28 sentyabr 2024 08:20
133

İki mindən çox gəncin və gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə İkinci Fəxri Xiyaban ziyarət edilib

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı (NAYORA) ilə 27 Sentyabr - Anım Gününə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib.

“İki sahil” xəbər verir ki, NAYORA-dan verilən məlumata görə, tədbirlərdə Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində və 24 saat ərzində Qarabağ iqtisadi rayonu ərazisində keçirilən antiterror əməliyyatlarında qazandığımız uğurdan, şəhidlik zirvəsinə ucalan igidlərin qəhrəmanlıqlarından bəhs edilib. Tədbirlər çərçivəsində həm panel müzakirə, həm də gənclər və gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə birgə yürüş baş tutub. Azərbaycan Respublikası Pedaqoji Universitetində gənclər və gənclər təşkilatlarının nümayəndələri ilə birgə “Qarabağ: Qəhrəmanlarının Dastanı” panel müzakirəsində ilk olaraq şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Müzakirədə qazilər Vətən müharibəsində keçdikləri döyüş yolu barədə öz təəssüratlarını bölüşüb və gənclərə Qarabağ müharibəsi barədə ətraflı məlumat verilib. Panel müzakirəsində informasiya müharibəsində gənclərin rolu və onların fəal iştirakı mövzusuna toxunulub. Gənclərin sosial mediada və informasiya cəbhəsində vətənpərvərlik ruhunu təbliğ etməsinin əhəmiyyəti vurğulanıb.

Tədbirlərin davamı olaraq iki mindən çox gəncin və gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə İkinci Fəxri Xiyaban ziyarət edilərək şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.

Tədbirlərin keçirilməsində əsas məqsəd gənclərin milli şüurunu artırmaq və vətənpərvərlik hissini gücləndirməkdir.