25 sentyabr 2024 11:06
79

Yaşıl iqtisadiyyat"ın stimullaşdırılmasında vergi siyasətinin rolu böyükdür

“Yaşıl iqtisadiyyat"ın stimullaşdırılmasında vergi siyasətinin rolu böyükdür.

“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sədri Orxan Nəzərli rəhbərlik etdiyi qurumun təşkilatçılığı ilə Bakıda keçirilən karbon qiymətləndirilməsi üzrə beynəlxalq konfransda bildirib.

"Bunu nəzərə alaraq bərpa olunan enerji mənbələrinə sərmayə qoyuluşunun, istehsal sektorunda və ixrac olunan məhsullarda “karbon izi”nin azaldılmasına yönələn siyasətin vergi alətləri vasitəsilə dəstəklənməsi milli vergi sisteminin diqqət mərkəzindədir", - deyə o qeyd edib.

"Ətraf mühitin qorunması üçün bir çox tədbirlər həyata keçirilir və vergi alətləri də bu tədbirlərə fəal dəstək verir. Biz hesab edirik ki, ölkədə dayanıqlı iqtisadi inkişafın və iqlim əsaslı "yaşıl iqtisadiyyat"a keçidin təmin edilməsi yalnız vergiqoyma siyasəti və yaxud bizneslərin üzərinə əlavə vergiqoyma ilə deyil, həm də bərpa olunan enerji mənbələrindən istifadə və yaxud "yaşıl texnologiyalar"dan istifadənin vergilərlə təşviqi hesabına mümkündür. Ölkəmizdə aşağı emissiyalı məhsul və sənayeləri təşviq edən qanunvericilik aktları qəbul edilib. Elektrik və hibrid avtomobillərə, elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerji doldurucularına, habelə əhali qrupuna daxil olan aktiv istehlakçılar tərəfindən bərpa olunan enerji mənbələri hesabına istehsal olunan elektrik enerjisinin müəyyən hədd daxilində elektrik təchizatı şəbəkəsinə ötürülməsindən əldə edilən gəlirlərə münasibətdə tətbiq olunan təşviqləri nümunə göstərmək olar. Yaşıl enerjinin istehsalını həyata keçirənlər üçün iqtisadi stimulların verilməsi gündəmimizin prioritetidir", - deyə xidmət rəisi əlavə edib.