05 oktyabr 2024 10:14
110

Horovluda 867 ailənin yaşaması nəzərdə tutulub

Yaxın zamanlarda doğma sakinlərinə qucaq açacaq yaşayış məntəqələrindən biri də Cəbrayıl rayonunun Horovlu kəndidir. Təməli 2023-cü il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulan kənddə tikinti işləri sürətlə davam etdirilir.

“İki sahil” xəbər verir ki, Horovlu kəndi də erməni işğalı zamanı tamamilə dağıdılaraq viran edilib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz tərəfindən gerçəkləşən Zəfər yürüşün 8-ci günündə azad edilən yaşayış məntəqələrindən biri də Horovlu olub. Ötən il dövlət başçısı tərəfindən təməli qoyulan kənd yenidən qurulur.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyə Rzayeva bildirib ki, kəndin layihələndirilən ümumi ərazi 248 hektardır və perspektivdə bu kənddə 3470 nəfər olmaqla, 867 ailənin yaşaması nəzərdə tutulub. Birinci mərhələdə Horovluya 1395 nəfərin köçürülməsi planlaşdırılır və artıq 334 fərdi evin hörgü işləri tamamlanıb, hazırda fasad və interyer işləri görülür. İnşa olunan evlər iki, üç, dörd və beş otaqdan ibarətdir. Həmçinin burada məktəb binası, uşaq bağçası və digər iaşə obyektlərinin tikintisi davam etdirilir. Kəndin dayanıqlı su təchizatını təmin etmək məqsədilə burada əvvəllər mövcud olmuş kəhrizlərin bərpası üçün layihə də həyata keçirilib.