26 sentyabr 2024 23:24
83

Reallıqlar antimilli ünsürlərin cəfəng iddialarını alt-üst edir

Məlum başıpozuq dəstənin Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 24-də Nyu-Yorkdakı Türk Evində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü ətrafında süni ajiotaj yaratmaq, məsələnin mahiyyətini qəsdən təhrif etmək cəhdi heç bir nəticə verməyəcək

Son zamanlar radikal müxalifət  “başbilənləri”nin ölkəmizin, dövlətçiliyimizin əleyhinə yalan, böhtan, şər üzərində qurduqları “qara piar” konstruksiyasını tez-tez dəyişmələri onların  nə qədər gülünc və miskin durumda olduqlarının növbəti aşkar göstəricisidir.

Böhtan xarakterli, feyk məlumatları ilə ictimai rəyi çaşdırmaq məqsədilə sosial şəbəkələri antimilli platformaya çevirən AXCP sədri Əli Kərimli, və onun qulbeçələrindən olan Rahim Hacıyev, Aqil Məhərrəm, eləcə də sabiq ReAl-çı Azər Qasımov, Rauf Mirqədirov, ABŞ-da məskunlaşan Sevinc Osmanqızı kimilər son günlər qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 24-də Nyu-Yorkdakı Türk Evində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü ətrafında süni ajiotaj yaratmaları diqqət çəkir. Bu antimilli ünsürlər görüşlə bağlı “təhlillərində” qəsdən qərəzli mövqe sərgiləyərək xaricdəki havadarlarının sifarişi ilə Azərbaycana qarşı apardıqları informasiya təxribatını ən çirkin üsullarla davam etdirirlər.

Məlum başıpozuq dəstənin sosial şəbəkə seqmentlərindəki absurd, məntiqsiz çıxışlarının əsas tezislərinə diqqət yetirərkən aydın olur ki, bu ünsürlərin əsas məqsədi R.T.Ərdoğan-N.Paşinyan görüşünün mahiyyətini məqsədli çəkildə təhrif edərək Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməkdir. Hamımız yaxşı bilirik ki, onlar bu tapşırığı  Azərbaycana, eləcə də Türkiyəyə düşmən münasibət bəsləyən, iki qardaş ölkə arasındakı müttəfiqlik münasibətlərini zədələmək üçün məkrli planlar quran qərəzli dairələrdən, regionda pozucu siyasət yürüdən məlum güc mərkəzlərinin və ermənipərəst dairələrin təsiri altında olan təşkilatlardan alıblar.

Bu rəzil, xəyanətkar zümrənin təmsilçiləri bir şeyi unudurlar ki, Azərbaycan ictimaiyyəti Nyu-Yorkdakı Ərdoğan-Paşinyan görüşü barədə əsl həqiqətləri yaxşı bilir. İstər Ankara, istərsə də rəsmi İrəvan bu görüşlə bağlı rəsmi məlumatlar yayıblar. Erməni tərəfinin məlumatında bildirilir ki, N. Paşinyan Prezident R.T.Ərdoğana Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesinin hazırkı vəziyyəti, münasibətlərin normallaşdırılması sazişini imzalamağa hazır olması, həmçinin Ermənistan hökumətinin “Sülh yollarının kəsişməsi” təşəbbüsü barədə məlumat verib. 

Anti-Azərbaycan dairələrin maşası olan Ə.Kərimli, C.Həsənli və digərləri özləri də yaxşı bilirlər ki, qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti R.T.Ərdoğan bu görüşdən əvvəl BMT Baş Assambleyasının 79-cu sessiyasındakı çıxışında bildirib ki, Azərbaycan-Ermənistan sülh prosesində əldə edilənlərin Türkiyə-Ermənistan normallaşma prosesinə müsbət təsiri olacaq. 

Digər yandan, bu satqın siyasətbazlara o da yaxşı məlumdur ki, rəsmi Ankara uzun illərdən bəridir Türkiyə-Ermənistan sərhədinin açılmasını, İrəvanla diplomatik əlaqələrin qurulmasını birmənalı olaraq Ermənistanın Bakının ədalətli tələblərini yerinə yetirməsi ilə şərtləndirir.  Yəni, Ankaranın İrəvana şərti belədir: Ermənistan-Türkiyə münasibətlərinin normallaşması Azərbaycanla sülh müqaviləsinin imzalanmasından sonra mümkün olacaq.

Bundan başqa, Prezident R.T.Ərdoğan bu ilin iyulunda bir daha bildirmişdi ki, Ermənistan-Azərbaycan sülh sazişinə Ermənistan ərazisindən Azərbaycanın Naxçıvan eksklavına quru əlaqəsini təmin edən Zəngəzur dəhlizinin açılması məsələsi də salınmalıdır. Bütün bunlar olmadan Türkiyə sərhədlərin açılması məsələsində birtərəfli addım atmayacaq.

Bütün bunların fonunda Ə.Kərimli və dəstəsinin, eləcə də xaricdəki qrant fondlarından yallananların bu məsələlərlə bağlı cəfəngiyyatları  “vız” edib qulağımızın dibindən ötür. Bu qədər sadə və bəsit...

Zahid Rza, “İki sahil”