22 sentyabr 2024 10:59
112

Zəfərdən inkişafa gedən şanlı yol

44 günlük Vətən müharibəsindəki Şanlı Zəfərimizdən sonra azad edilmiş doğma torpaqlarımızda geniş quruculuq işləri başlanmış, Vətənimizin dilbər guşələri abadlaşdırılmışdır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev bu abadlaşdırma prosesini yaxından izləmək məqsədilə doğma yurdumuzun əziz torpaqlarını dəfələrlə ziyarət etmişdir.

Cari ilin 20 sentyabr tarixində Cənab Prezidentin Xankəndi şəhərinə növbəti səfərini etmişdir.  Prezident İlham Əliyev səfəri çərçivəsində doğma Xankəndidə yeni yaradılan, böyük Zəfərimizin ən gözəl simvolarından biri olan Qarabağ Universitetini ziyarət etmiş və buranın, müəllimləri, yüksək nəticə göstərmiş tələbələri ilə görüş keçirmişdir. Cənab Prezident burada çıxış edərək Şanlı  Zəfərə bizi gətirən tarixdən hərtərəfli şəkildə bəhs etmişdir. 
Cənab Prezident çıxışına  Qarabağda 44 günlük uğurlu əməliyyatımız nəticəsində əldə etdiyimiz  möhtəşəm Qələbəmizin və suverenliyimizin tam bərpasının bizə yaşatdığı böyük qürur hissindən bəhs edərək başlamışdır. Bu qələbə nəticəsində ədalət və beynəlxalq hüquq zəfər çalmış, Azərbaycan öz gücünü bütün dünyaya bir daha göstərmişdir.

Ali Baş Komandanımız İlham Əliyev çıxışında şanlı Ordumuzun qələbəsindən danışmış, Vətəni uğrunda canından keçən şəhidlərimizi xüsusilə anmışdır. Vətən müharibəsində və antiterror əməliyyatında 90 mindən artıq azərbaycanlı gənc iştirak etmiş, onlardan 3200-dən çoxu torpaqlarımızın azad olunması uğrunda qəhramancasına canlarından keçərək Azərbaycanın şanlı tarixində əbədi iz buraxmışdılar. 44 günlük müharibə zamanı Ordumuz hər gün yeni uğurlar əldə etmiş,bir nəfər belə olsun döyüş meydanını tərk etməmiş, işğal olunmuş ərazilərin geri qaytarılmasında mühüm nailiyyətlərə imza atmışdırlar. Müharibələrdə psixoloji üstünlük də hərbi güc qədər əhəmiyyətlidir. Azərbaycan Ordusu yalnız gücü ilə deyil, həm də psixoloji hazırlığı və döyüş iradəsi ilə düşmən üzərində qələbə qazanmışdır. 

Cənab Prezidentimizin də vurğuladığı kimi, Ordumuz çətin çoğrafi şəraitdə, düşmənin bütün müdafiə xətlərini yararaq irəliləmiş, Şuşa kimi alınmaz qalanı yüngül silahlarla azad etmiş, müasir tarixdə misli görülməmiş bir rəşadətlə, peşəkarlıqla zəfər qazanmışdır. Tarixi Zəfərimiz nəticəsində illərdir Vətən həsrəti çəkən  məcburi köçkünlər öz doğma yurdlarına geri qayıtmağa başlamışdır. Onların uzun illərdən sonra evlərinə dönməsi, Azərbaycanın azad olunmuş torpaqlarına qayıdışı böyük tarixi məna kəsb edir.

Azərbaycan xalqı 44 günlük müharibədə vətənpərvərlik ruhunun nələrə qadir olduğunu bir daha göstərdi, gənc nəslin milli ruhda tərbiyə olunmasının  ölkənin suverenliyinin təminatı olduğunu sübut etdi. Prezident İlham Əliyev çıxışında, bütün çətinliklərə , təzyiqlərə, baxmayaraq, bu ağır dövrdə inamını itirmədən  düşmən üzərində qələbə qazanmış Azərbaycan Respublikasının əzminin, cəsarətinin, hazırda bütün dünyada işğaldan, müstəmləkəçilikdən  əziyyət çəkən xalqlara öz mübarizə yollarında nümunə olduğunu söyləmişdir.  44 günlük müharibə zamanı Azərbaycan xalqı birlik və həmrəyliyin nə qədər vacib olduğunu bir daha sübut etdi.
 Dövlət başçımız vurğulamışdır ki, gənc nəslin vətənpərvər ruhda formalaşmasında , tərbiyəsində əsas rolu ailə və müəllim oynayır. Elə Azərbaycan ailələrində, təhsil ocaqlarında gənclərdə vətənpərvər ruhun formalaşmasının nəticəsidir ki, heç vaxt Qarabağı görməyən gənclərimiz doğma torpaqlarımızı azad etmək uğrunda bir an belə düşünmədən canlarından keçdilər, yaralandılar. Biz bu cür cəsur vətən övladlarına sahib olmağın fəxrini yaşayır, onlarla hər zaman qürur duyuruq.  

Cənab Prezident çıxışında həmçinin,  Azərbaycan xalqının tarixindəki çətin dövrlərdən, Qarabağın gələcəkdə işğala uğramasına şərait yaradan  "Kürəkçay", "Gülüstan" və "Türkmənçay" müqavilələrindən sonra ermənilərin kütləvi şəkildə torpaqlarımıza köçürülməsindən,  1923 –cü ildə Sovet hakimiyyəti altında Qarabağın statusunun dəyişdirilməsi ilə vətənimizə qarşı həyata keçirilən növbəti düşmənçilik addımlarından geniş şəkildə bəhs etmişdir. Eyni zamanda, sovet hakimiyyəti dövründə Ulu Öndərimiz Heydər Əliyevin Qarabağ probleminin qarşısının alınmasında oynadığı mühüm roldan danışmış, onun Ermənistanın təxribatlarına qarşı apardığı mübarizəni,  Azərbaycanın mövqeyini beynəlxalq aləmdə müdafiə etməsini dinləyicilərə bir daha xatırlatmışdır.

Dövlət başçısı,  İlham Əliyev, Qarabağ Universitetinin yaradılmasının,  bölgə üçün mühüm tarixi hadisə olduğunu vurğulayaraq çıxışını başa vurmuşdur.  Universitet, Azərbaycanın təhsil sisteminə yeni nəfəs verəcək,  bölgədə bilik və elm mərkəzinə çevriləcəkdir. 1200 tələbənin təhsil aldığı Qarabağ Universiteti ölkənin müxtəlif bölgələrindən  olan gənclərə ev sahibliyi edərək, təhsilin gücü ilə Qarabağın yenidən bərpasına xidmət edəcəkdir.  

Ziyafət Əsgərov,
VI Çağırış Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri