24 sentyabr 2024 11:17
76

AMB: Ölkədə "yaşıl maliyyə" ilə bağlı boşluqlar var

Azərbaycan Mərkəzi Bankı (AMB) tənzimləyici olaraq bilir ki, ölkədə "yaşıl maliyyə" ilə bağlı boşluqlar var.

“İki sahil” xəbər verir ki, bunu AMB-nin baş direktoru Şahin Mahmudzadə Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azərbaycan") təşkilatçılığı ilə Bakıda keçirilən "Yaşıl maliyyə" konfransında bildirib.

"Bəzən biz bilmirik ki, "yaşıl səhm" və "yaşıl istiqraz" nədir? Bu baxımdan qanunvericilikdə uyğunlaşdırma aparılır. Bununla bağlı taksanomiya üzərində işləyirik və artıq son mərhələdəyik. Bizim üçün taksanomiya sadə dildə ifadə etsək bir əlifbadır. Biz dövlət və özəl sektorun gözləntilərini bilmək istəyirik. Ümid edirik ki, bunu ilin sonuna qədər yekunlaşdıracağıq", - deyə o qeyd edib.

Bundan başqa, AMB rəsmisi deyib ki, qurum "yaşıl maliyyə" ilə bağlı risk qiymətləndirilməsi tətbiq etmək istəyir: "Bu olmasa, biz bilmərik ki, banklar hazırda nəyə məruz qalırlar və və onlar bu prosesi necə dəyişə bilərlər? Biznes sahəsində, eyni zamanda riskin qiymətləndirilməsi sahəsində hesabatlılıq olmalıdır. İctimaiyyət bilməlidir ki, maliyyə institutları və təşkilatları nə ilə məşğuldur, bu prosesləri necə təşviq edirlər? Bu baxımdan əlavə bir istiqamət də müəyyənləşdirmişik ki, bu da, meqa requlyatordan meqa dəstəkləyiciyə keçid deməkdir. Bu konteksdə biz də maliyyə sektoruna dəstək göstəririk".