25 sentyabr 2024 17:16
93

“ADEX 2024” regionda müdafiə və hərbi sahədə yeniliklərə həsr olunmuş ən nəhəng sərgidir - HƏRBİ EKSPERT

Ehtiyatda olan zabit: Təhlükəsizliyə təminat, yeni təhdidlərə, neohibrid əməliyyatlara hazırlıq məqsədilə ən yeni texnologiyaların, müasir döyüş üsul və metodlarının öyrənilməsi hərbi sahədə fəaliyyətin ən vacib faktordur

“Dünya miqyaslı toplantıların, müdafiə və təhlükəsizlik üzrə sərgilərin, eləcə də digər tədbirlərin ölkəmizdə keçirilməsi, dövlətimizə olan etibar və etimadın, ölkəmizin artan nüfuzunun göstəricisi olmaqla yanaşı, müdafiə qüdrətimizin daha da gücləndirilməsi, təhlükəsizliyimizin təmin olunması məsələlərinə müsbət töhfələr verir”.

Bu fikirləri “ADEX 2024” hərbi sərgisinin keçirilməsi ilə bağlı “İki sahil”ə açıqlamasında ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist İsa İsmayılov qeyd etdi. İ.İsmayılovun sözlərinə görə, “ADEX 2024” Beynəlxalq hərbi sərgisi həm Qafqaz regionunda müdafiə və hərbi sahədə yeniliklərə həsr olunmuş ən nəhəng sərgidir, həm də hərbi-texniki əməkdaşlığın inkişafı, ən müasir silah, texnika və texnologiyaların nümayiş etdirilməsi üçün geniş imkanlar yaradan mötəbər toplantıdır. Sərgidə dünyanın ən qabaqcıl hərbi sənaye  komplekslərinin rəhbərləri və nümayəndələri iştirak edir. Dünyanın tanınmış hərbi sənaye müəssisələrini, nüfuzlu xarici şirkət və təşkilatları, eləcə də yüksək ixtisaslı mütəxəssisləri eyni məkanda toplanmasına imkan verən bu sərgidə beynəlxalq əlaqələrin qurulması və dövlətimizin maraqlarını təmin etməyə imkan verəcək yeni müqavilələrin imzalanması üçün geniş perspektivlər mövcuddur.

"Tam əminliklə deyə bilərik ki, Müdafiə Nazirliyi sərginin yaratdığı imkanlardan yararlanaraq, yəni, beynəlxalq hərbi əməkdaşlığın daha da genişləndirilməsi üçün lazım olan bütün addımları atacaqdır. Fikrimcə, sərginin keçirildiyi günlərdə dünya hərbi sənayesinin mövcud imkanlarının öyrənilməsi, bu sahədə baş vermiş yeniliklərin ordumuzda tətbiqi ilə bağlı Müdafiə Nazirliyi rəhbərliyinin keçirdiyi  görüşlər, aparacağı müzakirə və təhlillər Vətənimizin müdafiə qüdrətinin daha da güclənməsinə böyük səmərə verəcəkdir"- deyə  İsa İsmayılov bildirdib.

Hərbi jurnalist bildirdi ki, ordu quruculuğunu prioritet elan edən dövlətimiz üçün faydalı əməkdaşlıq qurmaq, dünyanın aparıcı silah istehsalçılarının ən yeni texnologiyaların tətbiqi ilə hazırladıqları müasir, yüksək dəqiqliyə, geniş ərazidə məhvetmə qabiliyyətinə malik silah-sursat, döyüş texnikası və digər hərbi vasitələrin ordumuzun arsenalında olması üçün çalışması da təbii haldır: "Bildiyimiz kimi, Müdafiə Nazirliyi 5-ci yubiley “ADEX 2024” Beynəlxalq hərbi sərgisində ayrıca bir stendlə təmsil olunur. Hesab edirəm ki, sərgidə bu səviyyədə uğurlu iştirak həm ordumuzun arsenalının nümayişi, həm də 2000-2023-cü illərdə hərbi əməliyyatlarda tətbiq etdiyimiz yeniliklərin və hərbi texnikanın modernizasiyası ilə bağlı gördüyümüz mühüm işlərin geniş mütəxəssis kütləsinə uğurlu təqdimatıdır. Sərgi ilə bağlı bir vətəndaş olaraq fəxrlə qeyd etmək istərdim ki, döyüş əməliyyatlarında silahların və hərbi texnikanın effektiv tətbiqi, səmərəli istifadəsi, eləcə də təkmilləşdirilməsi ilə bağlı bir sıra yeniliklər nazirliyin təmir müəssisələrində uğurla həyata keçirilib. Əminəm ki, bu yeniliklər və qazandığımız nailiyyətlər sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanacaqdır.  Sonda sərgi ilə bağlı danışarkən daha bir mövzu haqqında da fikirlərimi bölüşmək istərdim. Bildiyimiz kimi, dövlət başçısının tapşırıqlarına  əsasən ölkəmizdə yaranmış hərbi sənaye kompleksi qısa müddət ərzində böyük inkişaf yolu keçmişdir. Sevindirici haldır ki, bu gün hərbi sənaye kompleksimiz təkcə daxili tələbatın ödənilməsi ilə kifayətlənmir, rəqabətə davamlı, yüksək keyfiyyət tələblərinə cavab verən müxtəlif təyinatlı hərbi avadanlıqların ixracatı ilə də bağlı uğurlu addımlar atır. Ordumuzun arsenalında olan silahların, döyüş texnikasının və bir çox digər hərbi avadanlıqların böyük bir qisminin yerli hərbi sənayemizin istehsalı olması və bu məhsulların döyüş əməliyyatlarında praktiki cəhətdən sınaqlardan uğurla çıxması ölkəmizin hərbi sənaye kompleksinin istehsal etdiyi məhsullara marağın yüksək olmasına xidmət edəcəkdir. Müdafiə Nazirliyi qarşısında dövlət başçısı tərəfindən qoyulan vəzifələrin uğurla icrasının təmin olunması, eyni zamanda müasir dövrün mövcud təhdid və çağırışları təbii olaraq dünyada müdafiə sənayesi sahəsində baş verən yeniliklərin daima izlənilməsi, öyrənilməsi və effektiv tətbiqini, təhlükəsizlik sahəsində innovativ təşəbbüslərin araşdırılmasını diktə edir".

Ehtiyatda olan polkovnik-leytenant vurğuladl ki,  torpaqlarımızın Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi, separatizmin kökünün kəsilməsi və ərazi bütövlüyümüzün tam bərpa edilməsi ilə regionumuzda yaranmış yeni reallıqlar ordumuz qarşısında yeni tapşırıqlar qoyur. Doğma yurd yerlərinə qayıdan soydaşlarımızın əmin-amanlıq və sülh şəraitində yaşaması, həmçinin bütün Qafqaz regionunda dayanıqlı sülhün və iqtisadi layihələrin təhlükəsizliyinin təmin olunmasına töhfə vermək Silahlı Qüvvələrimizin ümdə vəzifələrindən olacaq.

"Bu vəzifələri uğurla yerinə yetirmək üçün yarana biləcək yeni təhdidlərə, neohibrid əməliyyatlara qarşı daima hazır olmaq gərəkdir. Dünyada ən müasir innovativ texnologiyaların tətbiqi ilə müşayiət olunan hərbi münaqişələr zamanı tətbiq edilən müasir döyüş üsul və metodlarının öyrənilməsi ən başlıca məqamlardan olmalıdır. 5-ci yubiley “ADEX 2024” Beynəlxalq hərbi sərgisi də bu tip məsələlərin diqqət mərkəzində saxlanılmasına töhfə verən ən vacib tədbirlərdəndir. İnanırıq ki, Müdafiə Nazirliyi arsenalımızda olan silah və texnikanın müasir döyüş üsullarının tələblərinə uyğun modernləşdirilməsi, həmçinin qabaqcıl texnologiyaların ölkəmizin relyefinə, ordumuzun qarşısında qoyulmuş tapşırıqlara uyğun inteqrasiya edilməsi yollarının öyrənilməsi üçün geniş  imkanlar yaradan bu cür beynəlxalq tədbirlərdən xalqımızın mənafeyu naminə yüksək səviyyədə yararlanacaqdır. Əminəm ki, belə tədbirlərdə müasir təcrübə və texnologiyaların öyrənilməsi və ölkəmizin ordu quruculuğu prosesində tətbiqi regionda təhlükəsizliyin təmin olunmasında, Azərbaycanın müdafiə qüdrətinin gücləndirilməsində, eləcə də ordumuzun döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılmasında əvəzsiz rol oynayır"- deyə, İsa İsmayılov qeyd etdi.