03 oktyabr 2024 12:49
284

Ölkələrin həqiqi suverenliyinə yol açacağıq - Kabine Dumbiya

Azərbaycan Afrika və digər regionlardakı ölkələrin suverenliyini dəstəkləmək öhdəliyi ilə seçilir.

“İki sahil” xəbər verir ki, bunu ASRAD qeyri-hökumət təşkilatının prezidenti Kabine Dumbiya "Afrikada Fransanın neokolonializm siyasəti" adlı konfransda deyib.

“Azərbaycan hökumətinin baxışı və bu müzakirələri beynəlxalq arenaya çıxarmaq əzmi müasir problemlərin kollektiv şəkildə dərk edilməsi üçün çox vacibdir”, - o bildirib.

K.Dumbiya, həmçinin bugünkü konfransın təşkilinə görə Bakı Təşəbbüs Qrupuna (BTQ) və qrupun icraçı direktoruna minnətdarlığını bildirib: “Fikir mübadiləsi aparmaq üçün bu məkanı yaratdığına, eləcə də tədbirin təşkilinə rəhbərlik etdiyinə görə BTQ-nin rəhbəri Abbas Abbasova təşəkkür edirəm. Əminəm ki, bu cür müzakirələr vasitəsilə biz qarşıda duran çağırışları və imkanları daha yaxşı başa düşə biləcəyik. Bununla da ölkələrin həqiqi suverenliyinə yol açacağıq”.

O vurğulayıb ki, müstəmləkə ölkə statusu insanları azadlıq mühitində yaşamaq dərkindən məhrum edir və müstəqil qərarlar qəbul etmək imkanına mane olur: "Suverenlik anlayışı qloballaşma ilə təsdiqlənir. Afrika dövlətləri siyasi müstəqillik əldə etmələrinə baxmayaraq, transmilli korporasiyaların, beynəlxalq maliyyə qurumlarının, keçmiş müstəmləkə dövlətlərinin və yeni fövqəldövlətlərin güclü təsirləri qarşısında öz muxtariyyətlərini təsdiqləmək üçün mübarizə aparmağa davam edirlər”.