26 sentyabr 2024 00:59
217

Müasir dövrdə tətbiq olunan texnoloji yeniliklər ümumi intellektual potensialımızı gücləndirəcək

Dövlət başçısı İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında bu çağırışı etdi ki, texnoloji inkişaf, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellektin tətbiq edilməsi, bütün bunlar gündəlik həyatımızın əsasına çevrilməlidir

Dövlət başçısı İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında Azərbaycanın qazandığı uğurlara söykənərək qarşıda dayanan vəzifələri açıqladı. «Müasir dövrdə tətbiq olunan texnoloji yeniliklər bizim ümumi intellektual potensialımızı gücləndirəcək. Çünki bu sahədə çalışan kadrlar, öz işlərini tamamilə yeni, texnoloji və metodoloji əsaslar üzərində qururlar və quracaqlar. Minlərlə yeni iş yeri yaradılacaq. Artıq bütün bunlar bizim təkcə planlarımız deyil, həyata keçirilən layihələrdir. Təbii olaraq, bu layihələr haqqında geniş danışmağa ehtiyac yoxdur. Sadəcə olaraq bildirməliyəm ki, bu da bizim növbəti illər üçün əsas vəzifələrimizdən biri olacaqdır» söyləyən cənab İlham Əliyev onu da bildirdi ki, bu gün istər sənaye, istər hərbi sənaye kompleksi sahəsində və ümumiyyətlə, hərbi sahədə texnoloji inkişaf və üstünlük böyük əhəmiyyət daşıyır.

İkinci Qarabağ müharibəsi, həmçinin antiterror əməliyyatı zamanı hər kəs bunu gördü. Ölkə Prezidenti daim bu reallığı da çıxışlarında diqqətə çatdırır ki, qələbəmizin əsas amili Azərbaycan döyüşçüsüdür. Düşməni məhv edən və Bayrağı azad edilmiş torpaqlara sancan insandır, əsgərdir, zabitdir. Ancaq texniki vasitələr az rol oynamır. Biz texniki vasitələr hesabına İkinci Qarabağ müharibəsindən minimum itkilərlə çıxmışıq. Ona görə texnoloji inkişafla bağlı hədəflər müəyyən edildi, bütün aidiyyəti qurumlara tapşırıqlar verildi və bu iş əlbəttə ki, böyük bir səfərbərlik tələb edən işdir. Sadəcə olaraq, dövlət siyasəti burada yetərli deyil. Biz əlbəttə ki, yeni texnologiyaları alırıq, texnoloji inkişafa böyük dəstək veririk, ancaq burada vacib məsələlərdən biri kadr hazırlığıdır.

Hazırkı dövrün əsas çağırışları sırasında hərbi potensialımızın daha da artırılmasının xüsusi yer tutduğunu nəzərə alsaq texnoloji yeniliklərin davamlı olması üçün kadr hazırlığının prioritetliyi özünü aydın şəkildə nümayiş etdirir. Texnoloji inkişaf, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellektin tətbiq edilməsi, bütün bunlar gündəlik həyatımızın əsasına çevrilməlidir. Reallıq budur ki, dünyada texnologiyalar çox sürətlə inkişaf edir və addımlarımızı bu inkişafa uyğun şəkildə atırıq. Bu çağırış da daim səsləndirilir ki, Azərbaycanda texnologiyaların inkişafı sahəsində daha böyük addımlar atılmalıdır. Xüsusilə gənclər bu işlərə daha geniş miqyasda cəlb edilməlidir. Bu mühüm məqam da inkaredilməzdir ki, istedadlı gənclərin bəziləri öz biliklərini, innovasiyaları həyata keçirmək üçün xaricə üz tuturlar. Bunları önə çəkən cənab İlham Əliyev bildirir ki, biz elə bir şərait yaratmalıyıq ki, istedadlı gənclərimiz Azərbaycanda fəaliyyət göstərsinlər, öz biliklərini burada tam realizə edə bilsinlər və ölkə iqtisadiyyatına, ölkəmizin güclənməsinə xidmət etsinlər. Ona görə yeni texnologiyaların Azərbaycanda tətbiqi prioritet məsələlərdən biridir. Burada, ilk növbədə, söhbət ən müasir texnologiyaların Azərbaycanda tətbiqindən gedir.

Dövlət başçısı İlham Əliyev, eyni zamanda, diqqəti Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərinə, həmçinin suverenliyimizi tam bərpa edən bir günlük antiterror tədbirlərinə yönəldərək bildirir ki, yeni texnologiyaların tətbiqi bundan sonra da öz hərbi gücümüzü daim yüksək səviyyədə saxlamağa imkan verəcək. Azərbaycan döyüş meydanında öz üstünlüyünü göstərdi. Həm qəhrəman övladlarımızın şücaəti, fədakarlığı, eyni zamanda, texniki təchizat və əlbəttə ki, yeni texnologiyaların tətbiqi müharibədə qələbənin qazanılmasının əsas amillərindən biridir.

Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra bu tezisi irəli sürdü ki, neft kapitalını insan kapitalına çevirməliyik. Təbii ki, burada söhbət elmin, təhsilin, yeni texnologiyaların və iqtisadiyyatın vəhdətinin yaradılmasından gedir. Dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən bu reallıq xüsusi qeyd edilir ki, həmin ölkələrin inkişafında, yeni-yeni hədəflərə doğru irəliləməsində əsas faktor elmdir, bilikdir, yeni texnologiyalardır. Azərbaycan daim hər dövrün çağırışlarını yüksək səviyyədə cavablandırmağa səy göstərir. 2013-cü ilin ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları İli” elan edilməsi Azərbaycanın bu sahənin inkişafına diqqət və qayğısının göstəricisi oldu. Azərbaycan rabitə və yüksək texnologiyalar sahəsində bölgədə mərkəzi rol oynayır. Artıq dünya miqyasında böyük nüfuz qazanmış “Bakutel” sərgisi ənənəvi olaraq Bakıda keçirilir. Azərbaycanda internet istifadəçilərinin sayı 85 faizdən çoxdur. Ölkəmizdə internet azaddır, heç bir məhdudiyyət yoxdur. Kosmik sənaye sahəsində əldə edilmiş uğurlarımız təqdir edilir. Gənc, müstəqil ölkə üçün qısa müddət ərzində belə nailiyyətlərin əldə edilməsi böyük hadisədir. 3 peykimiz var. 2013-cü ildə orbitə buraxılan “Azərspace-1” ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsinə, peyk texnologiyalarının geniş tətbiqinə, telekommunikasiya, internet, televiziya-radio yayımı xidmətlərinə olan tələbatın ödənilməsinə şərait yaradaraq iqtisadi, sosial, elmi, mədəni, təhlükəsizlik və sair sahələrdə inkişafa təkan verir. 2016-cı ildə “Azərsky” müşahidə peyki və 2018-ci ildə isə “Azərspace- 2” peyki orbitə buraxıldı. Bu peyklər, ilk növbədə, Azərbaycanın informasiya təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan dünyanın kosmik klubunun məhdud sayda olan üzvlərindən biridir. Məhz bu uğurlarımıza söykənərək 2019-cu ildə Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhəri 2023-cü ildə 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanmışdır. Azərbaycanın yeniliklərə imza atan, ən əsası yeni texnologiyaların inkişafına və tətbiqinə xüsusi önəm verən ölkə kimi nüfuz qazanması belə bir qərarın qəbulunda əhəmiyyətli rol oynadı.

Cənab İlham Əliyevin Prezident kimi fəaliyyətz başladığı ilk gündən irəli sürdüyü hədəflər sırasında Azərbaycanın bütün sahələrdə təcrübəsinin nümunə olması, yeni texnologiyaların inkişafı, hər zaman irəli baxaraq bütün yeniliklərin tətbiqinə səy göstərməsi, hadisələri qabaqlaması idi. 2021-ci ilin 5 mart tarixində dövlət başçısı İlham Əliyevin tarixi Zəfərimizin reallıqları əsasında keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında səsləndirdiyi bu fikirlər də özündə mühüm məqamları ehtiva edir: «Hər dövrün öz tələbləri var. Biz 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Hətta bu gün müharibədən sonra yeni dövr başlayır. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları biz kənara qoymalıyıq. Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı, imkan yaratdı ki, biz əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq.»

Son 20 ilin reallıqlarına diqqət yetirsək hər bir hədəfə zamanında nail olduğumuzu böyük əminliklə qeyd edə bilərik. Ötən ilin oktyabr ayında ölkəmizin ev sahibliyi etdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresi bütün bu imkanların təqdimatında öz sözünü dedi. Dövlət başçısı İlham Əliyev tədbirdəki çıxışında Azərbaycanın bütün sahələrdə qazandığı uğurlardan, yenilikçi olmasından, dövrün, zamanın çağırışlarını yüksək səviyyədə yerinə yetirməsindən bəhs etdi. Reallıq budur ki, davamlı inkişafa yol açan əsas amillərdən biri məhz yeni texnologiyaların inkişafı və tətbiqidir. Bir çox maliyyə qurumlarının, xüsusilə Azərbaycanı ən islahatçı ölkə kimi dəyərləndirən Dünya Bankının, həmçinin Davos Dünya İqtisadi Forumunun hesabatlarında Azərbaycan texnoloji sahədə də liderliyini qoruyur.

Dünyanın texnoloji gündəliyi Azərbaycanda müzakirə edildi. Elə bu faktın özü Azərbaycanın bu sahədə keçdiyi inkişaf yolunun, qazandığı uğurların təqdimatıdır. 74-cü Beynəlxalq Astronavtika Konqresindəki çıxışında 24-cü Beynəlxalq Astronavtika Konqresinin 1973-cü ildə Azərbaycanda keçirildiyini xatırladan cənab İlham Əliyev bildirdi ki, əlbəttə ki, belə bir mühüm tədbirə ikinci dəfə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir. Konqres ikinci dəfə Bakıda, eyni şəhərdə keçirilir. Lakin ölkə eyni deyil. Bu gün həmin qlobal tədbirin ev sahibi müstəqil Azərbaycandır.

Müasir müstəqil Azərbaycan bu gün tarixi Zəfərinin, ərazi bütövlüyünün və suverenliyinin yaratdığı reallıqlarla, çağırışlarla dünyanın diqqətindədir. Ölkəmizin hərtərəfli inkişafı qarşıya qolyuan hədəflərə doğru inamla addımlamasını təmin edir. Beynəlxalq aləmdə Azərbaycanın innovasiyalar ölkəsi kimi tanınması və nüfuz qazanması ölkəmizdə təhsilə, elmə, yeni texnologiyaların inkişafına necə böyük önəm verildiyini nümayiş etdirir. Dövlət başçısı İlham Əliyevin gənclərə çağırışlarında onların bilikli, savadlı, müasir dünyagörüşünə malik olmaları, eyni zamanda, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə edilmələrinin vacibliyi xüsusi qeyd edilir. VII çağırış Milli Məclisin ilk iclasında «Gənc nəslin milli ruhda böyüməsi sadəcə olaraq sözlər deyil. Bu, Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır, çünki ölkələri insanlar idarə edir. İnsanların fikirləri, düşüncələri, cəsarəti, yaxud da ki, tam fərqli mənfi xüsusiyyətləri və ölkələrin düşdükləri vəziyyət də böyük dərəcədə bundan asılıdır» söyləyən cənab İlham Əliyev bu fikirlərin davamı olaraq onu da bildirdi ki, ona görə elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır: «Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır. Zatən qürurlu olmaq üçün bizim şanlı müharibələrimizdən sonra, İkinci Qarabağ müharibəsindən və antiterror əməliyyatından sonra əgər biz qürurlu olmasaq, onda hansı xalq olmalıdır?!»

Azərbaycan xalqı yenilikçi, qurucu xalqdır. Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan Beynəlxalq Astronavtika Konqresinin ikinci dəfə Azərbaycanda keçirilməsinin ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkanlar yaradacağı inkaredilməzdir.

Azərbaycan hər bir sahədə beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul olunur. Bu, bir tərəfdən Azərbaycanın dünyaya nümunə olan inkişaf modelinə malik olması, digər tərəfdən isə sabitlik diyarı kimi nüfuz qazanması ilə sıx bağlıdır. Azərbaycanın inkişaf modeli beynəlxalq səviyyədə təqdir olunursa, bu təkmil islahatlara əsaslanan davamlı inkişafın nəticəsidir. Azərbaycan yenilikçi, innovasiyalar ölkəsi olduğunu atdığı hər addımında təsdiqləyir. Dünyaya Azərbaycan brendi kimi səs salan «ASAN xidmət», ABAD, DOST layihələrinin sırasına bu gün “ağıllı şəhər” və “ağıllı kənd” də daxil edilir. İşğaldan azad edilmiş ərazilərimizdə bütün yeniliklərin, müsir texnologiyaların tətbiq olunması Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın daha möhtəşəm gələcəyindən xəbər verir.

Artıq informasiya-kommunikasiya texnologiyaları həyatımızın daim ehtiyac duyulan, ayrılmaz parçasıdır. Dövlət başçısı İlham Əliyev bildirir: «Bu sahə hər bir ölkə üçün, deyə bilərəm ki, hər bir ölkənin gələcəyi üçün həlledici sahədir. Texnoloji inkişafda kim qabağa gedibsə, o da udacaq, kim geridə qalıbsa, asılı vəziyyətdə qalacaqdır. İndi sirr deyil, elə peşələr var ki, 5 ildən sonra bu peşələr sıradan çıxacaq, yəni olmayacaq. Yeni peşələr meydana çıxacaq və biz hazır olmalıyıq ki, bu peşələrə yiyələnək. Hazır olmalıyıq, kadr potensialımız imkan versin ki, dünyada gedən sənayeləşmə, xüsusilə Dördüncü Sənaye İnqilabı ilə bağlı proseslər daim Azərbaycanın inkişafını təmin etsin. Təsadüfi deyil ki, Davos Ümumdünya Forumu məhz Azərbaycanı Dördüncü Sənaye İnqilabının mərkəzlərindən biri seçdi.» Ölkə Prezidentinin bu fikirləri Azərbaycanın texnoloji sahədə dünəninin, bugününün və perspektivlərinin aydın mənzərəsini təqdim edir.

Dövlət başçısı İlham Əliyevin ölkələr arasında qarşılıqlı etimada əsaslanan ikitərəfli əlaqələrin inkişafında əsas faktorlardan olan xarici ölkələrə səfəri zamanı bu sahənin inkişafına, ayrı-ayrı dövlətlərlə yeni əməkdaşlıq əlaqələrinin qurulmasına xüsusi önəm verdiyi də diqqətdən kənarda qalmır. Məlum olduğu kimi, 2022-ci ildə Bakıda Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının növbəti təzahürü olan «TEKNOFEST Azərbaycan» festivalı keçirildi. Həmin tədbirdə cənab İlham Əliyev “TEKNOFEST” elm, inkişaf, bilik, texnologiya bayramıdır» söyləyərək onu da bildirdi ki, İkinci Qarabağ savaşında məşhur “Bayraktar” PUA-larının rolunu indi dünyada bilməyən yoxdur. Ötən il Türkiyədə keçirilən «TEKNOFEST» festivalında isə bu hədəfi böyük qürur hissi ilə açıqladı ki, yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” Mərkəzi yaradılacaq. Orada təhsil, xidmət, istehsal da olacaq. Belə bir əminlik də ifadə edildi ki, yaxın gələcəkdə “Kızılelma” Azərbaycanın səmasında da olacaq. Cənab İlham Əliyev bugünkü Türkiyəni belə təqdim etdi: “Kızılelma” havada, “Altay” və “Togg” quruda, “Anadolu” dənizdə.

Hər zaman yeniliyə, təkmilləşməyə, yeni texnologiyaların inkişafına və tətbiqinə maraq göstərən Azərbaycanın qarşısında yeni üfüqlər açılır. «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də qarşıdakı dövrdə beş əsas hədəfin reallaşdırılması nəzərdə tutulur ki, bunlardan biri rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanıdır. Sənəddə vurğulandığı kimi, son dövrlərdə dünya iqtisadiyyatında müşahidə olunan inqilabi texnoloji dəyişikliklər şəraitində ölkələrarası rəqabət daha da güclənmişdir. Perspektiv həyat dərin rəqəmsallaşma, yeni texnologiyaların aktiv tətbiqi və insan iştirakı olmadan ən müasir sahələrin sürətli inkişafı ilə səciyyəvi olacaq.

Gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün müasir təhsil, innovasiyaları təşviq edən münbit şərait və insanların sağlamlığı əsas şərtdir. Bu prioritetin uğurla reallaşdırılması üçün üç məqsədə nail olunması əsasdır: XXI əsrin tələblərinə uyğun təhsil; yaradıcı və innovativ cəmiyyət və vətəndaşların sağlam həyat tərzi.

Bu prioritet də açıqlanır ki, dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır. Məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılmalıdır. Cəmiyyətin inkişafının təminatçısı olan ümumi təhsilin gücləndirilməsi üçün təhsil sistemində gedən modernləşmə davam etdirilməli, məzmun islahatları dərinləşməli, inteqrativ tədris təcrübəsi inkişaf etdirilməlidir. Bu əsasda ölkənin beynəlxalq qiymətləndirmələrdə mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail olunmalıdır. Təhsil sistemi gənc nəsli gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlamaq üçün onlara məktəb yaşından rəqəmsal səriştələrin aşılanmasına diqqət yetirməli, indikindən əsaslı şəkildə fərqlənən yeni bacarıqlar, ixtisaslar və peşələr verməlidir. İnsanların yüksək keyfiyyətli təhsil almaq imkanları genişləndirilməli, kadr hazırlığı əmək bazarının tələblərinə uyğunlaşmalı, peşə hazırlığı sisteminin inkişaf etdirilməsi tədbirləri çərçivəsində beynəlxalq sertifikatlara uyğun mütəxəssislər hazırlanmalıdır. Güclü təhsil hesabına yüksək peşə bacarıqlarına malik insan kapitalı yaratmaq üçün ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə keyfiyyət baxımından rəqabətədavamlılığı təmin olunmalıdır. Dövlətimizin qeyd edilən çağırışların yüksək səviyyədə cavablandırılması üçün atdığı addımlar davamlılığı ilə diqqətdədir.

Yeganə Əliyeva, «İki sahil»