24 sentyabr 2024 02:25
67

50 illik sirr açılıb: “MAL” adlı yeni qan qrupu kəşf edilib

NHS alimlərinin bu yeni kəşfi bütün dünyada minlərlə insanın həyatını xilas edə bilər. Onlar onilliklər ərzində apardıqları araşdırmalardan sonra 50 ildir davam edən sirri açaraq “MAL” adlı yeni qan qrupu sistemini müəyyən ediblər.

Cənubi Qlosterşirdəki “NHS Blood and Transplant” (NHSBT) tədqiqat qrupu Bristol Universitetinin dəstəyi ilə ilk dəfə 1972-ci ildə müəyyən edilmiş, lakin indiyədək tam başa düşülməyən “AnWj” qan qrupu antigeninin genetik əsasını müəyyən etmişdi. Bu nailiyyət dünyada ilk genetik testin inkişafı ilə mümkün oldu.

NHSBT-nin baş elmi işçisi Luis Tilley vurğulayıb ki, bu kəşf nadir qan qrupları olan xəstələrə qayğını yaxşılaşdıracaq. Benefisiarların dəqiq sayını hesablamaq çətin olsa da, “NHSBT” hər il qlobal miqyasda təxminən 400 xəstə üçün son çarə kimi xidmət edir.

 Hər kəsin qırmızı qan hüceyrələrinin səthində antigen kimi tanınan zülallar vardır, lakin kiçik bir hissədə müəyyən antigenlər olmaya bilər. “NHSBT”nin Filtondakı Beynəlxalq Qan Qrupu Referans Laboratoriyası tərəfindən hazırlanmış yeni test indi “AnWj” antigenini itirən xəstələri müəyyən edə bilər. Bu test qanköçürmələrə ciddi reaksiya riski olan xəstələr üçün çox vacibdir və nadir qan qrupu olanlar üçün uyğun donorları tapmağı asanlaşdırır.

Laboratoriyada işləyən və leykemiyadan sağalan Filip Braun bu kəşfin əhəmiyyətini vurğulayıb. Qan və sümük iliyi transplantasiyası aldıqdan sonra o, "Qanımızın daha təhlükəsiz və xəstələr üçün daha yaxşı uyğunlaşması üçün edə biləcəyimiz hər şey doğru istiqamətdə atılmış qəti addımdır", -deyə bildirib.

Laboratoriyanın rəhbəri Nikol Tornton qeyd edib ki, “AnWj”nin genetik əsaslarının aşkarlanması illərlə mühüm problem olub. "Genin qan qrupu antigenini kodladığını sübut etmək üçün hələ də edilməli işlər var, lakin bu, bütün dünyada nadir xəstələrin xeyrinə vacibdir”, -deyə Nikol Tornton bildirib.

Nubar Süleymanova, “İki sahil”