26 sentyabr 2024 12:30
488

“SOCAR Türkiyə” “İğdır” futbol klubunun forma sponsoru oldu - FOTO

Türkiyənin ən böyük birbaşa xarici investoru və ən böyük inteqrasiya sənaye qrupu olan “SOCAR Türkiyə” 2024-2025-ci il futbol mövsümündə “İğdır” futbol klubunun bütün rəsmi oyunlarının forma sponsoru olub.

“İki sahil” xəbər verir ki, “Alagöz” Holdinq “İğdır” futbol klubunun təlim mərkəzində keçirilən imzalanma mərasimində “SOCAR Türkiyə”nin baş direktoru Elçin İbadov, “İğdır” futbol klubunun prezidenti Cantürk Alagöz, klub rəhbərləri və futbolçuları iştirak ediblər. Razılaşmaya əsasən, “İğdır” futbol klubu bütün rəsmi matçlarda formasında “SOCAR”ın loqosunu geyinəcək.

“SOCAR Türkiyə” bu sponsorluq müqaviləsi ilə idmanın birləşdirici gücünə enerji qatmağa davam edir. Futbolun enerjisini Türkiyənin qərbindən şərqinə daşıyan “SOCAR Türkiyə” İğdır şəhərinin futbol klubuna dəstək olmaqdan qürur duyur.

İmzalanma mərasimində çıxış edən “SOCAR Türkiyə” baş direktoru Elçin İbadov qeyd edib ki, “SOCAR Türkiyə” olaraq sosial inkişaf layihələrinə və idmana verdiyimiz dəstəklə ölkəmizə qoyduğumuz iqtisadi sərmayələri dəstəkləyirik: “Bu mənada İğdırın futbol klubuna dəstək olmaq bizim üçün böyük xoşbəxtlikdir. Bu əməkdaşlığın İğdır və hər iki ölkə üçün faydalı olacağını ümid edirik. İğdır futbol klubuna bu mövsüm mübarizəsində uğurlar arzulayıram."

“İğdır” futbol klubunun prezidenti Cantürk Alagöz vurğulayıb ki, qardaş ölkəmiz Azərbaycanın ən böyük enerji şirkəti və Türkiyənin ən böyük birbaşa xarici sərmayəçisi olan “SOCAR Türkiyə”nin klubumuza dəstək verməsi bizi çox qürurlandırır və xoşbəxt edir: “Bu dəyərli müqaviləyə görə “SOCAR Türkiyə”yə təşəkkür edir və bunun hər iki tərəf üçün faydalı olmasını arzulayırıq.”

Orxan Vahidoğlu, “İki sahil”