27 sentyabr 2024 00:58
73

Qərbin riyakarlığının sonu olacaqmı?

Artıq elə bir zaman gəlib çatıb ki, nə Avropa, nə də avropalı siyasətçilər üçün demokratiyanın önəmi qalmayıb

Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.

Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində keçən dövr ərzində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilib, bir sıra əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olub. Müasir dövrdə Azərbaycanın beynəlxalq səviyyədə həyata keçirdiyi bərabərhüquqlu və qarşılıqlı maraqlar prinsiplərinə söykənən xarici siyasət strategiyası ekspertlər tərəfindən təqdir olunan model kimi qiymətləndirilir. Ümumilikdə, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi, çevikliyi ilə xarakterizə olunub və daim milli maraqlara söykənib.

Həm Ermənistan rəhbərliyi, həm dünya erməniliyi, həm də Qərbin “erməni xəstəliyinə” tutulmuş qurum və dövlətləri torpaqlarımızı işğaldan azad etməyimizi həzm edə bilmədikləri üçün bir-birinin ardınca Azərbaycana hücum edirlər. Amerika Birləşmiş Ştatları, eləcə də Avropanın bir sıra dairələrinin ölkəmizə qarşı qərəzli mövqeyini hər zaman  müşahidə edirik. Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxladığı 30 il ərzində ABŞ bir dəfə də olsun Ermənistanı qınamadı. Azərbaycanın bir milyon vətəndaşının öz doğma yurd-yuvasından, el-obasından didərgin düşüb məcburi köçkün həyatı yaşaması heç bir anlam daşımadı. Bu gün Qarabağdan öz xoşuna köçüb siyasi ambisiyaların girovuna çevrilməyi seçmiş Qarabağ ermənilərinin durumundan qat-qat ağır vəziyyətə düşmüş insanlarımızın çadır şəhərciklərində, vaqonlarda illərlə yaşamaları bu dövlətlər üçün heç bir mənəvi məna kəsb etmədi. Qərəzli beynəlxalq təşkilatların bəyanatları lakmus kağızından o yana keçmədi.

Artıq elə bir zaman gəlib çatıb ki, nə Avropa, nə də avropalı siyasətçilər üçün demokratiyanın önəmi qalmayıb. Avropa bütün dünyaya demokratiya carçısı olduğunu söyləyir.  Amma bütün proseslərə bu prizmadan yanaşdığını iddia edən Avropa nədənsə heç də həmişə bu "andına" sadiq qalmır. Masa üzərinə şəxsi maraqlar gəldikdə, əksər hallarda "andlar" arxa plana keçir.

Sərgilənən ikiüzlü siyasətin fonunda kölgədə qalan Avropa ədaləti  saxta diplomatiyasının üzərindəki pərdəni gizlədə bilmir.

Bu gün də erməni lobbisinin Şotlandiya parlamentini özünün anti-Azərbaycan ritorikasına alət etməsinin şahidiyik.

Belə ki,  Şotlandiya Milli Partiyasının üzvü Kennet Gibson “Ermənistan-Azərbaycan münaqişəsi” ilə bağlı təşəbbüs layihəsi (motion) irəli sürüb. Şotlandiya parlamentinin rəsmi internet səhifəsində yerləşdirilən bu layihədə Azərbaycana qarşı əlaqəsiz, əsassız və tutarsız ittihamlar irəli sürülüb.

Layihədə qeyd olunur: “Birinci Qarabağ münaqişəsinə son qoyan Bişkek protokolunun bu il 30-cu ildönümüdür. 2020-ci ildə Azərbaycanın başlatdığı İkinci Qarabağ müharibəsi mübahisəli regionun böyük bir hissəsinin işğalı ilə başa çatdı. Laçın dəhlizinin uzunmüddətli blokadasından sonra Azərbaycanın 2023-cü ildə reallaşdırdığı hücum Artsax Respublikasının ləğv edilməsi və burada daimi yaşayan erməni əhalinin qovulması ilə nəticələnib. Regiona nəzarəti ələ keçirdikdən sonra Azərbaycanın etnik ermənilərin bütün izlərini, o cümlədən erməni mədəni və dini irsini sistemli şəkildə silməsi, Azərbaycan tərəfindən ermənilərə qarşı nifrət nitqi və ərazi iddialarının səsləndirməsi gərginliyi artırır. Erməni xalqı əsrlər boyu, xüsusilə Birinci Dünya müharibəsi zamanı və ondan sonrakı illərdə Osmanlı imperiyası tərəfindən soyqırımına məruz qalıb. Qeyd olunanları nəzərə alaraq, Şotlandiya Parlamenti regionda ədalətli və davamlı sülh arzu etdiyini ifadə edir”.

Hazırda layihəyə Şotlandiya parlamentinin 8 üzvü (Milli Partiyadan 6 və Leyboristlər Partiyasından 2 nəfər) qoşulub. Ermənistanın Britaniya parlamentində ən yaxın havadarlarından olan Kris Lounun Şotlandiya Milli Partiyasının üzvü olması bu təşəbbüsün erməni lobbisinin fəaliyyətinin nəticəsi olduğunu göstərir. Antiterror tədbirlərinin ildönümü ərəfəsində Ermənistan və ermənipərəst qüvvələrin müxtəlif platformalarda fəallaşacağı gözlənilən idi. Qeyd edək ki, 2017-ci ildə Şotlandiya parlamentində Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul edildikdən sonra Ermənistanın havadarları Hayastan lehinə də belə bir qərarın qəbul olunmasına cəhd göstərirlər.

Digər tərəfdən, Şotlandiya Milli Partiyası 4 iyulda keçirilmiş parlament seçkilərində 47 yerdən 38-ni itirib ki, partiya üzvləri bu vasitə ilə siyasi müstəvidə aktuallıqlarını qoruyub saxlamağa çalışırlar.

Görünən odur ki, Qərb Cənubi Qafqaza sağlam niyyətlə baxmır. Rəsmi İrəvan özü başa düşməlidir ki, Qərbin bu tip siyasi riyakarlıqlarla dolu addımları bölgədə sülhə, sabitliyə mane olmaqla, əslində elə Ermənistanın özünün dövlətçiliyini təhdid edir. Çünki, artıq, Azərbaycan özünün ərazi bütövlüyünü və bütün ərazilərində Konstitusiya quruluşunu tam bərpa edərək bölgədə separatizmin sonunu gətirib. Bununla da  Qərbin iradəsi ziddinə yeni reallıq formalaşdırıb. . Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmayıb.

Şəmsiyyə Əliqızı, “İki sahil”