19 sentyabr 2024 23:48
234

Şəhidlik zirvəsi

İkinci Qarabağ müharibəsində Vətənin, millətin yolunda şüurlu surətdə canını fəda edən minlərlə qəhrəman oğullardan biri də Nihad Əhmədovdur. Astaranın Alaşa kəndində dünyaya göz açan bu, Vətən sevdalısının adını böyük də, kiçik də fəxrlə çəkir, onun şərəfli həyat yolunu örnək götürürlər. Nəsibi möhtəşəm şəhidlik zirvəsindən boylanan səadət olan Nihadın 24 yaşı tamam oldu. Doğma Alaşa kəndində baş qoyduğu müqəddəs yer ziyarət edildi, məzarına təzə güllədən çələng hörüldü.

Çıxışlar zamanı bildirildi ki, Nihad Vətənini canından artıq sevirdi və bu yolda şəhid olmağı özünə şərəf sayırdı. Odur ki, 44 günlük haqq savaşımız başlanan kimi özünü odun-alovun içinə atdı. Yağı düşmənlə son damla qanına qədər döyüşüb əbədiyyət adlı dünyasına qovuşdu. Bununla millətinə başucalığı gətirən Nihad həm də ürəklərdə özünə əzəmətli adidə ucaltdı.

Nihad Fuad oğlu Əhmədov 3 oktyabr 2018-ci ildə həqiqi hərbi xidmətə çağırılıb, təmas xəttində düşmənlə üzbəüz Tərtər bölgəsində yerləşən N saylı hərbi hissədə doğma Azərbaycanın keşiyində durub. 2020-ci ildə xidməti borcunu layiqincə yerinə yetirən Nihad Əhmədov işğalçı düşməndən qisas almaq üçün həmişəlik şanlı formanı geyinib daşımağa qərar verib. Müddətdən artıq Goranboyda, “Həmlə” taborunda xidmətə başlayıb. 2020-c il 27 sentyabrında məqam yetişəndə Nihad ilk gündən qanlı döyüşlərə qatılıb. Tərtərin Talış kəndindən başlayaraq Murovdağ zirvəsinin, Suqovuşanın , Zəngilanın, Kəlbəcərin və “Pişik-qaya” deyilən strateji əhəmiyyət daşıyan yerin alınmasında verilən tapşırıqların öhdəsindən layiqıncə gəlib, düşmənə qan qusdurub. Oktyabrın 10-u qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonra “Vətən uğrunda” və digər medallarla təltif olunub.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü