19 sentyabr 2024 12:55
240

Utanmasan, oynamağa nə var...

Fransa  hər vəchlə Azərbaycanın sülh prosesi istiqamətində apardığı danışıqlara kölgə salmaqda, daha doğrusu, ölkəmizi qaralamaqda davam etməkdədir. Hətta bu məsələdə Fransanın Prezidenti Emmanuel Makron və onun  komandası əndazəni aşıb desək, yanılmarıq. Məsələn, Fransanın Ermənistanda səfərdə olan xarici işlər naziri Stefan Sejurne sentyabrın 16-da İrəvanda keçirdiyi mətbuat konfransında bildirib ki, guya Ermənistan sülh istəyir, Fransa sülh istəyir, beynəlxalq ictimaiyyət də sülh istəyir. Buradan belə qənaətə gəlmək olar ki, guya Azərbaycan sülhün, eləcə də Ermənistanın “çiçəklənməsinin” əleyhinə imiş. Bununla da o, ölkəmizi beynəlxalq ictimaiyyətin gözündən salmağı hədəf seçib. Əslində isə Stefan Sejurnenin ölkəsi bölgədə əmin-amanlığın tam bərpa olunmasına qənim kəsilib.

Diqqətlə fikir verəndə açıq-aydın görünür ki, Sejurnenin bu açıqlaması Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsini, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq işləri aparmasını, bölgədə söz sahibi olmasını, müstəqil siyasət yürütməsini hələ də həzm edə bilməyən Fransa Prezidenti Emmanuel Makronun  sərsəmləmələri ilə, həmçinin sülh danışıqlarını öz erməni xislətinə uyğun hallandıran Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın hədyanları ilə üst-üstə düşür. Çünki onların fikirləri ilə fransız rəsmisinin fikirləri  arasında hansısa bir fərq yoxdur. Halbuki, neçə illərdir ki, Azərbaycan bölgədə sülhüm bərqərar olması üçün bütün vasitələrdən istifadə edir.  Ermənistan isə müxtəlif bəhanələrlə sülh müqaviləsini imzalamaqdan, hətta danışıqlardan belə boyun qaçırır.

Nə qədər qəribə olsa da Hayastanı  durmadan silahlandıran, ona hərbi texnika almaq məqsədilə maddi yardım göstərən, Azərbaycana hədyanlar yağdıran, separatizmi dəstəkləyən,  bölgədə sabitliyi pozmağa çalışan Fransa kimi ölkələr təcavüzkara bununla bağlı etirazlarını bildirmirlər. Elə bil ki, bu, belə də olmalıdır. Bununla da onlar maraqları naminə Ermənistanı növbəti fəlakətə sürükləyirlər.

Cənubi Qafqazda işğal və separatizmə son qoyulmasının maraqları ilə uzlaşmadığını gizlətməyən fransalı nazir, həmçinin sülh məsələsində Azərbaycana “məsləhət” verməyi də unutmayıb. Bildirib ki, Azərbaycan tezliklə COP29-a ev sahibliyini gerçəkləşdirəcək: “Bakı bundan əvvəl sülhə can atdığını göstərməlidir”. Bu, o deməkdir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına qədər Azərbaycan özünü qane etməyən sazişə imza atmalıdır.

Yeri gəlmişkən qeyd edək ki, sülh müqaviləsi üzrə indiyə qədər bir çox müddəalar, yəni layihənin təqribən 80% razılaşdırılıb, bəzi müddəalar isə razılaşdırılmayıb, yəni yekun razılaşma yoxdur. Amma bu o demək deyil ki, Ermənistan tərəfinin təklif etdiyi kimi, razılaşdırılmamış müddəaları layihədən çıxarmaqla saziş imzalanmalıdır. Sülh müqaviləsinin təşəbbüskarının məhz Azərbaycan olduğunu dəfələrlə vurğulayan Prezident İlham Əliyev bu müqavilənin imzalanması üçün Ermənistanın öz Konstitusiyası və digər qanunverici aktları əsasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoyulmasının, həmçinin keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün təsisatların fəaliyyətinə xitam verilməsinin vacibliyini vurğulayıb. Elə sentyabrın 16-da Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığında bu məqamı bir daha xatırladıb. Olmaya, bütün bunlardan cənab Stefan Sejurnenin xəbəri yoxdur? Şübhəsiz, var. Amma, o, buna rəğmən utanıb-qızarmadan belə  fikirlər səsləndirir. Bu yerdə yaxşı deyiblər ki, utanmasan, oynamağa nə var.

Yeri gəlmişkən, Stefan Sejurne mətbuat konfransından əvvəl özünün “X” sosial şəbəkə hesabında bu fikirləri yazmışdı: “Fransa Ermənistanın yanındadır: o, tarixi tərəfdaşdır, dost ölkədir və bizim onun müstəqilliyinə, ərazi bütövlüyünə və sülh istəyinə dəstəyimiz sarsılmazdır. Əməkdaşlığımız güclüdür və biz onu daha da gücləndiririk”. Nazirin elə bu kimi açıqlamaları demokratiyadan, haqdan-ədalətdən dəm vuran Fransanın növbəti anti-Azərbaycan gedişindən başqa bir şey deyil.

Şübhəsiz, Stefan Sejurnenin  avantürist fikirləri Azərbaycana sözün həqiqi mənasında  təzyiq ritorikasıdır. Amma Stefan Sejurne unutmasın ki, indiyədək rəsmi Bakı belə təzyiqlərlə çox üzləşib və onların hər birini dəf etməyi də bacarıb.

Qvami Məhəbbətoğlu, “İki sahil”