslı prioritet layihələr gerçəkləşdirməsi bölgədə geosiyasi maraqları olan güc mərkəzlərini heç də qane etmir.

Cənubi Qafqazı özünün təsir dairəsinə daxil etmək istəyən ABŞ, eləcə də bilavasitə Ağ Evin diktəsi ilə fəaliyyət göstərən Avropadakı bəzi dairələr ölkəmizə təzyiq göstərmək üçün bütün rıçaqlarını işə salıblar. Sentyabrın 19-da ermənipərəst konqresmenlər Kristofer Smit və Ceyms MakQovernin həmsədrliyi ilə Tom Lantos İnsan Hüquqları Komissiyasında Azərbaycanla bağlı dinləmələr keçiriləlməsinin nəzərdə tutulması bunun əyani təsdiqidir. Amerika Erməni Komitəsi tərəfindən dəstəklənən dinləmələrdə əsas müzakirə mövzusunun “hərbi əsirlərin və siyasi məhbusların vəziyyəti, Qarabağda erməni mədəniyyət obyektlərinin statusu, ermənilərin Qarabağa qayıtmaq hüququ” olması erməni lobbisi ilə ABŞ Konqresinin işbirliyinin göstəricisidir.

Son zamanlar Ermənistana hərbi, iqtisadi təhlküəsizlik istiqamətində yardımlar edən ABŞ-ın təxribatçı makinası olan USAID-in Hayastana beşillik yardım paketinin həcmini iki dəfədən çox-120 milyondan 250 milyon dollara qədər artıracağı ilə bağlı yayılan məlumatlar Vaşinqtonun ənənəvi ikili standartlar siyasətinin bariz nümunəsidir. Məlumata görə, vəsaitlər demokratik proseslər, regional əməkdaşlıq, fəlakət risklərinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi və s. kimi sahələrə yönəldiləcək.

Heç kimə sirr deyil ki, bir tərəfdən Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını istəyən ABŞ digər tərəfdən də Ermənistanı silahlandırır, humanitar yardım adı altında bu ölkəyə öldürücü silahlar göndərir, güclü maliyyə dəstəyi göstərir. Təbii ki, bütün bunlar bölgədə yeni münaqişə ocağının yaranmasına, həmçinin rəsmi İrəvanın sülh prosesindən yayınmasına təkan verir.

Bundan başqa, Avropadakı anti-Azərbaycan və ermənipərəst dairələrin dəstəbaşı olan Fransanın beynəlxalq hüquqa zidd olaraq Ermənistanı silahlandırması və digər ölkələri buna təşviq etməsi bölgədə yeni münaqişə ocağının alovlanmasına, rəsmi İrəvan tərəfindən revanşizmə yol açır. Bu günlərdə Qərbdəki mənbənin mətbuata verdiyi məlumata görə, Fransa şirkətlərinin Ukraynada pilotsuz uçuş aparatları və texnika üçün istehsal etdiyi avadanlıqların bir hissəsi, daha doğrusu 30 faizi Ermənistana ayrılır. O da məlum olub ki, artıq ilk yüklərin göndərilməsi də həyata keçirilib. Birbaşa Fransa Müdafiə Nazirliyinin nəzarətində həyata keçirilən layihənin məqsədi Ukraynaya Rusiya ilə münaqişədə dəstək olmaq kimi açıqlansa da, daha sonra Ermənistan üçün də silah təminatına başlanılıb.

Layihədə iştirak edən şirkətlərə tank istehsalçısı KNDS - fransız Nexter və alman Krauss-Maffei-Wegmann tərəfindən yaradılmış holdinq strukturu daxildir.

Bütün bunlar inkarolunmaz həqiqətlərdir. Azərbaycan Prezidentinin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mətbuata açıqlamasında bildirib ki, Ermənistana münasibətdə yeni “Marşal planı” hazırlanır. O bildirib ki, işğal dövründə Ermənistan Azərbaycan ərazilərində kütləvi dağıntılar törədib, o cümlədən özəl və dövlət mülkiyyətlərini kütləvi şəkildə dağıdıb, saxtalaşdırıb: “İndi Azərbaycan hökuməti bərpa-quruculuq və yenidənqurma işlərinə, həmçinin ərazilərin minalardan təmizlənməsinə vəsait ayırır. Dağıntılar törədən Ermənistandır, dağıntılarla üzləşən isə Azərbaycandır. Amma vəsait Ermənistana ayırılır. Bu, paradoksdur”

H.Hacıyevin sözlərinə görə, Azərbaycana və Ermənistana yanaşma eyni miqyasda deyil: “İşğal dövründə də heç kim Ermənistanı işğala son qoymağa çağırmırdı. Regionla bağlı belə ikili münasibətlər davam etməkdədir”.

Nəhayət, Qərbdəki məlum dairələr ölkəmizə qarşı riyakar siyasətindən əl çəkməli, bölgədə sülhün və sabitliyin təmin edilməsi qarşısında əsas maneə olan, militarizasiya siyasəti aparan Ermənistanı silahlandırmaqla cəsarətləndirmək siyasətinə son qoymalıdır. Hər kəs bilməlidir ki, qırx dörd günlük müharibədə tarixi Zəfər qazanaraq yeni reallıqlar yaradan Azərbaycanla təhdid dili ilə danışmaq qəbuledilməzdir. Bu mənada ölkəmizə qarşı hər hansı qeyri-dost hərəkət müsbət nəticə verməyəcək və bu cür hərəkətlərə adekvat cavab veriləcək.  Regiondan kənar məlum qüvvələr bütün bunları qulaqlarında da sırğa etsələr daha yaxşı olar…

Zahid Rza, “İki sahil”