25 sentyabr 2024 17:33
99

Bakıda dayanıqlı ərzaq təhlükəsizliyi ilə bağlı konfrans və sərgi keçirilib

Bakıda Beynəlxalq Operativ Dəyirmançılar Assosiasiyası ilə "Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "İqlim dəyişikliyi fonunda dayanıqlı ərzaq təhlükəsizliyi" mövzusunda konfrans və sərgi keçirilib.

"İki sahil" bu barədə Dövlət Ehtiyatları Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, konfransda dövlət və özəl sektor, beynəlxalq təşkilatların nümayəndələri, aqrar sahədə çalışan mütəxəssislər iştirak edib. Agentliyin İdarə Heyətinin sədri Səbuhi Sadıqov bildirib ki, ölkənin kənd təsərrüfatında mühüm rola malik olan buğda istehsalı ərzaq təhlükəsizliyi baxımından strateji əhəmiyyət kəsb edir.

O, ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində dövlətin atdığı addımların əhəmiyyətindən söz açaraq bildirib ki, ölkənin dövlət ehtiyatlarının yaradılması, idarə edilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində Agentlik bir sıra mühüm tədbirlər icra edir.

Bundan əlavə, konfrans çərçivəsində keçirilən “Avrasiya bölgəsində taxıl bazarına makroiqtisadi təsirlər” adlı panel müzakirəsində Agentliyin İdarə Heyəti Sədrinin müavini Zaur Abişev təqdimatla çıxış edib.