28 sentyabr 2024 11:02
88

Xalqımız 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində özünün işıqlı gələcəyinə səs verdi

Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də oktyabrın 3-nə təsadüf edir. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı. Ulu Öndər 98.84 faiz səslə Azərbaycan Prezidenti seçildi.

Heydər Əliyevin seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın Ulu Öndərə, onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamdan qaynaqlanırdı. Azərbaycan xalqı bilirdi ki, bu ağır və böhranlı dövrdə ölkəyə sahib çıxa biləcək Heydər Əliyev kimi liderə ehtiyacı var.

Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərin müstəqil gənc respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi.

O vaxt ölkəmiz dövlət müstəqilliyini yenicə bərpa etmişdi, Azərbaycan Ermənistanla müharibə şəraitində idi. Bu risk doğuran faktorlar böyük dövlətləri və şirkətləri Azərbaycana sərmayə yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. Ulu Öndərin beynəlxalq arenadakı şəxsi nüfuzu tərəddüdlərə son qoydu: 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft kontraktları imzalandı. Sonradan “Əsrin müqaviləsi” adlandırılan bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyi möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı.

Azərbaycanın inkişafının sonrakı mərhələləri göstərir ki, ölkəmizi dünyanın vacib aktorları sırasına Heydər Əliyevin şəxsi nüfuzu sayəsində qazanılan uğurlar çıxarıb.

Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan Ulu Öndər kimi qalıb.

Ümummilli lider Heydər Əliyev təkcə Azərbaycanın deyil, həm də dünyanın nadir və bənzərsiz şəxsiyyətlərdən biridir. Onun əziz xatirəsi hər bir azərbaycanlının, hər bir soydaşımızın qəlbində əbədi yaşayır və yaşayacaq.

Bu gün Prezident İlham Əliyevin gördüyü işlər Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib. Həyata keçirilən uğurlu siyasət Azərbaycanı yalnız regionda deyil, həmçinin beynəlxalq miqyasda da söz sahibi olan bir ölkə kimi tanıtdırıb. İkinci Qarabağ - Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə bu uğurların məntiqi nəticəsidir. Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı Qarabağa Böyük Qayıdışın əsasını qoydu.

Azərbaycan Prezidentinin 2022-ci il 29 sentyabr tarixli sərəncamına əsasən Azərbaycan xalqı 2023-cü ili - “Heydər Əliyev İli”ni doğma Qarabağımızın yenidən çiçəklənməsi və Böyük Qayıdışla qeyd edir. Ulu öndər Heydər Əliyev bütün həyat və fəaliyyətini Azərbaycana, onun inkişafına, tərəqqisinə həsr edib. Bu baxımdan, dövlətimizin başçısının sözügedən Sərəncamı xalqımız tərəfindən çox yüksək dəyərləndirilərək Ulu Öndərin 100 illiyi böyük təntənə keçirildi.

Bu qərar dahi siyasətçinin dərin zəkasının, fitri diplomatik istedadının, siyasi uzaqgörənliyinin, geniş dünya görüşünün, siyasi iradəsinin, hadisələri qiymətləndirmə bacarığının, peşəkar rəhbərlik xüsusiyyətlərinin, ensiklopedik biliyinin, məharətli natiqlik bacarığının daha dərindən və ətraflı öyrənilməsi baxımından çox vacibdir. Heydər Əliyev irsinin və şəxsiyyətinin öyrənilməsi yalnız ölkəmizdə deyil, elə bütün dünyada diplomatiya və politologiya sahələrinə bəxş edilmiş böyük töhfədir. Digər tərəfdən, Heydər Əliyev şəxsiyyətinin, irsinin, fəaliyyətinin və xidmətlərinin öyrənilməsi elə müasir Azərbaycanın müstəqillik və dövlətçilik tarixinin öyrənilməsi deməkdir.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri