20 sentyabr 2024 19:39
515

Yeni qaz sazişi imzalandı

“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Sazişə İkinci Qoşma sənədi imzalanıb

20 sentyabr 2024-cü il tarixində “Əsrin müqaviləsi”nin 30 illiyi münasibətilə keçirilən tədbir çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), bp, MOL, INPEX, “Equinor”, “ExxonMobil”, TPAO, ITOCHU və “ONGC Videsh” şirkətləri arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma sənədi imzalanıb.

“İki sahil” xəbər verir ki,  20 sentyabr tarixinin Azərbaycanın enerji sektoru üçün əlamətdar gün olduğunu bildirən SOCAR-ın prezidenti Rövşən Nəcəf Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə imzalanmış “Əsrin müqaviləsi”nin ildönümündə yeni qaz sazişinin imzalanmasının SOCAR üçün yeni strateji mərhələ olduğunu diqqətə çatdırıb. Rövşən Nəcəf Azərbaycanın beynəlxalq bazarlarda etibarlı tərəfdaş kimi enerji ehtiyatlarının daha da şaxələndirilməsi istiqamətində səylərini davam etdirdiyini bildirib. SOCAR-ın prezidenti imzalanan sənədin tərəfdaşların enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, Azərbaycanın Avropanın etibarlı enerji təchizatçısı kimi mövqeyini daha da gücləndirəcəyinə inamını ifadə edib.

Sərbəst təbii qaz layihəsinə başlanılmasından məmnunluğunu ifadə edən bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” (AÇG) yatağının sərbəst qaz ehtiyatlarının işlənməsində böyük potensialın olduğunu qeyd edib. Qordon Birrel  “Əsrin müqaviləsi”nin 30 illiyi münasibətilə keçirilən tədbir çərçivəsində AÇG-nin neft uğurlarının qeyd edilməsi ilə yanaşı, təbii qaz layihəsi üzrə fəaliyyətə başlanılmasının əlamətdar hadisə olduğunu bildirib. Qordon Birrel son 30 ildə Azərbaycanda görülən geniş miqyaslı işlərin ölkəni dünyanın mühüm enerji təchizatçılarından birinə çevirdiyini vurğulayıb.

Qeyd edək ki, sənədə əsasən, tərəflər “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” (AÇG) yatağının sərbəst təbii qaz ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı istiqamətində fəaliyyət göstərəcəklər. Yeni imzalanan sənəd AÇG üzrə mövcud hasilatının pay bölgüsü haqqında sazişin (HPBS) müddətinin sonuna - 2049-cu ilədək qüvvədə olacaq.

 AÇG tərəfdaşlarının sərbəst təbii qaz layihəsində iştirak payları AÇG üzrə mövcud HPBS-də olduğu kimidir: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), INPEX (9,31%), “Equinor” (7,27%), “ExxonMobil” (6,79%), TPAO (5,73%), ITOCHU (3,65%), “ONGC Videsh” (2,31%).