08 oktyabr 2024 01:28
71

Riyakarlığın sonu olacaqmı?

Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər qazanmaqla şanlı tarix yazdı. Bundan sonrakı mərhələdə isə 23 saat davam edən lokal antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam təmin edildi. Üstəlik, bölgədə yeni reallıqlar yarandı. Dövlətimiz 30 il ərzində ermənilərin viran qoyduqları əraziləri yenidən qurmağa başladı. Bütün bu uğurları həzm edə bilməyən Qərb dövlətləri, o cümlədən Fransa, Amerika və digərləri, həmçinin bəzi beynəlxalq qurumlar hamısı bir nəfər kimi ölkəmizə qarşı düşmənçilik siyasətini gücləndirdilər.

Son zamanlar isə Qərb dövlətlərinin, o cümlədən ABŞ-ın anti-Azərbaycan ritorikası daha da geniş vüsət alıb. Şübhəsiz, bu fəallaşmanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası  (COP-29) ərəfəsində baş verməsi təzyiqin daha effektiv olmasına hesablanıb. Çünki onlar yaxşı bilirlər ki, hazırda bu tədbirə görə dünyanın diqqəti Azərbaycandadır. Elə bu səbəbdən rəsmi Bakının təzyiq qarşısında geri çəkiləcəyinə ümid edirlər.

Hətta bir neçə gün öncə heç bir əsaslı sübut ortaya qoymayan Amerika Konqresinin 60 ermənipərəst konqresmeni  müstəqil siyasət yürüdən ölkəmizə növbəti sanksiyalar tətbiq etmək məqsədilə ABŞ-ın Dövlət katibi Antoni Blinkenə məktub yazıblar. Məlumat üçün bildirək ki, həmin müraciətdə Azərbaycana qarşı irqi ayrı-seçkiliyi ehtiva edən, böhtanla dolu, dialoq ruhuna zidd olan, müharibə cinayətkarlarının azadlığa buraxılmasına və Ermənistanın hərbiləşdirilməsinə çağırışlar əksini tapıb. Şübhəsiz, bütün bunlar beynəlxalq hüquqa ziddir və İraq, Əfqanıstan, eləcə də dünyanın digər bölgələrində müharibələr törədən, insan hüquqları konvensiyalarına qoşulmayan, Fransa ilə birlikdə  torpaqlarımızın işğal altında qalmasına çalışan, regionda yenidən münaqişə yaratmaq istəyən, Azərbaycanın öz ərazisində separatizmə son qoymaq üçün həyata keçirdiyi əməliyyatı “hərbi təcavüz” kimi dəyərləndirən, daim Ermənistanın suverenliyi və ərazi bütövlüyündən dəm vuran, ölkəmizi “etnik təmizləmə”də ittiham edən ABŞ-ın ikitərəfli münasibətlərin rəvan şəkildə davam etdirilməsində maraqlı olmadığını göstərir.

Bu məqamda Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayıl şəhərində sakinlərlə görüşdə dediyi bu sözlərini xatırlamamaq mümkün deyil: “O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni, özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün. Axı, biz nə etmişik? Biz öz doğma torpaqlarımızı azad etmişik”. Bu isə ermənipərəst qüvvələrin məhz Blinkenin “xeyir-dua”sı ilə belə bir addım atmalarını bir daha təsdiqləyir. Hətta əminliklə demək olar ki, son günlər rəhbərlik etdiyi qurumun rəsmilərinin Ermənistanı dəstəkləyən açıqlamalar vermələri də elə Blinkenin təlimatlarının, sifarişlərinin “məhsul”udur. Bir neçə gün əvvəl ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Dafna Randın Varşava İnsan Ölçüsü Konfransında səsləndirdiyi fikirlər bunun sübutudur.

Yeri gəlmişkən, sentyabrın 16-da ABŞ Dövlət katibi Antoni Blinken  Prezident İlham Əliyevə zəng edərək Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasının vacibliyini vurğulayaraq, ABŞ-ın bu məqsədə nail olunması üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirmişdi. Sual olunur: budurmu səyləriniz? O, həmçinin COP29-un uğurla keçirilməsi üçün ölkəsinin Azərbaycana dəstək göstərdiyini qeyd edərək ölkəmiz ilə ABŞ-ın COP komandalarının və heyətlərinin yaxından əməkdaşlıq etdiklərini vurğulamışdı. Budurmu dəstəyiniz, budurmu əməkdaşlığınız? Bütün bunlar ABŞ-ın son zamanlar Bakı-İrəvan münasibətlərinin nizamlanması fonundakı “fəallığının”, “əməkdaşlığının” saxta olduğunu bir daha sübut edir.

Fransa kimi Ermənistanı silahlandıran, təcavüzkar ölkənin nazı ilə oynayan, Cənubi Qafqazı Ermənistan vasitəsilə təsir altına salmaq istəyən, bir zamanlar bizi məğlubiyyətlə barışdırmaq üçün bütün çirkin əməllərdən istifadə edən Amerika, o cümlədən Blinken konqresmenlərinin əli ilə ermənipərəst mövqeyini bir daha ortaya qoyub. Elə beynəlxalq hüququ saymazyana şəkildə tapdalayan, dövlətlərin hüquqlarına hörmət etməyən ABŞ-dan Cənubi Qafqazla, həmçinin Azərbaycanla bağlı obyektiv rəy gözləyə bilmərik. Elə bu kimi səbəblərdən  Milli Məclisin 43 üzvü Xarici işlər naziri Ceyhun Bayramova müraciətində ABŞ-ın ölkəmizə qarşı tutduğu mövqə əsaslı faktlarla tənqid olunub. Müraciətin sonunda deyilir: “Bizim bu məktubumuz həm də Azərbaycan xalqının ABŞ-ın ikili standartlarına, yalançı dəyərlərinə olan hiddətini ifadə edir. Regionun ən güclü dövlətinə qarşı belə ədalətsiz, gülünc ittihamlar, hədələr həm də məktuba imza atan konqresmenlərin səbatsızlığını göstərir.”

Amma bu, bir həqiqətdir ki, öz milli maraqlarını qətiyyətlə təmin edən Azərbaycanı, onun liderini  heç kim mövqeyindən döndərməyib. Yəni, rəsmi Bakı heç vaxt hansısa təzyiqə, böhtana boyun əyməyib və heç bir iftira, heç bir hədə bundan sonra da onun iradəsinə zərrə qədər təsir edə bilməz. Odur ki, rəsmi Bakı bu kimi əngəllərə baxmayaraq, öz siyasətini uğurla davam etdirir və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına da çox uğurla ev sahibliyi edəcək. Bununla da ona qarşı hədyanlar yağdıranlara bir daha öz yerini göstərəcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”