20 sentyabr 2024 21:58
88

Qəhrəmanlıq, qürur və Zəfər tarixinin başlanğıcı - 27 sentyabr

2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar oldu. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlandı.

Vətən torpaqlarını işğaldan azad edən rəşadətli ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan ordusu darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur oldu və döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri, müxtəlif növ silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətdi.

Düşmənin bu uğursuz cəhdlərinə baxmayaraq, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə noyabrın 8-də Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı. Nəticədə, Ermənistan öz məğlubiyyətini etiraf etməli oldu. 2020-ci il noyabrın 10-da imzalanan Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin Bəyanatı ilə müharibə Azərbaycanın qələbəsi ilə nəticələndi. Ermənistan kapitulyasiya olunaraq Kəlbəcər,Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur oldu.

Beləliklə, Vətən müharibəsi Ermənistanın 30 ilə yaxın davam edən təcavüzkar siyasətinə son qoydu, Azərbaycan ərazi bütövlüyünü təmin etdi, bir milyona yaxın azərbaycanlının fundamental hüquqları bərpa edildi. Azərbaycan təkbaşına BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinin icrasını təmin etdi. Bu tarixi Qələbə ilə işğaldan azad olunan torpaqlar iqtisadi və mədəni həyata qədəm qoydular. Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Prezident İlham Əliyev həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi, ərazi bütövlüyümüzün birmənalı olaraq bərpa edildi.

Bəli, rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin – Azərbaycanın var olduğunu sübut etdik. Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, bütün Türkiyə xalqı bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğrunda vuruşuruq. Prezident, Ali Baş Komandan İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi.

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Ölkə Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən “Anım Günü” Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Hər il sentyabrın 27 Anım Günündə xalqımız Vətən müharibəsi şəhidlərinin xatirəsini böyük hörmət və sayğı ilə yad edir.

Tarixi Zəfərimizdən ötən 4 ilə yaxın müddətdə artıq bütün beynəlxalq aləm bizim Qələbəmizlə razılaşıb, bunu qəbul edib. Bu gün bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf də məhz Azərbaycandır.

Yaqut Ağaşahqızı, “İki sahil”