25 sentyabr 2024 16:33
72

Azərbaycan yararsız torpaqların xüsusi çəkisini 15 %-ə endirməyi hədəfləyir

Azərbaycanın hədəflərdən biri yararsız torpaqların xüsusi çəkisinin 25 %-dən 15 %-ə endirilməsidir.

“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov Dövlət Vergi Xidmətinin təşkilatçılığı ilə Bakıda keçirilən karbon qiymətləndirilməsi üzrə beynəlxalq konfransda - "Karbon vergisinin iqtisadi təsirləri" mövzusunda sessiyada bildirib.

"2026-cı ilə qədər qarşıda bir sıra hədəflər var. Ümumi daxili məhsulun (ÜDM) illik orta hesabla 3-4 %-lik artımına nail olmaq istəyirik. O cümlədən qeyri-neft-qaz sektorunda 5 % artəm gözləyirik. Tullantıların təkrar emalı dərəcəsini paytaxtda 20 %-ə, regionlarda isə 10 %-ə, elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payını isə 2026-cı ilə qədər 24 %-ə, 2030-cu ilə qədər isə 30 %-ə çatdırmaq hədəflənir. Bu hədəflərə çatmaq üçün əvvəl ekoloji, iqtisadi və sosial qiymətləndirmə aparılmalıdır", - deyə o qeyd edib.