25 sentyabr 2024 18:01
102

Daha fəal xarici siyasət həyata keçiriləcək

Prezident İlham Əliyevin cari ilin 23 sentyabr tarixində VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı builki prezident və parlament seçkilərinin müstəqil ölkəmizin tarixində ilk dəfə olaraq, ölkəmizin bütün ərazisində keçirilməsini və İkinci Qarabağ müharibəsinin qalibiyyətlə suverenliyimizin tam bərpa edilməsinin dünya miqyasında tarixi hadisə olduğunu bildirərək, bunun Azərbaycan xalqının öz iradəsini ortaya qoyması kimi qiymətləndirdi. Daha sonra İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açdığını 30 ilin işğalının arxada qaldığını indi ölkəmizin genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoymuşduğunu və nəticələrin də göz olduğunu və son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqelərin daha da möhkəmləndiyini vurğuladı.

Cənab Prezident İlham Əliyev qarşıda duran bir nömrəli vəzifənin hərbi gücümüzün artırılması olduğunu vurğulayaraq qeyd edib ki, baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Hərbi gücümüz olmasa, biz heç bir müstəvidə - nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilmərik. Hesab edirəm ki, müstəqil Azərbaycanın tarixi, o cümlədən 30 illik işğal bunu əyani şəkildə göstərir. Bizim hərbi imkanımız, gücümüz olmasaydı, heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. İndi dünyada nəinki siyasətlə məşğul olanlar, hesab edirəm ki, bütün insanlar görürlər ki, beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb. İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası artıq mövcud deyil, “Kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir və artıq bəzi böyük dövlətlər bunu heç gizlətmirlər. Bizim isə siyasətimiz, əslində, uzun illər ərzində bu istiqamətdə aparılırdı. İşğal dövründə, ilk növbədə, hərbi gücümüzün artırılması daim bizim əsas vəzifəmiz idi və hər il Milli Məclisdə dövlət büdcəmiz təsdiq olunanda artıq hər kəs görürdü ki, birinci xərclər hərbi xərclərdir. Bu gün də belə olmalıdır. 

Yerli hərbi sənaye kompleksimizi də daha sürətlə inkişaf etdirmək və bunun üçün bütün hərbi zavodlarımızda genişmiqyaslı modernləşmə işləri aparılması, yeni avadanlıq, texnika, silah-sursat istehsal olunması vacib amildir. Bununla yanası digər önəmli vəzifənin sərhədlərimizin qorunması ilə bağlı olduğunu və hazırda həm Ermənistanla şərti sərhədimizdə mühəndis işlərinin aparıldığını, eyni zamanda, digər qonşularla sərhədimizin müasir infrastrukturla təchiz edilməli olduğunu bildirmişdir.

Bu ilin iqtisadi sahədə göstəricilərinin müsbət olması, səkkiz ayda iqtisadiyyatda artımın dörd faizdən çox olması, qeyri-neft sektorunda yeddi faiz olması son illər ərzində xarici borcun ildən-ilə aşağı salınması və bu gün ümumi daxili məhsula nisbətdə bu, cəmi 7,5 faiz təşkil etmişdir. Demək olar ki, bütün əsas kreditləri qaytarılmışdır. Yəni, bu sosialyönümlü siyasət bir daha bizim ümumi siyasətimizi, niyyətimizi göstərmiş olduğunu vurğulayan ölkə başçısı işğal dövründə bizim təbii olaraq xarici siyasətimizin böyük hissəsinin bu istiqamətə yönəldiyini bildirdi. – “İndi isə - tarixi Zəfərimizdən sonra biz xarici siyasətimizdə daha sərbəstik və bu münasibətlə bir neçə kəlmə demək istərdim: müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir. Biz heç kimə qarşı heç vaxt heç bir iş görməmişdik, heç kimin işinə qarışmamışdıq. Amma bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunu etməsinlər. Belə cəhdlər var, olacaq. Düzdür, onların heç bir əhəmiyyəti yoxdur. Ancaq bizim xarici siyasət istiqamətində bu amil təbii olaraq həmişə nəzərə alınacaq. Kim bizimlə ikitərəfli formatda, qarşılıqlı hörmət əsasında əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da ki, bizi əsassız olaraq ittiham edəcək, ya da ki, hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq! Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib. Xüsusilə, tarixi Zəfərimizdən sonra bizim beynəlxalq nüfuzumuz bir neçə dəfə artıb. Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir. Çünki bəzi Qərb ölkələri hesab edirlər ki, beynəlxalq ictimaiyyət ancaq onlardır və onların əli altında olan demək istəmirəm yəni, asılı dövlətlər. Yox, beynəlxalq ictimaiyyət bütün dünya ölkələridir və bu dünya ölkələri bizə yekdilliklə səs verib. COP29-un Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və bizim beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir. Bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq. Dostlarımızın bütün qitələrdə sayı artır. Biz indi - İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Təbii olaraq, ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir və daha da inkişaf edir və edəcək.” deyə cənab Prezident, Müzəffər Ali Baş Komandan bəyan etdi.

Vilayət Mirzəyev, 
YAP Xətai rayon təşkilatının "R.Əliyev küçəsi 19" ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini