30 sentyabr 2024 14:15
101

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının XI plenumu keçirilib, YENİ SƏDR SEÇİLİB

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının XI plenumu keçirilib.

“İki sahil” xəbər verir ki,  Plenumda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Elvin Əzizov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general Habil Nağıyev və digər şəxslər də iştirak edib.

Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin, həmçinin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş bütün şəhidlərin xatirəsi, təşkilatın mərhum sədri, “İstiqlal” ordenli Fatma Səttarovanın xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Plenumda Təşkilatın ötən dövrdəki fəaliyyəti ilə bağlı hesabat dinlənilib, qarşıda duran vəzifələr müzakirə edilib. Yeni sədrin seçilməsi, eləcə də Nəzarət-Təftiş Komissiyasının tərkibinin təsdiq edilməsi müzakirəyə çıxarılıb.

Plenumda polkovnik Cəlil Xəlilov yekdilliklə Təşkilatın sədri seçilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Nəzarət-Təftiş Komissiyasının tərkibi də təsdiq edilib.