01 oktyabr 2024 23:41
323

COP29 anti-Azərbaycan dairələrin yuxusunu ərşə çəkib

“Freedom House”, “Human Rights Watch” və digərlərinin COP-29 kimi nüfuzlu beynəlxalq tədbir ərəfəsində Azərbaycanın imicinə ləkə yaxmaq, süni ajiotaj yaratmaq üçün min bir oyundan çıxmaları əbəsdir. Obrazlı desək, əsl sizif əməyidir…

2023-cü il dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda Prezident İlham Əliyev “Mən bu cür toplantıları faydalı hesab edirəm, çünki bu təmas vaxtı biz bir sıra vacib məsələləri müzakirə edirik. Mən də beynəlxalq ekspert dairələrində regionumuzda cərəyan edən son proseslərlə bağlı hansı sualların olduğunu daha da yaxşı anlayıram” kimi fikirləri ilə beynəlxalq tədbirlərin əhəmiyyətini bir daha təsdiqlədi.

Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi bu baxımdan diqqətəlayiqdir. 1995-ci ildən hər il keçirilən bu konfransın məqsədi dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. COP-29 a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edir. Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir.

Mübaliğəsiz demək olar ki, COP29 ərəfəsində beynəlxalq aləmin diqqəti Azərbaycana yönəlib. Bu gün bütün bəşəriyyəti narahat edən iqlim dəyişikliklərinə həsr edilən bu nüfuzlu beynəlxalq tədbirin ölkəmizdə layiqincə keçirilməsi üçün görülən hazırlıq tədbirləri bir daha deməyə əsas verir ki, bundan əvvəl də qlobal və regional əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi edən Azərbaycan dövləti qarşıya qoyulan bu vəzifənin də öhdəsindən layiqincə gələcək.

Şübhəsiz, bütün bunlar Qərbdəki bəzi qərəzli dairələri, erməni lobbisini, eləcə də ermənipərəst qüvvələri ciddi narahat edir. Ona görə də həmin anti-Azərbaycan mərkəzlər ölkəmizə qarşı apardıqları total qarayaxma kampaniyasını daha da gücləndiriblər. Məlum məkrli dairələr və onların “sapı özümüzdən olan” əlatıları Bakıda “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsi, daha sonra I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları keçiriləndə də ermənipərəsət dairələrlə səs-səsə verərək həyasızcasına Azərbaycan əleyhinə təbliğat aparırdılar. Erməni lobbisinə yaxınlığı ilə tanınan bəzi beynəlxalq təşkilatlarla sinxron fəaliyyətdə olan antimilli ünsürlər o zaman bir qrup QHT nümayəndələrini və muzdlu yazarları “səfərbər” edərək Bakıda “Demokratiya naminə oxu” adlı iyrənc kampaniya təşkil etdilər. 

Danılmaz faktdır ki, ölkəmizdə keçirilən hər növbəti böyük beynəlxalq tədbir ərəfəsində anti-Azərbaycan qüvvələrin qarayaxma, şər və böhtanlarla çıxış etməsi də artıq ənənə halını alıb. COP29 yaxınlaşdıqca məlum məkrli qüvvələr “insan hüquqları” bəhanəsi ilə Azərbaycana qarşı hücumlarını intensivləşdiriblər.

Uzun illərdən bəri ölkəmizə qarşı qərəzli münasibəti ilə tanınan, ermənipərəst mövqelərini gizlətməyən bəzi beynəlxalq qurumlar, xüsusilə də erməni lobbisi ilə sıx işbirliyində olan “Freedom House”, “Human Rights Watch” və digərləri COP29 ərəfəsində ölkəmizə qarşı apardıqları ləkələmə kampaniyasının miqyasını daha da genişləndiriblər.  Erməni lobbisinin çirkli pulları ilə bəslənən bu cür qərəzli təşkilatlar “insan haqları”, “demokratiya”, “vətəndaş cəmiyyəti” məfhumlarından   bu gün də ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər.  

Təbii ki, bütün bunlar ölkəmizin ictimaiyyətinin kəskin etirazına səbəb olur. Məsələ ilə bağlı Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilir ki, artıq bu hücumları həmin təşkilatların erməni mənşəli əməkdaşlarının özləri həyata keçirir. Eyni zamanda, bu təşkilatlar irqçi düşüncəyə malik digər erməni fəalların bütün hücumlarını dəstəkləyirlər. Buna son nümunə isə “Freedom House”un erməni millətçisi Şeyla Paylan tərəfindən “Newsweek”də yayımlanan böhtan dolu məqaləni dəstəkləməsidir. İcma bu hücumları qətiyyətlə pisləyir, eləcə də Ş.Paylanın işlədiyi BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsini onun haqqında zəruri ölçü götürməyə çağırır.

Şübhəsiz, bütün bunlar heç bir nəticə verməyəcək. Anti-Azərbaycan COP-29 kimi nüfuzlu beynəlxalq tədbir ərəfəsində ölkəmizin imicinə ləkə yaxmaq, süni ajiotaj yaratmaq üçün min bir oyundan çıxmaları əbəsdir, obrazlı desək, sizif əməyidir…

Zahid Rza, “İki sahil”