27 sentyabr 2024 11:21
92

27 sentyabr müstəsna tarixi fenomen kimi

27 sentyabr Anım Günüdür və tariximizdə hər zaman bu cür yad olunacaq. Tarixin bu günü Böyük Zəfəri bizə qazandıran mübarək 44 günlük müharibənin başlandığı nöqtədir. Azad olunan Qarabağ, fəth olunan Şuşa, işğalçılardan təmizlənən Vətən torpağı! Xəyallarımızın gerçəkləşdiyi möhtəşəm 2020-ci il! Bəli, qismətimizdə bunu da yaşamaq varmış. Bu bir il ərzində bizə “yuxu əhvalı” kimi görünən Zəfər müjdəmizin bəlkə də ən ağlasığmaz tərəfi budur. 30 ilin həsrət alovunun 44 gün məcrasında bitməsi... Amma nəzərə alanda ki, Zəfərə gedən yolun məfkurə mücadilələri, ideoloji savaşlarına baxmayaraq zaman-zaman Azərbaycan dövləti təfəkkür, siyasi səriştə və intellekt miqyasının gücü sayəsində daim diri qalmışdı, fəhm etmək o qədər də çətin olmaz.  27 sentyabr başlanğıc üçün bir an idi. Məhz tarixdə o anın gəlişini gerçəkləşdirən əməllərin sırası var və yüzillər keçsə də, tarix bizimlə hər zaman bu gerçəklərin üslubunda danışacaq. Hansı gerçəklər?

Prezident İlham Əliyev 2008-ci ildə Bakıda İstiqlal Bəyannaməsini abidələşdirdi. Dövlət başçısı Azərbaycanda türk qanlı, İslam imanlı, Avropa fikirli bayrağımız  üçün Bayraq meydanlarını qurdu. Həmçinin, cənab İlham Əliyev 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdi.

Qələbəmizin genetik kodlarını daşıyan bu sıranı istənilən qədər artırmaq olar. Prezident İlham Əliyev Əlimərdan bəy Topçubaşovun Parisdəki məzarını ziyarətgah halına gətirdi. Məhəmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli Xan Xoyskinin, böyük ideoloq, bayrağımızdakı triadanın müəllifi Əli bəy Hüseynzadənin ölkə miqyasında və dövlət səviyyəsində yubileylərinin keçirilməsinə, Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının nəşrinə rəvac verdi. Bunlar Prezident İlham Əliyevin fikir həyatımızda oynadığı müstəsna məqamlardır. Cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin davamçısı olaraq bir qızıl qaydanı dərindən bilirdi. Millət öz istiqlalınını qoruduğu müddətdə içindəki hürr duyğusu sönmür. Buna görə bu fərmanlara imza atmaq, xalqa istiqlal təlimi ilə aşılanan yurd sevgisini ötürüb lazımı anda onu milli varlığımızın xilası hərəkatında orduya çevirmək lazım idi.

Milli-xroniki və tarixi anomaliyaya çevrilmiş erməni məkrinin klassik modeli bu illər ərzində heç dəyişmədi. Son yüz ildə dəfələrlə qabaran bu məkrin fəsadları - ardınca gətirdiyi bəlalar, qan və göz yaşları aramsız oldu. Həm də ona görə oldu ki, yaddaşdan nəticə çıxara bilmədik. Əsrin sonunda yenə eyni ssenari, eyni təcavüz və işğal prosesləri davam etdirildi. Bizlər 30 ilə yaxın aciz bir durumda buraxılıb gözləmə mövqeyi seçməyə məhkum edildik. Əvəzində, dəfələrlə pozulan atəşkəs, öldürülən uşaqlar, əsgərlər, dağıdılan yurd yerləri. Hələ ikinci Qarabağ savaşı başlamamışdı. Ermənistanın baş naziri Nikol Paşinyanın “Rəsulzadənin nasistlərlə əməkdaşlığı olub” kimi sərsəm ittihamlarla çıxışı, Tovuz hadisələri, atəşkəsin dəfələrlə pozulması bizim üçün səbrin sonu, onlar üçün sonun başlanğıcı oldu. 

44 günlük savaş bütün mənalarda Vətən müharibəsi oldu. Millət kükrəyən emosiyası, əsgərlər fədai ruhu, Ali Baş Komandan səriştə və diplomatik əzmi ilə meydanda idi. Ölkədəki siyasi partiyalar da bu ali məram ətrafında ilk dəfə idi ki, birləşmişdi. M.Ə.Rəsulzadənin müstəqilliklə bağlı təmsil eydiyi siyasi təmayülə münasibətdə həssaslıqla ifadə etdiyi belə bir fikri var: “Azərbaycan dövri-istiqlalına bolşeviklər müsavat dövrü deyirlər. Fəqət xalq bu dövrə Azərbaycan dövrü deyir”.

Bəli, 44 günlük müharibə də bizim üçün  ayrılıqda hansısa partiyanın deyil, onların birgəliyinin gücündən hasilə gələn Azərbaycan dövrüdür. Yalnız ölkə daxilində deyildi bu birlik. Bütün türk dünyası bu savaşda yanımızda idi. Bu qələbə türk milli şüurunun qələbəsi idi. İlham Əliyev Müzəffər orduya ancaq qələbə sonucunu simvolizə edən bir hökmü bəyan edib onu irəli ruhlandırmışdır: “Qarabağ Azərbaycandır”! Bu hökmdən sonra nidanı əsgər qoymalı idi. Qoydu da.

Bu 44 gündə Azərbaycan öz bütövlüyünü qanı ilə qazanmağa layiq orduya, milli miqyasda düşüncə və təşkilati iş vüsətinə sahib olduğunu dünyanın göz önünə sərdi. Müstəqillik mentaliteti və statusunu hər zaman qoruyan Ali Baş Komandan İlham Əliyevin dünyanın gözü qarşısında nümayiş etdirdiyi məğrur lider obrazı  isə onun məqsəd və mövqeyinə real-əməli mündəricə qazandıran əsas rəmzlərdən oldu. Bu Müzəffər Liderliyi türk tarixinə iz salmış, onun coğrafiyasından tutmuş mənəvi ərazilərin vəhdətinə qədər bütöv silsilə yaradan, hünər meydanında ad çıxaran, türk intibahının yaranmasında misilsiz rol oynayan fatehlərin milli taleyin iştirakındakı əvəzsiz xidmətləri ilə eyni müştərək müstəvidə kəsişdirmək olar. Azər Turanın “Salam türkün bayrağına və yaxud dağılan erməni mifi” məqaləsində oxuyuruq: “2020-ci ilin sentyabrında başlayan Vətən müharibəmizi ümumtürk tarixinin yalnız dörd məşhur savaşı ilə qiyaslandırmaq mümkündür. Səlcuqlu imperatoru Alparslanın zəfərlə sonuclandırdığı Malazgirt savaşından sonra türk tarixinin yeni dövrü başladı. Elmdə də belə qəbul olunub - 1071-ci il yeni türk erasının başlanğıcıdır. Sonra Fateh. Yəni 1453-cü ildə İstanbulun fəthi və Orta əsrlərin sonu. Sonra 1915-ci il Çanaqqala savaşı. Sonra 1922-ci il. Sakarya müharibəsi. Və nəhayət, 2020-ci il. Qarabağda Azərbaycanın Vətən müharibəsi. Bu mənada, İlham Əliyevi yalnız Alparslan, Fateh, Ənvər paşa və Atatürklə müqayisə etmək olar. Hətta savaş üslubları, savaş ritorikaları da bəzən üst-üstə düşür. Sakarya müharibəsi zamanı "Səddi-müdafiə yoxdur, səddi vətən vardır" deyən Atatürk kimi, İlham Əliyev də "status-kvo yoxdur, təmas xətti yoxdur, onu biz ləğv etdik" dedi”.

İlham Əliyev erməni fitnəsinə qarşı hər zaman ayıq, dəqiq və qətiyyətli ideoloji mövqe sərgiləyib. Tarixdəki bir ibrətamiz faktı xatırlatmaq istəyirəm. Məlumdur ki, ermənilər öz mənfur niyyətlərini zamanla gerçəkləşdirmək üçün onlara buraxılmış İrəvan ərazisində təşkilatlanıb böyük düşmənə çevrildi və üstündən bir əsr keçəndən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu acı gerçəklərin siyasi təsnifatını tarixdə ilk dəfə 2011-ci il  iyulun 5-də Dünya Azərbaycanlılarının III qurultayında verdi: “Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük. Halbuki, sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır. Əgər onlar öz xalqının gələcəyi haqqında düşünürlərsə, öz siyasətində dəyişiklik etməlidirlər. Azərbaycanın işğal olunmuş torpaqlarından qeyd-şərtsiz çıxmalıdırlar və Türkiyəyə qarşı əsassız ittihamlardan əl çəkməlidirlər. Əks təqdirdə, Ermənistanın özünün müqəddəratı sual altına düşə bilər...”

Prezident BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışı zamanı da çox mühüm məqamlara toxundu. Ermənilərə məxsus ənənəvi dini və irqi ambisiyanın konkret-tarixi səbəblərinə diqqət yönəldən ölkə başçısı dünya ictiamiyyətinə bu dövlətin nə qədər cinayətkar və cani olduğunu çatdırdı. Beynəlxalq Hüququn bütün normalarını, BMT Nizamnaməsində qeyd edilmiş İnsan Haqlarını, Cenevrə Konvensiyasının bütün qərarlarını pozan Ermənistan dövlətinin daxili mahiyyətini bütün tərəfləri ilə meydana qoydu. Ölkə başçısı dünyanın gözü qarşısında konsepsiya səviyyəsində ifadəsini tapmış diplomatik səriştənin gücünü sərgiləyir və bu güc qarşısında erməni mifi və onların bədnam Daşnaktsutyun, Nemesis, Andranik, Şaan Natali kimi qum heykəlləri ovulub tökülür...

1918-ci ildə qazandığı müstəqilliyini qoruya bilməyən Azərbaycan neçə onillikdən sonra yenidən istiqlalına qovuşdu, Azərbaycan beynəlxalq arenada tanındı, rəhbəri dünya liderləri ilə bir araya gəldi. 30 il əvvəl torpaqlarını itirən Azərbaycan bir il əvvəl, 44 günlük müharibə ilə ərazi bütövlüyünü bərpa etdi. Bir həssas məqamı da burda vurğulamaq yerinə düşər. 2014-cü ilin aprelində Praqada Türkiyənin təmsil olunmadığı “Şərq tərəfdaşlığı” sammitində Türkiyənin qarasınca deyinən köhnə düşmənin sözünü “Türkiyə burda yoxdur, amma mən varam”, - deyə  Azərbaycan prezidenti İlham Əliyev kəsmiş, Türkiyə həqiqətlərini dünya birliyinin diqqətinə çatdırmışdır. Bu gün isə bütün çətinliklərə rəğmən Azərbaycanın olmadığı siyasi məkanlarda, beynəlxalq siyasi müstəvidə Azərbaycanın sözünü Türkiyə deyir. Erməni şovinizminin həyata keçirdiyi tarixi-siyasi proqramın qlobal motivləri və strateji havadarları, ideya kökləri, mənəvi terroru aşkar üsuluna, fəal cəbbəxanasına döndərən məkrinə qarşı bu birlik türk ruhunun qələbəsi olmaqla yanaşı tarixin cavabı və rəmzlərlə dolu varlıq nümunəsidir.

44 günlük Vətən savaşımız ölkəmizin tarixi-siyasi, ədəbi-mədəni və mənəvi həyatında yeni aktiv bir fazanın başlanğıcıdır. Bu başlanğıc nöqtəsindən yeni bir Azərbaycanın və onun yeni tarixinin, ədəbiyyatının, mədəniyyət və incəsənətin ərsəyə gələcəyi şübhəsizdir.

Elnarə Akimova,

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı