05 oktyabr 2024 14:16
175

ABŞ-ın sanksiya oyunu riyakarlıqdır - Kamran Bayramovdan AÇIQLAMA

Bu gün Azərbaycan mümkün olmayanı mümkün etdi: otuzillik işğala son qoyaraq möhtəşəm Zəfərə imza atdı! Ərazi bütövlüyünü, dövlət suverenliyini bərpa etdi! Hərbi əməliyyatların bitməsindən sonra Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın mütəmadi olaraq işğaldan azad edilmiş rayonlara səfər etməsi bir daha dövlət başçısının bu məsələlərə nə dərəcədə həssas yanaşdığının sübutudur. 

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

Qarabağda abadlıq, quruculuq işləri ölkə Prezidentinin nəzarəti altında həyata keçirilir

K.Bayramov qeyd edib ki, Qarabağın hər bir qarışındakı abadlıq, quruculuq işləri ölkə Prezidentinin nəzarəti altında həyata keçirilir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilən ərazilərə növbəti səfəri oktyabrın 3-4-də,  Cəbrayıl Şəhər Günü ərəfəsində baş tutub. Ölkə başçısı Cəbrayıl və Zəngilanda həyata keçirilən işlərlə yaxından tanış olub, bir sıra obyektlərin təməlqoyma və istifadəyə verilmə mərasimlərində iştirak edib. Belə ki, öz məhsuldarlığı ilə yadda qalan bu səfər çərçivəsində Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960  yerlik tam orta məktəbin binasının, “Azərişıq” ASC-nin Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin və Zəngilan rayonunda “AzərEnerji” ASC-nin “Sarıqışlaq” Su Elektrik Stansiyasının açılışı, Cəbrayıl şəhərində “Azərsun Holdinq” MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin, “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin, Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməlqoyma mərasimləri keçirilib. Ölkə başçısı həmçinin  Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin, Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksinin tikintisi və Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub.
Dövlətimizin başçısı 4 oktyabr tarixində Cəbrayıl şəhərində çıxışında bildirib ki, Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır: "Çünki İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi. O vaxta qədər artıq müharibə bir həftə idi ki, gedirdi və 20-yə yaxın kənd, o cümlədən, Cəbrayıl rayonunun kəndləri  azad edilmişdi,. Ancaq şəhər olaraq birinci şəhər Cəbrayıl olmuşdur və Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi. Ordumuz, Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, qəhrəmanlıq göstərmişdir və işğalçıları Cəbrayıl şəhərindən qovmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində əsl qəhrəmanlıq, fədakarlıq, rəşadət göstərmişdir. Biz şəhidlərimizlə əbədi fəxr edəcəyik. Əlbəttə, Cəbrayıl şəhərinin azad olunması həm müharibənin sonrakı gedişatına müsbət təsir göstərmişdir, eyni zamanda, Ordumuzun və ümumiyyətlə, xalqımızın mənəvi ruhunu yüksəltmişdir. Bizim hamımızda inam var idi ki, bu müharibə bizim Zəfərimizlə başa çatacaq və hər yaşayış məntəqəsinin azad edilməsi, o cümlədən, şəhərlərimizin azad edilməsi bu inamı daha da artırırdı."

Deputat diqqətə çatdırıb ki, hazırda Qarabağ erməni separatçılarından tamamilə təmizlənib. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa işləri həyata keçirilir. Buna paralel olaraq həmin ərazilər vaxtilə ermənilərin basdırdıqları minalardan təmizlənir. Mina problemi keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışına ən böyük təhdiddir. Əslində müharibədən, işğaldan əziyyət çəkən ölkə kimi Azərbaycana beynəlxalq birlik, xüsusilə Qərb dövlətləri və təsisatları  ciddi yardım göstərməlidir. Çünki Ermənistan beynəlxalq cinayət törədərək işğal dövründə ərazilərimizdə hər şeyi məhv edib. Həmin ərazilərin bərpası üçün milyardlarla dollar vəsait tələb olunur. Lakin humanizmdən danışan Qərb ölkələri, xüsusilə ABŞ ölkəmizə bu məsələdə də heç bir kömək etmir. Əksinə, ABŞ konqresmenləri könüllü surətdə Qarabağı tərk edən ermənilərə yardım üçün canfəşanlıq edir, işğaldan əziyyət çəkən Azərbaycanı isə sanksiyalarla hədələyirlər. Bunun adı isə riyakarlıq, ikiüzlülükdür. Məhz, bu səbəblərdən ölkəmiz ədalətsizliklə üz-üzə qalıb. Əslində, ölkəmizin heç kimin yardımına ehtiyacı yoxdur. Sadəcə, söhbət reallıqlara ədalətsiz yanaşmadan gedir. Dövlətimizin başçısı genişməzmunlu çıxışında bir sıra məqamlara toxunaraq qeyd edib ki, bu Qələbə onu göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür: "Xalqda birlik olanda, güclü iradə olanda, mənəvi ruh yüksək səviyyədə olanda, sən öz köklərinə bağlı olanda və milli dəyərlərə önəm verəndə hər şeyə qadir ola bilərsən. Bizim xalqımız bu tarixi nailiyyəti əldə etməklə, eyni zamanda, bir çox başqa yerlərdə əzab-əziyyət içində yaşayanlara da yol göstərdi ki, bunu etmək mümkündür. Ona görə bizim Qələbəmizin beynəlxalq əhəmiyyəti bundan sonra ancaq artacaq”. 

K.Bayramov əlavə edib ki, artıq, Azərbaycan özünün ərazi bütövlüyünü və bütün ərazilərində Konstitusiya quruluşunu tam bərpa edərək bölgədə separatizmin sonunu gətirib. Bununla da  Qərbin iradəsi ziddinə yeni reallıq formalaşdırıb. Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmayıb.