20 sentyabr 2024 01:57
260

20 sentyabr Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunduğu müqəddəs gündür

Müzəffər Ali Baş Komandanımızın qətiyyəti ilə son dörd ildə xalqımızın hüzn tarixləri bayram günləri ilə əvəz edilib

Acınacaqlı fakt idi ki, Azərbaycan xalqı İkinci Qarabağ müharibəsinə qədər az qala hər ayı rayonlarımızdan birinin işğalı günü kimi hüznlə qarşılayırdı. Lakin 2020-ci ilin sentyabrın 27-də başlayan və cəmi 44 gün ərzində  tarixi Qələbəmizlə nəticələnən savaşdan sonra bölgədə yeni reallıqlar yarandı. Həmin reallığın mənitiqi nəticəsi olaraq bölgədə söz sahibi olan ölkəmiz üçün suverenliyimizi bərpa etmək və Qarabağdakı seaparatizmin kökünü kəsəmək üçün yeni imkanlar yarandı. Belə ki, 2023-cü ilin sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri  lokal antiterror tədbirlərinə  başlayaraq Qarabağdakı seapatrçı rejimi 24 saata diz çökdürdü. Bu tarixi əməliyyat sayəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Əməliyyat nəticəsində ölkəmizdəki separatizm ocağı məhv edildi və dədə-baba torpaqlamızdakı erməni hərbi birləşmələri tərksilah olunaraq ölkəmiz ərazisindən çıxarıldılar. Bundan sonra qondarma rejim özünü buraxdığını elan etdi.  Nəticədə Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və digər ərazilərdə şanlı Azərbayan Bayrağı dalğalanmağa başladı. Geridə qalan bir il ərzində bir çox tarixi hadisə də yaşandı. Belə ki, Azərbaycan tarixində ilk dəfə bütün ölkə ərazisində prezident və parlament seçkiləri keçirildi. Birgünlük lokal tədbirləri Azərbaycan dövlətinin qüdrətini, əzmini və bacarığını bütün dünyaya bir daha göstərdi.

Azərbaycan Ordusu bu dəfə də dünyada misli görülməmiş hərbi uğura imza atdı. Əməliyyat nəticəsində 1761 hədəf məhv edildi, amma 1 nəfər belə mülki sakinə zərər dəymədi. Heç bir mülki infrastruktura zərər verilmədi, sadəcə legitim hərbi hədəflər vuruldu. Eyni zamanda, revanşist qüvvələrə, ermənilərin arxasında duran dövlətlərə və təşkilatlara gücümüzü göstərdik. Azərbaycanın torpaqlarında gözü olanlara qandırdıq ki, biz güclüyük və basılmazıq.

Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi. Halbuki, məlum üçtərəfli Bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları 3 il əvvəl tərksilah edilməli idilər. Azərbaycan işğala məruz qalan tərəf olsa da Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. Təəssüf ki, ölkəmizin bu tip humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri Qarabağda sayını artırmaqla, yeni silahlar alıb təxribatlar törətməklə məşğul oldular. Hətta vəziyyət o həddə çatmışdı ki Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin qondarma «prezident»lərini seçir, qondarma «parlament»lərinin adından dövlətimizə qarşı sərsəm  bəyanatlar verirdilər. Bütün bunlar isə özünü təmkinli aparan Azərbaycan xalqının və Müzəffər Ali Baş Komandanımızın səbir kasasını daşırdı. Nəticədə Qarabağdakı antiterror tədbirləri qaçılmaz oldu. Sentyabrın 20 –də separatçılar ağ bayraq qaldıraraq təslim olduqlarını elan etdilər. Xüsusilə Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı.

Bu unikal əməliyyatdan dərhal sonra  Azərbaycan Ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi uğurlu antiterror tədbirlərini həzm edə bilməyən ermənipərəst qüvvələr hər vəchlə ölkəmizi «soyqırım» uydurmaları ilə şərləməyə başladılar. Lakin onlardan fərqli olaraq bir çox hərbi ekspertlər antiterror tədbirləri zamanı Azərbaycan Ordusunun ləyaqətlə davranaraq heç bir halda mülki əhalini hədəfə almamasını, əksinə, istər antiterror tədbirləri çərçivəsində, istərsə də sonrakı dövrdə qadınlara, uşaqlara, qocalara, fiziki məhdudiyyətli şəxslərə, xəstələrə, hətta yaralı silahlılara belə zəruri tibbi və digər yardımlar göstərildiyini dövlətimiz tərəfindən onların içməli su və ərzaqla təmin olunduqlarını etiraf etdilər. Həmçinin mülki əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri də yaradıldı.

Bəli, bir zamanlar ölkəmizi təhdid edərək, «əgər bir daha hərbi əməliyyatlar başlarsa, biz Yevlağa kimi gedəcəyik» deyən, hətta reinteqrasiya proseslərinin müzakirəsi üçün məkan kimi Bakı və Yevlax şəhərlərinə gəlməkdən nümayişkarənə surətdə imtina edib öz şərtlərini irəli sürən mənfur düşmən ikinci dəfə «dəmir yumruq»un zərbəsini  daddıqdan sonra  yalvarmağa başladı. Antiterror tədbirlərinin qısa müddətdə və peşəkarlıqla başa vurulması bir daha  sübut etdi ki, Azərbaycan qüdrətli dövlətdir və onun sarsılmaz, qətiyyətli mövqeyə, dəmir iradəyə malik rəhbəri- Ali Baş Komandanı vardır. Məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşmən üzərində qəti Qələbə qazanaraq, yüz ildən bəri bizə «miras» qalan bu ağrılı problemi birdəfəlik həll etdi. Həm də bu şanlı Qələbəmiz Ermənistanın  21 sentyabr  müstəqillik gününə «hədiyyə» oldu. Beləliklə, hayların bir zamanlar qurduqları «Artsax» adlı qondarma dövlətçilik oyunları, müstəqillik xəyalları İkinci  Qarabağ müharibəsi zamanı dəyərli hesab edib özləri ilə apardıqları «unitaz»larına atıldı.

Bir daha qeyd etmək lazımdır ki, lokal xarakterli antiterror tədbirləri ordumuzun hərbi gücünün, yüksək döyüş hazırlığının və səriştəsinin göstəricisi oldu.  Əgər hər günü bir şərəfli tarix olan 44 günlük Vətən müharibəsi zamanı ordumuzun nümayiş etdirdiyi müasir döyüş üslubu dünya hərb tarixində yeni səhifə açmışdısa, bu cür qısamüddətli uğurlu antiterror əməliyyatı ilə o, yenidən tarix yazdığını bütün dünyaya nümayiş etdirdi. İyirmi dörd saatdan da az müddətə sığan və uğurla yekunlaşan antiterror tədbirləri unikal hərbi əməliyyat kimi dünya səviyyəsində böyük heyranlıqla qarşılandı. Bununla da xalqımız ölkəmiz uzun illərdən bəri həsrətində olduğu böyük Qələbə nəticəsində tarixi torpaqları üzərində özünün suverenliyini tam bərpa etmiş oldu. Bir sözlə, Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyev canından da çox sevdiyi xalqı üçün həlli mümkünsüz görünən vəzifəni reallaşdırdı. Ən böyük dahilik isə odur ki, həlli mümkünsüz görünən problemləri həll etmək qüdrətində olasan. Cənab İlham Əliyev Prezidentlik fəaliyyəti dövründə böyük güclərin hər cür təhdid və hədələrinə rəğmən bütün çətinliklərə sinə gərərək öz haqlı və qəti mövqeyindən əsla dönmədi. Beləliklə, ölkəmizin başçısı ideal liderlik nümunəsi göstərərək öz xalqı və dövləti naminə əzmli və qətiyyətli olmağın, prinsipial mövqeyindən əsla geri çəkilməməyin  düsturunu yaratdı. Həm də bir əsrlik problemin bir gündə həlli dünyanı da heyran etdi.

Ən başlıcası isə 2023-cü ilin sentyabrın 20-də qazandığımız hərbi qələbə ilə ölkəmizin suverenlini tam bərpa etdik. Bu Azərbaycan xalqının həyatında ən müqəddəs gündür. Məhz elə buna görə də Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə  hər ilin sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcəkdir. Sərəncamda deyilir: “Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir». Prezidentin digər Sərəncamı ilə 20 sentyabr  həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Şəhər Günü kimi qeyd ediləcək.

Elçin Zaman, “İki sahil”