25 sentyabr 2024 20:41
97

İğdır Futbol Klubu bütün rəsmi matçlarda formasında SOCAR-ın loqosunu daşıyacaq

“SOCAR Türkiyə” bu mövsümdə İğdır Futbol Klubunun bütün rəsmi oyunlarının forma sponsoru olub.

“İki sahil” AZƏRTAC-a istinadla xəbər verir ki, imza mərasimində Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, İğdır Futbol Klubunun rəhbərliyi və futbolçuları iştirak ediblər.

Razılaşmaya əsasən, İğdır Futbol Klubu bütün rəsmi matçlarda formasında SOCAR-ın loqosunu daşıyacaq.

İmzalanma mərasimində çıxış edən “SOCAR Türkiyə”nin baş direktoru Elçin İbadov deyib: “SOCAR Türkiyə” olaraq ölkəyə qoyduğumuz iqtisadi sərmayələri sosial inkişaf layihələrinə və idmana yönəldirik. Bu mənada İğdır Futbol Klubuna dəstək olmaqdan məmnunuq”. E.İbadov bu əməkdaşlığın İğdır və hər iki ölkə üçün faydalı olmasını diləyib, İğdır Futbol Klubuna bu mövsüm mübarizəsində uğurlar arzulayıb.

İğdır Futbol Klubunun prezidenti Cantürk Alagöz çıxış edərək bildirib: “Qardaş ölkəmiz Azərbaycanın ən böyük enerji şirkəti və Türkiyənin ən böyük birbaşa xarici sərmayəçisi olan “SOCAR Türkiyə”nin klubumuza dəstək verməsi bizi çox qürurlandırır və sevindirir. Bu dəyərli razılaşmaya görə “SOCAR Türkiyə”yə təşəkkür edir və bunun hər iki tərəf üçün faydalı olmasını arzulayırıq”.