30 sentyabr 2024 23:09
95

Saxta sənədlərlə Qərbə “müsavatçı” ixrac edən Arif Hacılının paxırı açılır…

Sentyabrın 28-də Müsavat Partiyası Məclisinin növbəti yığıncağı keçirilib. Olsun. Buna kimin nə sözü ola bilər? Gizli səsvermə yolu ilə Almaz Əliqızı, Könül Alı, Yisif Mehdi, Nemət Kərimli, Nizami Osmanuşağı, Mustafa Hacılı, Dadaş Əhmədli, Hidayət Allahverdi və Fərman Quliyev yeni yaradılan komissiyaların sədrləri seçiliblər. Seçilsinlər. İstəmiyənin gözü kor olsun.

Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı özünün “Facebook” səhifəsində yazıb ki, yeni şəraitdə fəaliyyət istiqamətlərini müəyyənləşdiriblər. Yazıb, yazıb da. Əlini-qolunu bağlayanmı var? Amma məsələ ondadır ki, bu Müsavat funksioneri elə hey müəyyənləşdirir, ancaq bir yerə çıxa bilmir ki, bilmir. Gah Müsavat Partiyasının başqanı, gah bu təşkilatın Ali Məclisinin sədri olur.  Bunları da könüllü etmir ha!  Yöz yox ki, A.Hacılı bütün bu addımları özünün “əbədi şefi”,  partiyanın indiki başqanı İsa Qəmbərin göstərişi, ya da ki bir barmaq işarəsi ilə atır. Partiyanın Ali Məclisinin sədri yaxşı bilir ki, könüllü icra edilməyən öhdəliyin tərs alternativləri də olur.

Bəli, ağa deyəndən sonra nökərin ağzı nədir etməsin. Yəni, məşhur “Qatarda” televiziya tamaşasında deyildiyi kimi: “Fatı qalx, Fatı otur”. Axı onu İ.Qəmbər, necə deyərlər, “adam edib”. Bir illik urvatsız, səriştəsiz, xəyanətkar AXC-Müsavat iqtidarı dövründə onu yerli radionun sıravi əməkdaşından prezidentin ərazi idarəetmə hakimiyyəti və idarəetmə orqanları ilə iş üzrə dövlət müşaviri postuna qədər yüksəldən də məhz İ.Qəmbər olmuşdu.

Yeri gəlmişkən, 1992-ci ildə çayxana təfəkkürlü “bəylər” respublikanın idarəçiliyini tankla-topla, çevriliş yolu ilə zəbt edəndə həmin bu A.Hacılı  parlamentdə bağıraraq deyirdi: “Heç kim bizə mane ola bilməz. Hakimiyyəti ələ almaq üçün bizə 9 dövlət razılıq verib”.

Təbii ki, bütün bunlar hammıza məlumdur.  Amma və lakin bəla orasındadır ki, ötən əsrin 90-cı illərində xalqın deyil, 9 dövlətin razılığı ilə iqtidarı ələ keçirib respublikada qan üstündə hakimiyyət quran, ölkənin sərvətlərini talan edən xəyanətkar, başıpozuq zümrənin əsas təmsilçilərindən olan A.Hacılı kimi antimilli ünsür yazır ki, mən bütün varlığımla əminəm ki, Azərbaycanda mövcud olan dövlət idarəçiliyi sistemi kökündən yanlışdır, antimilli xarakter daşıyır: “Ona görə də bu sistem demontaj olmalıdır. Yeni və mütərəqqi, yəni xalqa xidməti hədəf alan sistem yaradılmalıdır. Bəli, mən başa düşürəm ki, Qarabağda böyük tikinti-bərpa işləri gedir və bu işə böyük paralar xərclənir. Bu xalq daha yaxşı yaşamağa haqq edir. Azərbaycan xalqı ən azı ermənilərdən yaxşı yaşamalıdır”…

Cəmiyyətimiz A.Hacılını “siyasi mühacirlər” alveri ilə məşğul olan siyasi dəllal kimi tanıyır. Ölkəmizdə ötən əsrin 90-cı illərindən başlayan siyasi mühacir alveri, A.Hacılı kimi siyasətbazların sayəsində 2012-2015-ci illərdə özünün pik nöqtəsinə çatmışdı. Məsələn, bir neçə il bundan əvvəl Müsavat Partiyasının Qadınlar Birliyinin o zamankı sədri Ellada Məmmədli məsələ ilə bağlı yazırdı: “Almaniyada sığınacaq almaq istəyən Ləman Talıbova ilə bağlı qalmaqal ürəkaçan deyil. Belə məlum oldu ki, Ləman Talıbova vaxtilə Avropa ölkələrindən birinə gedib, ancaq ona həmin ölkədə qalmağa icazə verməyiblər. Ona deyilib ki, yalnız siyasi mühacir kimi Avropada yaşaya bilər. Sonra Azərbaycana qayıdıb, hansı vasitə ilə, necə Müsavat Partiyasına üzv olub, bunu dəqiqliklə özü bilir. Bu xanım 2013-cü ildə Müsavat Partiyasına daxil olub, elə həmin ildə də Avropaya yollanaraq özünü siyasi mühacir kimi təqdim edib. Partiyanın istər keçmiş, istərsə də indiki rəhbərliyi ilə şəkilləri var. Müsavatçılar bir-birinə sual etdilər ki, Ləman Talıbovanı partiyada, mitinqlərdə kim görüb, həqiqətənmi sıralarımızda olub? Bu cür şəxslərə verilən partiya biletlərinin surəti xaricdən bizə də göndərilir. Belə partiya biletləri qurultaya qədər partiyanın İcra Aparatının rəhbəri Arif Hacılının imzası ilə verilib.

Müsavat Partiyasının sabiq üzvü, hazırda İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli də “vəsiqə və arayış biznesi” barədə yazı yazmışdı. E. Həsənli yazıda qeyd etmişdi ki, təxminən 6 ay ərzində 483 nəfərə Müsavat üzvü olmaqla bağlı arayış verilib: “Məlum olur ki, artıq neçə illərdir Müsavat rəhbərliyi, özəlliklə də Arif Hacılı və Gülağa Aslanlı, o cümlədən də onların ətraflarında olan bir sıra funksionerlər, bir neçə başqa rayon təşkilat sədrləri mühacirət biznesinə girişiblər. Mexanizm sadədir: Avropaya mühacirət etmək istəyən vətəndaşları ən müxtəlif yollarla tapırlar, onlarla cinayət əlaqəsinə girərək, öncə onları partiyaya yazdırırlar, müəyyən kritik say düzələndən sonra piket, ya da mitinq təşkil edib, onların fotolarını çəkdirirlər, sənədlərini hazırlayıb, bütün bunların əvəzində də pul alıb, Avropoya “müsavatçı” ixrac edirlər.

Daha nə deyəsən? A.Hacılı kimi saxtakar siyasətbazlar öz ayıblarına kor olub sussalar, daha yaxşı olar. Çünki zaman keçdikçə bu antimilli ünsürlərin fırıldaqlarının paxırı daha çox açılır…

Zahid Rza, “İki sahil”